Avropa Məhkəməsi “Nardaran işi” ilə bağlı şikayətləri araşdırır

  • By admin
  • 01 Noyabr 2022 15:45

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2022-ci ilin oktyabr ayında Azərbaycandan göndərilmiş 43 ərizəni araşdırmağa başlayıb.

Gununsesi.info-nun aihmaz org-a istinadən verdiyi xəbərə görə, şikayətləri arasında  2015-ci ilin noyabr ayında Nardaran qəsəbəsində baş vermis hadisələrdə saxlanılan, həbs edilən, məsuliyyətə cəlb edilənlər, o cümlədən hazırda  cəza çəkən Taleh Bağırzadə də var.

Məhkəmə hazırda 40 belə ərizəçinin işini araşdırır. Ərizəçilərn hamısı “Müsəlman Birliyi” dini hərəkatının üzvləri, tərəfdarlarıdılar, və ya rəsmi qurumlar tərəfindən belə qəbul edilirlər.

26 noyabr 2015-ci il tarixdə baş vermis Nardaran hadisələrinin gedişində Daxili İşlər Nazirliyinin əməkdaşları Müsəlman Birliyi hərəkatının üzvləri və tərəfdarlarının, o cümlədən, hərəkatın rəhbəri Taleh Bağırovun həbs edildiyi əməliyyat keçiriblər. Əməliyyatdan sonrakı günlərdə də həbslər, saxlanılmalar davam edib. Həbs edilənlər daha sonra terrora hazırlıq, terror törətməyə açıq çağırışlar, kütləvi iğtişaşlar törətməyə çağırışlar, qanunsuz olaraq silah, partlayıcı maddələr əldə etmək, saxlamaq və gəzdirmək, hakimiyyəti zorakılıqla ələ keçirmək, silahlı birləşmələr və ya qruplar yaratmaq və başqa cinayətlərdə təqsirli sayılaraq, müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.

AİHM ərizələri birləşdirib, onları hökumətlə 4 iş çərçivəsində kommunikasiya edir.

Ağayev və başqaları Azərbaycana qarşı işində 9 ərizəçinin (Elman Ağayev, Ruzi İsmayılov, Ramil Seyfullayev, Cabir Əliyev, Mehman Məmmədov, Mehman Quliyev, Əli Hüseynov, Faiq Allahverdiyev, Mübariz İbrahimov), Qasımov və başqaları Azərbaycana qarşı işində 10 ərizəçinin (Elçin Qasımov, Agaəli Yəhyayev, Nahid Qəhrəmanov, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Vüsal Alış, Isa İbrahimov, Əli Şahbazov, Əmirəli Əliyev) şikayətləri araşdırılır. Taleh Bağırov və başqlarının işində ümumilikdə 19 ərizəçinin (Taleh Bağırov, Şamil Abdullayev, Bəhruz Əsgərov, Cahad Babakişizadə, Fərhad Balayev, Əlibala Vəliyev, Abbas Quliyev, Abbas Hüseynov, Məmmədbagir Hüseynov, Aqil İsmayılov, Etibar İsmayılov, Cabbar Cabbarov, Rasim Cəbrayılov, Ibrahim Xudaverdiyev, Ramin Yarıyev, Zakir Mustafayev, Əli Nuriyev, Abbas Tağızadə, Fuad Qəhrəmanlı və Müsəlman Birliyi Hərəkatı) şikayətləri kommunikasiya edilməyə başlayıb. Elxan İsgəndərov və Əbülfəz Bünyatovun şikayətləri birlikdə araşdırılır.

Ərizəçilər onlara münasibətdə Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 8-ci (şəxsi həyata hörmət), 9-cu (din azadlığı), 10-cu (ifadə azadlığı), 11-ci (birləşmək hüququ) və 18-ci (Hüquqlarla bağlı məhdudlaşdırmalardan istifadənin hədləri) maddəsinin pozuntusunun baş verdiyini iddia edirlər. Ərizəçiləri AİHM qarşısında 13 yerli və əcnəbi hüquqçu və vəkillər təmsil edir.

 

Mətləb 

Gununsesi.info