Avropa Məhkəməsinin təzminatlarının ödənişi dayandırılıb - AZƏRBAYCAN AVROPA ŞURASI İLƏ YOLLARINI AYIRIR?

  • By admin
  • 02 Aprel 2024 10:06

 Azərbaycan hökuməti Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarından irəli gələn təzminatların ödənişini dayandırıb.

Bu barədə Gununsesi.info-nun əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, bu qərar Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin mandatının bir illik dondurulmasından sonra verilib.

“Artıq xeyli vaxtdır  ki, Avropa İnsan Hüquqları Məhkəməsinin tərəfindən təyin olunan təzmnatların ərizəçilərə köçürülməsi dayandırılıb” deyə bildirilir.

Saytımızın əldə etdiyi xəbərə görə, quruma üzv olan bəzi dövlətlərin, xüsusilə Moldovanın Azərbaycanla AŞ PA arasındakı münasibətləri qaydaya salmaq təşəbbüsləri də uğursuz olub.

Belə ki, AŞ PA rəhbərliyi Azərbaycanın quruma qayıtması üçün həbsdəki siyasi fəalları buraxılmasına dair   və insan haqları sahəsindəki problemlərin həlli barədə təminat istəsə də rəsmi Bakı bununla razılaşmayıb.

Bununla belə Azərbaycanın Avropa Şurasına üzvlük haqqını ödəməyəcəyi barədə xəbərdarlığı da təşkilata çatdırılıb.

Göründüyü kimi Azərbaycan nümayəndə heyətinin AŞ PA -nın aprelin 22-də keçirləcək sessiyasına qatılması mümkün olmayacaq.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycanla bu qurum arasındakı münasibətlərin qaydaya salınmasının mümkünlüyü barədə danışıb: “Biz AŞ PA-nı tərk edərkən öz bəyanatımızı səsləndirmişik. Bizim tələbimiz aydındır. Hesab edirik ki, AŞ PA öz səhvlərini etiraf etməli və Azərbaycana qarşı münasibəti kökündən dəyişməlidir”. 

Təzminatların dayandırılması məsələsinə gəlincə, Səməd Seyidov bu məsələnin dövlətin digər strukturlarının səlahiyyətinə aid olduğunu deyib: “Onlardan soruşsanız, daha detallı bilgi ala bilərsiniz”. 

 

Elmar Elnuroğlu

Gununsesi.info