Avropa Parlamenti rüşvət qalmaqalından sonra yeni tədbirlər görür - ŞOK QADAĞALAR

  • By admin
  • 12 Yanvar 2023 20:19

Avropa Parlamenti bəzi deputatların əli olduğu Qətər və Mərakeşdən yaranan rüşvət qalmaqalından sonra korrupsiya ilə mübarizədə daha sərt tədbirlər görməyə hazırlaşır.

Gununsesi.info Avropa mediasına istinadən xəbər verir ki, yeni tənzimləmə ilə deputatlıq səlahiyyətlərinə xitam verilən şəxslərə lobbiçilik fəaliyyətinə məhdudiyyətlər qoyulacaq.

Parlamentdə təmsil olunan siyasi partiyaların qrup sədrləri korrupsiyaya qarşı mübarizə planı ilə bağlı razılığa gəliblər.

Avropa Parlamentinin sədri Roberta Metsolanın təklif etdiyi 14 bəndlik plan “Avropanın qərar qəbul etmə prosesinə etimadın gücləndirilməsi istiqamətində ilk addım” hesab olunur.

 

Yeni tənzimləmə deputatlıq müddəti başa çatmış şəxslər üçün lobbiçilik fəaliyyəti üçün “bir illik soyutma müddəti” qoyur.

Plana əsasən, qanunvericilərə vəzifədən getdikdən dərhal sonra biznes və ya hökumətlər adından lobbiçilik etməyə icazə verilməyəcək.

Keçmiş deputatlara vəzifədən getdikdən sonra parlamentə daimi daxil olmaq hüququ verilməyəcək.

Keçmiş üzvlər parlamentə daxil olmaq üçün adi ziyarətçilər kimi gündəlik vəsiqələr alacaqlar.

Yeni tənzimləmə ilə Avropa Parlamentinə yeni giriş sisteminin tətbiqi nəzərdə tutulur.

 

Bundan əlavə parlamentə girişdə bildiriş öhdəliyi olacaq.

Bu kontekstdə parlamentə daxil olmaq istəyən hər kəs indi nə edəcəyini və neçə saat qaldığını bildirməli olacaq.

Qonaqların parlament binasında baş çəkdikləri şəxsin müşayiəti məcburi olacaq.

Prezident Metsola Avropa Parlamentindəki siyasi qrupların rəhbərləri tərəfindən təsdiq edilən yeni reqlamentin tez bir zamanda həyata keçirilməsini istəyir.

Belçika Federal Prokurorluğunun dekabr ayında başlatdığı “təmiz əllər əməliyyatı” Avropa Parlamentinin etibarına böyük təzyiq göstərib.

Qətər və Mərakeşin Avropa Parlamentinin qərarlarına təsir etmək üçün bəzi deputat və müşavirlərə rüşvət verdiyi iddiası ilə başladılan əməliyyatda aralarında yunan siyasətçi, parlamentin keçmiş vitse-prezidenti Eva Kaili də daxil olmaqla 4 nəfər hələ də həbsdədir.

“Korrupsiya, çirkli pulların yuyulması və cinayət təşkilatına üzvlük” ittihamı ilə həbs olunanlar arasında Kaylinin sevgilisi və müavini Françesko Giorgi və Avropa Parlamentinin keçmiş deputatı Pier Antonio Panzeri də var.

Sosial Demokratlar Qrupunun üzvü, italyan parlamentari Andrea Kozzolino və belçikalı Mark Tarabellanın rüşvət qalmaqalında əli olması səbəbilə toxunulmazlıqlarının aradan qaldırılması üçün də fəaliyyətə başlanılıb.

Adı Qətərdən qaynaqlanan rüşvət iddialarında hallanan Avropa Parlamentinin İnsan Haqları Komissiyasının rəhbəri Mari Arena da dünən istefa verib.

Arenanın adı son vaxtlar rüşvət qalmaqalı ilə bağlı daha çox hallanır.

Bildirilir ki, Belçika parlamenti Arenası müttəhimlərdən biri olan Antonio Panzeri ilə sıx əlaqələrə malikdir.

 

Tərcümə:

Pərviz Həşimli