İyunun 1-də Bakıda Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin bəyanatlarını diplomatik dildən normal dilə tərcümə etsək, ortada çox maraqlı mənzərə var.
Avropa İttifaqı (Aİ) bizdən real olaraq nə istəyir və qarşılığında nə təklif edir?
Aİ-nin 3 əsas istəyi var.
Sülhü sürətləndirmək
Vaşinqtonda Trampın şahidliyi ilə paraflanan sülh mətninin tam icrasını, Ermənistanla iqtisadi-nəqliyyat əlaqələrinin dərhal canlanmasını istəyirlər. Bakının İrəvana benzin/dizel verməsini və elektrik xətti təklifini xüsusi alqışlayırlar.
Daha çox qaz:
Avropanın bizim qaza ehtiyacı var. Ursula xanım açıq deyir: “Daxildə yaşıl enerjiyə keçin ki, əlinizdə qalan qazı bizə satın”.
Yeni Saziş:
İllərdir masada qalan Hərtərəfli Sazişin tezliklə imzalanmasını istəyirlər.
Bəs qarşılığında nə verirlər?
200 milyon avro qrant (və bunun sayəsində 2 milyard avroyadək investisiya cəlb etmək imkanı). Bu pul Naxçıvandan keçən dəmir yolu və Bakı Limanının genişləndirilməsinə xərclənəcək. 20 milyon avro sülhün inkişafı və minatəmizləmə üçün maliyyə paketi. Onun mətbuta bəyanatında daha 2 mühüm detal var.
Ursula xanım “Zəngəzur dəhlizi” ifadəsini işlətmir, amma diplomatik şəkildə “Naxçıvandan keçən dəmir yolu bağlantısı” deyərək bura pul ayırdıqlarını elan edir. Yəni, Qərb bu xətti dəstəkləyir.
Rəsmi Bakı isə sülh prosesində ABŞ-ın və xüsusilə Tramp administrasiyasının şahidliyini xüsusi vurğulamaqla Avropaya öz mesajını verir.
Beləliklə, Avropa deyir ki, regionda yolları açın, inteqrasiyanı başladın, bizim də enerji təhlükəsizliyimizi təmin edin – biz də sizi regional “hab” edək və milyardlarla investisiya yönəldək.
Elçin Rüstəmli










