Avropa Komissiyasından tələb: TikTok-u silin

  • By admin
  • 23 Fevral 2023 19:35

Avropa Komissiyası işçilərdən tələb edib ki, onlar ofis smartfonlarında TikTok sosial şəbəkəsindən istifadəni dayandırsınlar.

Gununsesi.info xəbər verir ki, bu barədə “Euractiv” məlumat yayıb.

Bu qərar Avropada kibertəhlükəsizliyin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin gücləndirilməsi fonunda qəbul edilib.

“Komissiyanın məlumatlarını qorumaq və onun kibertəhlükəsizliyini artırmaq üçün Aİ Korporativ İdarəetmə Şurası TikTok tətbiqini korporativ cihazlarda, eləcə də Komissiyanın mobil cihaz xidmətlərində qeydiyyatdan keçmiş şəxsi cihazlarda qadağan etmək qərarına gəlib”,- deyə rəsmilər bildiriblər.

Bu, 15 mart 2023-cü il tarixinədək silinməlidir. Tələblərə əməl etməkdən imtina edənlər bir sıra korporativ xidmətlərə, o cümlədən poçt və Skype-ın biznes versiyasına çıxışı itirəcəklər.

“Biz bu qərardan məyus olduq, onun səhv olduğunu və fundamental yanlış təsəvvürlərə əsaslandığını düşünürük. Biz hər ay TikTok-a daxil olan Aİ üzrə 125 milyon insanın məlumatlarını necə qoruduğumuzu aydınlaşdırmaq və izah etmək üçün Komissiya ilə əlaqə saxladıq”, – TikTok sözçüsü bildirib.

TikTok servisinin Çinin “ByteDance” korporasiyasına məxsus olduğu məlumdur.

Gununsesi.info