“Avropa Məhkəməsinin qərarlarına etibar etmirəm” -Deputat

  • By admin
  • 24 Fevral 2023 13:39

“Biz bütün beynəlxalq müqavilələrə qoşuluruq. Azərbaycan demokratik, açıq dövlətdir. Ölkəmiz bu cür beynəlxalq müqavilələrə qoşulmaqla özünün insan hüquqlarına olan münasibətini ortaya qoyur”. 

Gununsesi.info xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında millət vəkili Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar tərəfli və yaxud maraq çərçivəsində olur: “Azərbaycan müstəqillik əldə etdikdən bu günədək Avropa Məhkəmələrinə olunan müraciətlərdə bir dənə də olsun, dövlətin xeyrinə qərar qəbul olunmayıb. Seçki prosesi dövründə də bunu görmüşük. Hər hansı bir dairədə 15 səs almayan insan müraciət edir və Avropa Məhkəməsi bunun haqqında qərar verir. Məsələlərə bu cür yanaşılması insan hüquqlarına yaraşmayan hərəkətlərdir.

Bir müxalifət partiyasının nümayəndəsi ərizə yazan kimi ona reaksiya verirlər. Qərarlara ciddi şəkildə yanaşmalıyıq. Ölkəmiz qərarları yerinə yetirir. Birinə 15, digərinə 20 min avro dövlətin vəsaitindən pul da ödəyirlər. Amma Avropa Məhkəməsinin qərarlarının tam ədalətə söykəndiyinə etibar etmirəm”.

Gununsesi.info