Avropa İnsan Haqları Məhkəməsi (AİHM) sentyabr ayının 21-də Azərbaycandan göndərilmiş 44 ərizə üzrə 7 qərar və qərardadını elan edib.
Gununsesi.info bildirir ki, qərar arasında ölkədən çıxışına yasaq qoyulan bir qrup jurnalistin işi də var.
Bildirilir ki, jurnalistlər Aynur Qənbərova, Natiq Cavadlı və Aytac Əhmədova Azərbaycana qarşı şikayətlərində
ölkədən çıxışlarına qadağa qoyulması və onların hava limanında sərhədçilər tərəfindən saxlanılmasından bəhs edib.
Mərkəzi ofisi Azərbaycandan kənarda olan Meydan TV-nin əməkdaşı olan ərizəçilər xaricə səyahət edərkən hava limanında saxlanılıblar. Ölkədən çıxışlarına qadağa qoyulması əsası ilə saxlanılan ərizəçilərə izah edilib ki, bu qadağa onların əməkdaşlıq etdiyi Meydan TV-yə prokurorluqda cinayət işinin açılması ilə bağlıdır.
Ərizəçilər ölkədən çıxışına qadağa tətbiq edilməsinin qanunsuzluğunu məhkəmələr qarşısında mübahisələndirsə də məhkəmələr onların şikayətini mahiyyəti üzrə araşdırmaqdan imtina edib.
Ərizəçilər AİHM qarşısında iddia ediblər ki, ədalətli məhkəmə araşdırması, hərəkət azadlığı, ifadə azadlığı və effektiv hüquqi müdafiə imkanlarına sahib olmaq hüquqlarına müdaxilə baş verib.
Ərizəçilər həmçinin, onlara tətbiq edilmiş məhdudiyyətlərin Konvensiyada nəzərdə tutulanlardan fərqli məqsədlərə (18-ci maddə) xidmət etdiyini iddia edirdilər. Bu işdə ərizəçilərdən A. Qənbərova həm də axtrışa məruz qalmışdı, o, həm də axtarışa məruz qalmasının qanunsuz olduğunu (8-ci maddə) iddia edirdi.
Avropa Məhkəməsi bu işdə ərizəçilərin hamısına münasibətdə hərəkət azadlığı və effektiv müdafiə vasitələrinə malik olmaq hüququnun pozuntusuna qərar verib, digər iddiaları incələməyə ehtiyac görməyib. Qərara görə, hökumət ərizəçilərin hər birinə mənəvi zərər əvəzi 5000, xərc və məsrəflərə görəsə 500 avro ödəməlidir.
Elmar
Gununsesi.info