Avropa İttifaqının xarici siyasət rəhbəri Cosep Borrel çərşənbə axşamı deyib ki, Aİ-nin Rusiyanın əksər neft idxalına embarqo qoyması Rusiyanın “müharibə maşınını işlətməsi üçün daha az resurs, daha az maliyyə resursu” alması deməkdir.
Borrel bildirib ki, Aİ Rusiyanın başqa müştərilərə satışının qarşısı ala bilməsə də, Avropa ölkələri onun “ən mühüm müştəriləridir” və o, daha aşağı qiymətləri qəbul etməyə məcbur olacaq.
Aİ liderləri bazar ertəsi gec saatlarda Rusiya neftinin tədarükündən daha çox asılı olan bəzi Aİ ölkələrinə iqtisadi təsirləri nəzərə alaraq, Rusiyaya təzyiqi artırmaq üçün kompromis razılaşmanın bir hissəsi olaraq Rusiya neftinin idxalının üçdə ikisini qadağan etmək barədə razılığa gəliblər.
Embarqo Rusiya neftinin dəniz yolu ilə nəqlini kəsir, boru kəmərləri ilə idxal olunan nefti isə istisna edir.
Dənizə çıxışı olmayan Macarıstan neft idxalına məhdudiyyətlərin qoyulmasına qarşı çıxmaqla hədələmişdi ki, bu da bütün Avropa İttifaqı üzvlərinin konsensusunu tələb edən səyləri puç edə bilərdi. Avropa Şurasının sədri Şarl Mişel çərşənbə günü Aİ səfirlərinin daha böyük sanksiyalar paketinin bir hissəsi olan embarqonu rəsmi olaraq təsdiqləmələrini gözlədiyini deyib.
Ukrayna liderləri uzun zamandır Rusiyanı müharibə səyləri üçün istifadə edə biləcəyi gəlirdən məhrum etmək üçün Rusiya neftinin idxalına qadağa qoyulmasına çağırır. Ukrayna Prezidenti Volodimir Zelenski bazar ertəsi erkən saatlarda Aİ ilə danışdığı zamanı bu çağırışını təkrarlayıb.
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen deyib ki, bu razılıq Almaniya kimi ölkələrin Rusiya neftinin idxalını mərhələ-mərhələ azaltmaq vədi ilə birlikdə “ilin sonunadək Rusiyadan Aİ-na neft idxalının 90 faizini azaldacaq.”
Sanksiya paketinə həmçinin fiziki şəxslərin aktivlərinin dondurulması və onlara qarşı səyahət qadağalarının tətbiq olunması ilə yanaşı, Rusiyanın ən böyük bankı olan Sberbakın SWIFT qlobal maliyyə köçürmə sistemindən uzaqlaşdırılması daxildir. Aİ həmçinin Rusiyanın üç dövlət yayımçısına Avropa ölkələrində yayım etməyi qadağan edir.
Avropa İttifaqı liderləri həmçinin Ukrayna iqtisadiyyatına dəstək və yenidənqurma səyləri üçün ölkəyə 9,7 milyard dollar yardım ayırmağa razılaşıblar.
Luhanskda döyüş
Ukraynanın şərqində Severodonetsk şəhərində şiddətli döyüşlər gedir, Kyiv qüvvələri Rusiyanın hücumunun qarşısını almağa çalışır.
Severodonetskin metri Oleksandr Stryuk çərşənbə axşamı deyib ki, Rusiya qüvvələri şəhərin yarısına nəzarət edir.
Stryuk Associated Press-ə deyib ki, bir zamanlar 100 min sakini olan şəhərdə təxminən 13 min mülki şəxs qalıb.
O, bazar ertəsi müharibə başlayandan bəri Rusiyanın hücumları və dərman və müalicələrin çatışmazlığı səbəbilə şəhərdə 1500-ə yaxın mülki vətəndaşın öldüyünü təxmin edib.
Ölkənin şərqində Luhansk vilayətində Ukraynanın nəzarət etdiyi ən son böyük yaşayış mərkəzi olan Severodonetsk Moskva Zelenskini devirmək və ya Kyivi ələ keçirməkdə qeyri-müffəq olduqdan sonra Donbas bölgəsinə nəzarət etmək cəhdləri çərçivəsində Rusiyanın hücumlarının hədəfinə çevrilib. Severodonetsk Rusiya sərhədindən 140 kilometr uzaqda yerləşir.
Vaşinqtonda ABŞ Prezidenti Co Bayden Ukraynaya Rusiyaya çata bilən raket sistemləri göndərməyəcəyini bildirib. Ukrayna ABŞ-dan böyük hərbi yardım alıb, amma daha güclü raket sistemləri istəyir.