Avropa Parlamenti ölkəmizə qarşı qərəzli mövqedən çox uzaqlaşa bilmədi

  • By admin
  • 21 May 2021 09:57

20 may 2021-ci ildə Avropa Parlamentində “Ermənistan və Azərbaycan arasında sonuncu münaqişədən sonra hərbi əsirlər” adlı qətnamə qəbul edilib. Qətnamə layihəsi hələ müzakirələrdən bir həftə öncə AP-nin veb-saytında yerləşdirilmişdi və son zamanlar Ermənistan və Avropa mətbuatında Azərbaycana qarşı irəli sürülən bütün uydurma iddialar olduğu kimi Qətnamə layihəsinin ilkin mətnində də öz əksini tapmışdı.

Bu da Qətnamə layihəsinin ilkin mətninin Avropa deputatları tərəfindən deyil, erməni diasporu və onun AP-dəki lobbiçiləri tərəfindən birgə hazırlandığını göstərir. Bu, heç də təəccüblü deyil. Ermənilər hər zaman saxta informasiyalar yaymaqla ölkəmizə qarşı sonrakı qarayaxma kampaniyası üçün zəmin hazırlayır və daha sonra beynəlxalq təşkilatlarda erməni diasporunun muzdlu sözçülərini ölkəmizə qarşı qarayaxma kampaniyasına cəlb edirlər. Bu klassik erməni təbliğatının fəaliyyət mexanizmidir və bizə yaxşı məlumdur. Bütün bunlara baxmayaraq müzakirələr ərəfəsində Azərbaycan həm diplomatik kanallar vasitəsilə, həm də parlamentlərarası əlaqələr çərçivəsində öz etirazını bildirdi, irəli sürülən iddiaların əsassız olduğunu və yalan məlumatlara əsaslandığını və ən başlıcası, belə qərəzli müzakirələrin Ermənistanla Azərbaycan arasında qarşılıqlı etimadın yaradılmasına yox, düşmənçiliyin qızışdırılmasına xidmət etdiyini açıq şəkildə ifadə etdi.

Müzakirələrə qədər Avropa Parlamenti ilə aparılan məsləhətləşmələr və diplomatik səylər nəticəsində Azərbaycana qarşı haqsız iddiaların və ədalətsiz tələblərin böyük bir hissəsi layihədən çıxarılsa da, Qətnamə layihəsinin qəbul edilən son mətni də ölkəmizə qarşı qərəzli və qeyri-obyektiv mövqedən çox uzaqlaşa bilmədi. Nəticədə qəbul olunduğu andan əhəmiyyətsiz bir kağız parçasına çevrilməyə məhkum olan Azərbaycan əleyhinə növbəti sənəd qəbul olundu. Qətnamədə nə zaman və hansı şəraitdə həbs olunmağından asılı olmayaraq bütün erməni hərbçilərinin azad olunması, guya Ermənistanın suveren torpaqlarına daxil olmuş Azərbaycan hərbçilərinin geri çəkilməsi, əsirlikdə olan ermənilərlə beynəlxalq qanunlara uyğun davranılması, Qarabağ ərazisində erməni əsilli insanların təhlükəsizliyinin təmin olunması və “erməni mədəni irsinin” qorunması kimi absurd çağırışlar və tələblər yer alır. Ermənistanın bu qətnamə ilə heç nə əldə etməyəcəyi məlumdur.

Европарламент принял резолюцию о санкциях ЕС против Турции — РТ на русском

 

Çünki təxribat törətməklə hərbi və mülki insanları qətlə yetirmiş terrorçuların əməllərinə parlament qətnaməsi ilə yox, məhkəmə qərarları ilə hüquqi qiymət verilir. Avropa deputatları isə məhkəmə hakimliyi funksiyasını yerinə yetirmək imtiyazına malik deyillər. Adətən bütün ölkələrdə qanunun aliliyinin təmin olunmasına çağıran Avropa Parlamenti bu dəfə qanunu bir kənara qoyub kimliyindən və hansı cinayət əməllərini törətdiyindən asılı olmayaraq bütün erməni əsirlərini azad etməyə çağırır. Azərbaycan isə milli qanunvericiliyə və beynəlxalq hüquq normalarına müvafiq olaraq erməni hərbçilərini cinayət məsuliyyətinə cəlb edib və onların taleyini yalnız Azərbaycan məhkəməsi həll edə bilər. Uzun illər ərzində həm Ermənistan, həm də işğal olunmuş Azərbaycan ərazilərində xalqımıza məxsus bütün tarixi-mədəni abidələrin Ermənistan tərəfindən vəhşicəsinə dağıdılması və yer üzündən silinməsi, Xocalı, Başlıbel və Ağdaban soyqırımları, eləcə də valideynlərinin məzarını ziyarət etmək məqsədilə öz dədə-baba torpağına getmiş Şahbaz Quliyevin və Dilqəm Əsgərovun qanunsuz olaraq erməni girovluğunda saxlanılması AP üzvlərini heç narahat etməmişdi. Bütün bu problemlərlə bağlı 30 il ərzində Azərbaycan tərəfindən dövlət və parlament səviyyələrində, eləcə də vətəndaş cəmiyyətləri tərəfindən qaldırılan məsələlər Avropa Parlamentində dəstək qazana bilməmişdi. Hər il işğal olunmuş ərazilərdə 2-3 dəfə monitorinq missiyasını həyata keçirən ATƏT Sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşik isə bir dəfə də olsun, ermənilərin Qarabağ ərazisində törətdiyi vandalizm əməlləri haqqında məlumat verməmişdi.

Qarabağ ərazisində 70 məsciddən 67-nin tamamilə məhv edilməsi, yüzlərlə mədəniyyət tikililərinin, məktəblərin, muzeylərin yer üzündən silinməsi AP üzvlərini Azərbaycan tarixi-mədəni irsinin qorunması üçün hər hansı bir addım atmağa sövq edə bilməmişdi. Bütün bunlardan sonra AP-nin Azərbaycandan reallıqda mövcud olmayan “erməni mədəni irsini” qorumağa çağırması sadəcə istehza doğura bilər. AP üzvlərinin yalan məlumatlar əsasında Azərbaycana qarşı irəli sürülən erməni iddialarını belə asanlıqla dəstəkləməsi çoxsaylı suallar yaradır. Avropalı deputatlar erməni saxtakarlığına və riyakarlığına o qədər aludə olublar ki, hətta onların verdiyi məlumatların doğru olub-olmadığını yoxlamağa belə lüzum görmürlər. Bir tərəfdən xristian həmrəyliyi və digər tərəfdən Avropa erməni diasporunun Avropalı deputatlara göstərdiyi maliyyə yardımları Avropa Parlamentini əslində erməni diasporunun ruporuna çevirib. Nəticədə sözdə beynəlxalq hüquq normaları, insan haqları və demokratiya şüarları ilə pərdələnən AP əslində öz məqsəd və məramlarından uzaqlaşaraq korrupsiyalaşmış bir siyasi quruma çevrilib. Azərbaycana münasibətdə AP-nin qəbul etdiyi qərar və qətnamələrin Aİ-nin özünün izlədiyi beynəlxalq və regional siyasətlə daban-dabana ziddiyyət təşkil etdiyi də göz qabağındadır.

AP Azərbaycana qarşı absurd iddialar və tələblər səsləndirdiyi halda Aİ Azərbaycanla əlaqələrini daha da möhkəmləndirməkdə və strateji münasibətlər səviyyəsinə yüksəltməkdə maraqlı və israrlı olduğunu bəyan edir. Bu paradoksun özü AP-nin ən azı Aİ-nın məqsəd və məramlarından xəbərsiz olduğunu göstərir. Belə bir qurumun guya münaqişə tərəfləri arasında “barış və etimad yaratmaq” iddiası isə heç bir tənqidə dözmür. Beləliklə, əgər AP Cənubi Qafqaz bölgəsində sülhün və sabitliyin bərqərar olunmasında maraqlıdırsa, bölgə dövlətlərinə münasibətdə ikili standartlardan imtina etməli və Azərbaycanın bölgə dövlətləri arasında yeni əməkdaşlıq təşəbbüslərinə dəstək verməlidir.

Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, millət vəkili Cavanşir Feyziyevin Bəyanatı

Gununsesi.info