Avropa Parlamenti təhlükəsizliyi hədələyən, insan haqlarını pozan ölkələrə qarşı vizasız rejimin müvəqqəti və ya daimi dayandırılmasını asanlaşdıran mexanizmi təsdiqləyib.
Qurumdan Gununsesi.info-ya göndərilən məlumatda bildirilir ki, yeni qaydalara əsasən, Avropa Komissiyası konkret ölkə ilə bağlı təhlükəsizlik səbəblərinə dayanaraq vizasız rejimi dayandıra biləcək.
Məhdudiyyətlər öncə müvəqqəti – araşdırma və dialoq dövründə tətbiq edilə bilər. Durum düzəlməsə, vizasız rejim həmişəlik ləğv edilə bilər.
Qərarın əsas səbəblərinə gəlincə, müəyyən ölkə vətəndaşlarının törətdiyi cinayətlərin artması, Şengen zonasına girişə daha çox imtina verilməsi, sığınacaq müraciətlərinin artması və ya qalma müddətinin aşılması halları göstərilir.
518 deputat dəyişiyin lehinə, 96-sı əleyhinə səs verib, 24 nəfər bitərəf qalıb.
AzadlıqRadiosunun Avropa redaktoru Rikard Yozvyakın fikrincə, yeni qaydalar Gürcüstan üçün çox vacibdir. Belə ki, ötən il Tbilisi həm anti-LGBT qanunlarını, “xarici agentlər haqqında” qanunu qəbul edib. Kreml də belə tədbirlərdən söz azadlığı və vətəndaş cəmiyyətini boğmaq üçün istifadə edir.
Yozvyakla söhbətdə Avropa diplomatları da bu versiyanı təsdiqləyiblər.
Aİ-yə üzv ölkələrin noyabrın 17-də Avropa Parlamentinin bu qərarını dəstəkləyəcəyi və yeni qaydaların dekabrda qüvvəyə minəcəyi gözlənilir.
Qaydalar Aİ ilə vizasız rejimi olan 61 ölkəyə, o cümlədən Aİ-yə üzv olmaq istəyən qərbi Balkan ölkələri, Moldova və Ukraynaya da aid ediləcək.
Gununsesi.info












