Avropa Məhkəməsi məşhur jurnalistin şikayəti ilə bağlı qərar verdi

  • By admin
  • 08 İyul 2021 21:09

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iyulun 8-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə bir neçə qərarını elan edib.

Bu barədə Gununsesi.info-ya Media Hüquqları İnstitutundan  Xalid Ağaliyev bildirib.

Onun sözlərinə görə, məhkəmə şikayətlərdə iddia edilən pozuntuların əksəriyyətini tanıyıb.

AİHM jurnalistlər Elnur Məmmədov və İdrak Abbasov Azərbaycana qarşı işlə bağlı bu qərarında ərizəçilərin iddia etdikləri pozuntuların əksəriyyətinin – azadlıq və toxunulmazlıq, ifadə azadlığı hüquqlarının pozulduğuna dair qərar verib.

Belə ki, Elnur Məmmədova münasibətdə Konvensiyanın 5 və 10-cu, İdrak Abbasova münasibətdə 10-cu maddələrinin pozulması tanınıb.

Qərara əsasən, hökumət Elnur Məmmədova 6 min, İdrak Abbasova isə 4500 avro mənəvi zərər əvəzi təzminat ödəməlidir.

Xərc və məsrəflərə görə, ərizəçilərin hər birinə 1000 avro ödənilməlidir.

Bu məhkəmə işi 2009-cu ildə baş vermiş hadisələrlə bağlı idi. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşları olan ərizəçilər “Milli Yol” qəzetinin ofisində həyata keçirilən polis əməliyyatından məlumat toplamağa yollanmışdılar. Ərizəçilər çəkiliş apararkən mülki geyimli şəxslər onlara müdaxilə etmişdi – jurnalistlər söyülmüş, qolları burulmuş, çəkiliş aparmaları əngəllənmiş, foto və video alətləri əllərindən alınmışdı. Ərizəçilərdən Məmmədov zorla avtomobilə mindirilmiş və 1 saatlıq “gəzintidən” sonra tanımadığı bir ərazidə sərbəst buraxılmışdı. Ərizəçilər AİHM qarşısında azadlıq və toxunulmazlıq, ifadə azadlığı və səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq hüquqlarının pozuntusunu mübahisələndirmişdilər.

Əli Həsənov Azərbaycana qarşı işində də Avropa məhkəməsi bu qərarında Konvensiyanın 10-cu maddəsinin (ifadə azadlığı hüququ) pozulduğuna qərar verib.

Hökumət ərizəçiyə ümumilikdə 1700 avro təzminat ödəməlidir.

Bu iş də ifadə azadlığı hüququnun mübahisələndirilməsi ilə əlaqəlidir. Ərizəçi jurnalist, qəzet redaktoru idi. Müharibə iştirakçısı olan veteran haqda məqaləsinə görə məhkum edilmiş ərizəçi mübahisəli məqalələrin müəllifi olmadığını iddia etsə də, yerli məhkəmələr məqalələrin müəllifinin ərizəçi olması, başqa adlarla yazması, məqalələrin aşağılayıcı olmasını müəyyən etmişdi. Ərizəçi təhqirə görə 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Bu işdə AİHM qarşısında ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu mübahisələndirilmişdi.

Taryel

Gununsesi.info