Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 4-cü raundunun tətbiqinə hazırlaşır

  • By admin
  • 16 Mart 2022 09:03

Avropa İttifaqının xarici siyasət üzrə ali komissarı Cosep Borrell Ukraynaya işğal etdiyi üçün blokun Rusiyaya qarşı sanksiyalarının dördüncü mərhələsini tətbiq etməyə hazırlaşdığını təsdiqləyib .

Martın 14-də Şimali Makedoniyaya səfəri zamanı paytaxt Skopyedə çıxış edən Aİ-nin baş diplomatı Moskvanı Ukraynaya qarşı müharibədə mülki vətəndaşları hədəf almaqda ittiham edib və təkcə mühasirədə olan liman şəhəri Mariupolda “2400-dən çox mülki şəxsin” öldüyünü bildirib.

“Putinin müharibəsi təkcə Ukrayna ilə bağlı deyil, bu, Avropa qitəmizin təhlükəsizliyi və sabitliyi ilə bağlıdır. Bu, hamımıza təsir edir” deyən Borrell Rusiyanın polad, daş kömür və enerji sektorlarını, eləcə də bazarının beynəlxalq maliyyə institutlarına çıxışını və üzvlüyünü hədəf alan başqa bir sanksiyalar paketinin hazır olduğunu əlavə edib.
.
“Bu, Kremlin işğalı maliyyələşdirmək üçün resurslardan əldə etdiyi iqtisadi və logistik bazasına daha bir böyük zərbə olacaq” – deyə, Borrell bildirib. Lakin o, əlavə məlumat verməyib.

Ən şiddətli döyüşlərdən biri Ukraynanın şərqindəki böyük liman şəhəri Mariupolda gedib. Rusiya qüvvələri orada doğum evini atəşə tutub, yaşayış binalarını partladıb, şəhəri xarabalığa çevirib.

Aramsız hücumlar şəhərə ərzaq və su çatdırılmasının, mühasirədə olan on minlərlə mülki vətəndaşı təxliyə etmək cəhdlərinin qarşısını alıb.

Rusiya martın 14-də humanitar dəhlizlərin açılması üçün şərait yaratdığını və insanların kütləvi təxliyəsinə başlanıldığını bildirib.

Ukraynanın Baş nazir müavini İrina Vereşçukun bildirdiyinə görə, konvoy yardım çatdırmaq, qadın və uşaqları təxliyə etmək üçün şəhərə girməyə çalışsa da, ötən həftəki oxşar cəhdlərdə olduğu kimi günortadan sonra da yardım edə bilməyib.

Gununsesi.info