Avropa Parlamenti Azərbaycanı yenə “vurdu” - ENERJİ ƏMƏKDAŞLIĞI İNSAN HAQLARININ POZULMASINA GƏTİRMƏMƏLİDİR

  • By admin
  • 16 Mart 2023 09:58

Avropa Parlamenti martın 15-də keçirilən plenar iclasında “Avropa İttifaqı-Azərbaycan münasibətləri” adlı hesabatı səs çoxluğu ilə qəbul edib.

Gununsesi.info-nun elektron poçtuna daxil olan sənəddə bildirilir ki, Xorvatiyalı millət vəkili Jelyan Zobkonun hazırladığı hesabata dair müzakirələrdə  Avropa deputatlarının çoxu Azərbaycan hökumətini beynəlxalq öhdəliklərini yerinə yetirmədiyinə, təməl azadlıqlar və insan haqlarını pozduğuna görə tənqid ediblər.

Sənəddə deyilir ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü Avropa İttifaqının Azərbaycanla enerji sektorunda əməkdaşlığını gücləndirib, lakin Aİ buna görə Azərbaycanda insan haqlarının və demokratiyanın pozulmasına göz yummamalıdır.

Hesabat Azərbaycanı ifadə və media azadlığına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına, təməl insan hüquqlarının təmin edilməsinə, habelə siyasi məhbusların azad olunmasına çağırır.

Sənəddə Avropa İttifaqına Azərbaycanda insan hüquqlarını kobud şəkildə pozan rəsmilərə, xüsusilə də bu hərəkətlərə yol verən hüquq-mühafizə nümayəndələrinə hədəfli sanksiyaların qoyulmasına çağırış edilir.

Hesabatda deyilir ki, Azərbaycan senzuraya yol verməməli, hakimiyyət internet azadlığını ehtiva edən qanunlarını Avropa standartlarına uyğunlaşdırmalıdır.

Hesabatda Azərbaycan hökumətinə vətəndaş cəmiyyəti ilə sıx dialoq qurulması, demokratiya və insan haqlarını təmin edən islahatların keçirilməsi çağırışı edilir.

Sənəddə Azərbaycan jurnalistlərinin, siyasi fəalların, insan haqları müdafiəçilərinin ölkə daxilində və xaricində təqib olunması, cinayət məcəlləsindən fərqli düşüncəyə görə qisas vasitəsi kimi istifadə olunması pislənir.

Hesabat Azərbaycan hökumətini insanların sərbəst toplaşma hüququnun təmin edilməsinə çağırır.

Sənəddə təəssüflə qeyd olunur ki, Azərbaycan Milli Azlıqların Qorunmasına dair Avropa Şurasının Konvensiyasını icra etmir.

Hesabatda habelə Azərbaycanın siyasi partiyalar və media haqqında yeni qanunları pislənir.

Sözü gedən hesabatda Azərbaycan və Ermənistan arasında gərginliyə, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin olunması məsələsinə də toxunulub.

Hesabatda Azərbaycanın və Ermənistanın aralarındakı münasibətlərin yaxşılaşdırılması istiqamətində atdıqları addımlar təqdir olunur, hər iki tərəfə regionda sülhün bərqərar olunması üçün imkanı əldən verməmək çağırışı edilir.

Sənəddə Azərbaycan ərazilərinin işğal altında olması, on minlərlə insanın  qaçqın-köçkün şəraitində yaşaması vurğulansa da 44 Günlük müharibədən sonra Ermənistanın suveren ərazisinə hücum etdiyimiz vurğulanır.

 

Hesabatda habelə Azərbaycanın 2022-ci ilin sentyabrında “Ermənistanın suveren ərazisinə qarşı tammiqyaslı təcavüzü” pislənir, üçtərəfli bəyanatların, habelə Aİ-nin vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların həyata keçirilməsinə çağırış edilir.

Sənəddə Azərbaycan hökumətinə Laçın dəhlizinin açılması, Qarabağ ermənilərinin həmin dəhliz boyunca hər iki tərəfə sərbəst hərəkətinin təmin olunması çağırışı edilir.

Rəsmi Bakı Xankəndi-Laçın yolunun blokadaya salınması fikirlərini qəbul etmir, yolun humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

Tərcümə:

Elmar