Avropa Parlamentinin Ermənistana Aİ üzvlüyünə namizədlik statusunun verilməsini tövsiyə edən qətnaməsi böyük səs çoxluğu ilə qəbul olunub.
Gununsesi.info xəbər verir ki, qətnamənin leyhinə 504, əleyhinə 4 səs verilib. 31 millət vəkili bitərəf qalıb.
Bundan əvvəl verilən xəbərdə deyilirdi ki, Avropa Parlamentinin martın 13-də keçirilən iclasında Ermənistan və Avropa İttifaqı arasında daha sıx əlaqələrin, habelə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmasının zəruriliyinə dair qətnamə səsverməyə çıxarılmalıdır.
Sənədi Avropa Parlamentindəki Xalq Partiyası fraksiyası hazırlayıb, amma qətnamə bütün fraksiyaların təşəbbüsü kimi səsverməyə çıxarılır.
AzadlıqRadiosunun erməni xidməti – “Azatutyun” yazır ki, qətnamə layihəsində Ermənistana Aİ üzvlüyünə namizəd statusunun verilməsinin mümkünlüyü məsələsinə baxılması təklif olunur:
“Əgər Ermənistan namizəd statusu almaqda maraqlıdırsa və ölkə onun demokratiyasını möhkəmləndirən stabil islahatları həyata keçirmək yolunu davam etdirərsə, bu, Aİ-Ermənistan münasibətlərinin transformasiya mərhələsi üçün baza ola bilər”.
Qətnamədə Avropa İttifaqına, Avropa Komissiyasına və Avropa Şurasına Ermənistanın Aİ ilə əməkdaşlığının genişləndirilməsinə dəstək verilməsi üçün çağırış edilir.
Bu da vurğulanır ki, burada söhbət təkcə iqtisadi partnyorluqdan deyil, həm də siyasi dialoq, təhlükəsizlik, adamlar və başqa ölkələr arasında ünsiyyət sferalarından gedir.
Xəbərdə deyilir ki, sözü gedən qətnamə, Avropa Parlamentinin başqa qətnamələri kimi icra üçün icbari olmasa da, bu hadisə İrəvanın Avropa ailəsinə daha yaxın olmaq niyyətinə Avropadan ilk reaksiya olub.
Gununsesi.info