Avropa Məhkəməsi gədəbəyli dindarlara görə Azərbaycanı cərimələdi

  • By admin
  • 10 İyun 2021 14:08

Avropa  İnsan Hüquqları Məhkəməsi növbəti dəfə Azərbaycanı cərimələyib.

Bu barədə Gununsesi.info-ya vəkil Əsabəli Mustafayev bildirib.

Onun sözlərinə görə, ərizəçilər Gədəbəydən olan inançlı şəxslərdir:

“Onların bir yerdə toplaşıb namaz qılmasından məlumat alan polislər onların olduqları evə qanunsuz daxil olaraq tutub polis bölməsinə aparmışdılar. Bir neçə saat polis bölməsində saxlandıqdan sonra onları məhkəməyə aparmışdılar. Ərizəçilərin birgə namaz qılması məhkəmə tərəfindən qanunsuz dini yığıncaq kimi qiymətləndirilmiş və onlar cərimə olunmuşlar.Biz Avropa Məhkəməsindən Konvensiyanın 5-ci (tutulmanın qanunsuzluğu), 9-cu (vicdan azadlığının pozuntusu) və digər maddələrinin pozuntusunun tanınmasını xahiş etmişdik. Təəssüf ki, Avropa Məhkəməsi yalnız 5-ci maddənin pozuntusunu tanıdı və ərizəçilərin hər birinə mənəvi zərərin əvəzi olaraq 3000 avro kompensasiya təyin etdi.Son iki ildə Avropa Məhkəməsi ancaq mənim nümayəndə olduğum 40-a yaxın oxşar işlər üzrə qərar qəbul edib. Bu işlər çoğrafiyası ölkənin bir neçə bölgəsini əhatə edir. İşlərin sayının çoxluğu və ərazinin müxtəlifliyi bu pozuntuların sistem xarakterli olmasının göstəricisidir. Hesab edirəm ki, bu pozuntuların mənbəyi “Dini etiqad haqqında” Qanundakı boşluqlar ilə bağlıdır.Beləki, həmin qanuna görə ailə üzvləri olmayan bir neçə nəfərin evdə birgə namaz qılması qanunsuz dini yığıncaq sayıla bilər. Belə yanaşma çox absurddur. Məsələn, dostlar bir evdə qonaqlığa yığışırlar, vaxtı çatanda birgə namaz qılırlar. Sual olunur : yoxsa bu şəxslər dağılışıb evlərinə və ya məscidə getməlidirlər namaz qılmağa və sonra geri qayıdıb qonağlığı davam etməlidirlər?Bu yaxınlarda Milli Məclisdə həmin qanuna dəyişikliklər olundu. Gözlənti vardı ki, iştirakçıların sayına müəyyən məhdudiyyət qoymaqla (məsələn, 10-15 nəfər) ev şəraitində dini ayinlərin həmin sayda icra olunması dini yığınacaq hesab edilməyəcək. Lakin təəssüf bu dəyişiklik olunmadı. Amma onu da qeyd etməliyəm ki, Avropa Məhkəməsinin bu qərarları elan olunmağa başlandıqdan sonra belə əsaslarla yeni həbslər barədə məlumatım yoxdur. Ola bilsin ki, belə toplantılara təcrübədə münasibət dəyişilib.Əgər belədirsə, bu da bir uğurdur”.

Gununsesi.info