Avropa Məhkəməsi məşhur təşkilata görə hökuməti cərimələyib

  • By admin
  • 12 Yanvar 2023 14:45

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) yanvarın 12-də Azərbaycandan Anar Məmmədlinin sədri olduğu Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin qeydiyyatından imtina ilə bağlı göndərdiyi şikayət üzrə qərarını elan edib.

Gununsesi.info “aihm.az”a istinadən bildirir ki, “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi Azərbaycana qarşı” adlı işdə ərizəçilər qeyri-hökumət təşkilatı və onun təsisçiləri Anar Məmmədli, Bəşir Süleymanlı və Suliddin Əsgərovdur.

Ərizəçilər 2009-cu ildə SMDT-nin dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət ediblər. Ancaq nazirlik qeydiyyat haqda qərar qəbul etmədən, çatışmazlıq olması əsası ilə sənədləri geri qaytarıb. Ardınca, ərizəçilər nazirliyin hərəkətinin qanunsuzluğundan məhkəməyə şikayət ediblər.

İddia ediblər ki, onların birləşmək hüquqlarına müdaxilə baş verib. Ərizəçilər paralel olaraq, nazirliyin iddia etdiyi çatışmazlıqları aradan qaldırıb, yenidən qeydiyyat üçün müraciət edib. Məhkəmə ərizəçilərin şikayətini rədd edib, apelyasiya instansiyası həmin qərarı qüvvədə saxlayıb. Ali Məhkəmə ərizəçilərin kassasiya şikayətinə baxış zamanı aşağı məhkəmələrin qərarlarını ləğv edib, işi yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarsa da həmin instansiya qərarını dəyişməyib. Ali Məhkəmə növbəti dəfə apelyasiya instansiyasının qərarını qüvvədə saxlayıb.

Ərizəçilər AİHM qarşısında birləşmək azadlığı hüquqlarına müdaxilə baş verdiyini iddia edirdilər.

AİHM bu işdə ərəziəçilərin birləşmək (11-ci maddə) hüququna müdaxilənin baş verdiyinə, habelə, ərizəçilərin fərdi şikayət etmək hüququna (34-cü maddə) hörmət göstərilmədiyinə qərar verib. Qərara əsasən, hökumət ərizəçilərə mənəvi zərər əvəzi 4500 avro, tərcümə məsrəflərinə görə 200 avro, ərizəçilərin hüquqi təmsilçisi İntiqam Əliyevə 500 avro ödəməlidir.

Mətləb Yaqublu
Gununsesi.info