Avropa Məhkəməsi məşhur vəkilə görə hökuməti cərimələdi - NƏSİMİ MƏHKƏMƏSİ QANUNSUZ QƏRAR VERMİŞDİ

  • By admin
  • 15 Oktyabr 2021 21:10

“Avropa Məhkəməsi  Demokratiya və İnsan Haqları Resurs Mərkəzi və Əsabəli Mustafayev Azərbaycana qarşı” işi üzrə qərarını elan edib.

Məhkəmədən Gununsesi.info-nun elektron poçtuna daxil olan  xəbərə görə, ərizəçilər 22 aprel 2014-cü ildə QHT-lərin fəaliyyəti ilə bağlı Baş Prokuror tərəfindən açılan cinayət işi çərçivəsində bank hesablarına qoyulan həbsin qanunsuzluğundan və 2-ci Ərizəçinin ölkədən çıxışına qoyulan məhdudiyyətin qanunsuzluğundan şikayət ediblər.
Avropa Məhkəməsi  göstərib ki, ərizəçilərin bank hesablarına həbsin qoyulması qanunsuz olub.

Çünki, yerli qanunvericiliyə görə yalnız şübhəli və ya təqsirləndirilən şəxsin bank hesabına həbs qoyula bilər.

Məhkəmə hətta göstərib ki, həbsi qoyan Nəsimi rayon məhkəməsi qərarında heç bir hüquqi normaya istinad etməyib.

Buna görə də məhkəmə Konvensiyaya 1 saylı protokolun 1-ci maddəsinin pozuntusunu tanıdı və bank hesablarına qoyulan həbsin qanuni olmaması nəticəsinə gəldi.
Bundan əlavə, Məhkəmə Konvensiyanın 13-cü maddəsinin (səmərəli müdafiə vasitələrinin olmaması) pozuntusunu tanıdı.
2-ci ərizəçinin ölkədən çıxışına qoyulan qadağa ilə bağlı 4 saylı Protokolun 2-ci maddəsinin pozuntusu tanındı.
Məhkəmə, həmçinin ilk dəfə mülkiyyət hüququ ilə birlikdə Konvensiyanın 18-ci maddəsinin (Konvensiyada nəzərdə tutulan məqsədlərdən kənar) pozuntusunu tanıdı.

Belə ki, 2-ci ərizəçinin bank hesabına həbs qoyularkən Avropa Məhkəməsində təmsilçiliklə bağlı Avropa Şurasından daxil olmuş 850 avronun üzərinə həbs qoyulub və yerli qurumlar bunu onunla əsaslandırıb ki, bu, cinayət obyektidir. Məhkəmənin fikrincə, bu əslində 2-ci ərizəçinin hüquq peşə fəaliyyətinin qarşısının alınmasına yönəlib.
Hər iki ərizəçinin konkret pul məbləğinə deyil, bütövlükdə bank hesablarına həbs qoyulması onların fəaliyyətinin iflic olmasına gətirib çıxarıb və yerli qurumlar 2-ci Ərizəçinin ölkədən çıxışına qoyulan məhdudiyyəti də əsaslandırmayıb.
Məhkəmə həmçinin göstərib ki, ərizəçilərin vəziyyətinə həmin dövrdə hökümətin həyata keçirdiyi tədbirlər konteksində baxılmalıdır, belə ki, həmin zaman hökümət tənqidçiləri, vətəndaş cəmiyyətinin üzvləri həbs edilib. Bu baxımdan məhkəmə hesab edib ki, Konvensiyanın 18-ci maddəsi də pozulub.
Məhkəmə 1-ci ərizəçiyə maddi və mənəvi zərərə görə 8000 avro, 2-ci ərizəçiyə 15000 avro, məhkəmə məsrəflərinə görə 1900 avro kompensasiyanın ödənilməsini müəyyən etdi.

 

Gununsesi.info