
Son zamanlar Azərbaycanda Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qərarlardan narazılıqlar səslənməkdədir.
Bu, xüsusilə özünü təyin edilən kompensasiyaların məbləği məsələsində özünü göstərir.ropa Məhkəməsinə qarşı narazılıqları artırır.
Bəs görəsən, nə baş verir?
Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət hazırlayan tanınmış hüquqşünas Yalçın İmanov Gununsesi.info-ya bu haqda danışıb.
“Bəli, bunu hər kəs müşahidə edir. Son iki ildə bu proses intensivləşib. Həm aşkar pozuntu şikayətləri ilə bağlı bəzən tam, bəzən isə qismən qəbuledilməzlik qərarları, həm qeyri-mübahisəli həll mərhələsində tərəflərə təqdim edilən dostcasına həll təkliflərinin şərtləri, həm qəbul edilən qərarların məzmunu və s. bundan xəbər verir. Yeri gəlmişkən, son vaxtlar Azərbaycandan göndərilən informasiya sorğuları ilə bağlı şikayətlərin qeydiyyata alındıqdan uzun illər sonra kütləvi şəkildə qəbuledilməz elan olunmasını heç cür anlamaq və dərk eləmək olmur”.
Hüquqşünasın sözlərinə görə, bundan başqa, Məhkəmənin mübahisənin sülh yolu ilə həll mərhələsində çox böyük üstünlük verdiyi dostcasına həllin yaratdığı çoxsaylı problemlər var: “Əvvəla, dostcasına həll vasitəsi ilə nizamlamada ərizəçilərin hüquqlarının pozuntusunun tanınması və yaxud da səmərəli araşdırılması öhdəliyi yer almır ki, bu da təcrübədən də göründüyü kimi hökumətin Konvensiyada yer alan təməl hüquqların pozuntularına görə məsuliyyətdən yayınmasına imkan yaradır. Azərbaycan hökuməti bir çox təməl hüquqların pozuntusunın tanınması barədə Məhkəmənin qəbul etdiyi qərarların icrasına, bu sahədə mövcud olan pis inzibati və məhkəmə praktikasının dəyişdirilməsinə, aradan qaldırılmasına heç bir maraq göstərmir. Digər tərəfdən, dostcasına həll təkliflərinin şərtləri ərizəçilərə münasibətdə hec cür ədalətli təsir bağışlamır. Tez-tez və kütləvi surətdə təkrarlanan oxşar işlər üzrə qəbul olunmuş xeyli sayda qərarların hökumət tərəfindən icra olunmaması, Məhkəməni bu işlər üzrə mənəvi zərərə görə kompensasiya məbləğlərini kəskin azaltmağa sövq edib. Nümunə üçün inzibati həbslərlə bağlı son deklarasiyalarla ərizəçilərə mənəvi zərərə görə cəmi 1000 avro, hüquqi yardıma görə isə 250 avro təklif olunur. Ərizəçilər həmin təklifi qəbul etməsə də, hökumətin birtərəfli bəyanatları əsasında Məhkəmə işlərin siyahıdan çıxarılmasına dair qərarlar qəbul edir və s. Yəni, bir sıra hallarda mübahisəsiz həll prosesi dostcasına həll imkanlarını araşdırmaqdan daha çox, işin nəticəsini bəribaşdan müəyyənləşdirmə xarakteri alır və formal xarakter adşıyır. Bundan başqa, hökumətin birtərəfli bəyanatlardan həddən artıq sui-istifadəsinə imkan verilir, ya da göz yumulur”.
Kompensasiyaların azlığına gəlincə Yalçın İmanov deyir ki, həmin məbləğləri ədalətli hesab etmək olmaz:
“Statistik məlumat üçün deyim ki, 2022-ci ildə Azərbaycanla bağlı Məhkəmə 320 ərizəyə baxıb, onlardan bir xeylisi – 269-u qəbuledilməz elan edilib, yaxud da siyahıdan çıxarılıb. Düzdür, kimlərsə bizimlə qonşu olan və yaxud da keçmiş sovet məkanını paylaşan ölkələrlə bağlı da oxşar qərarların sayının az olmadığını deyə bilər. Ancaq bizdəki hüquq pozuntularının miqyası, heç bir qonşu və ya keçmiş sovet ölkələri ilə müqayisə ediləcək səviyyədə deyil. Bu mənada ərizəçilərin və onların vəkillərinin narazılığı və ya məyusluğu anlaşılandır”.
Afət Abbasova
Gununsesi.info