Avropa Parlamentində anonim SORĞU: 550-dən çox əməkdaş iş yerində zorakılığa məruz qalıb

  • By admin
  • 06 Mart 2024 15:27

Avropa Parlamentinin 550-dən çox əməkdaşı iş yerində ən azı psixoloji zorakılığa məruz qaldıqlarını bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

“MeTooEP” tərəfindən aparılan anonim sorğu 2023-cü ilin iyun-avqust ayları ərzində 1135 insan iş yerində təzyiqə məruz qalması ilə bağlı keçirilib.

Sorğuda iştirak edənlərin təxminən yarısı (49,6%) iş yerində psixoloji zorakılığa, 15,5%-i cinsi təcavüzə, 8,1%-i isə fiziki hücumlara məruz qaldıqlarını bildirib.

Sorğu həmçinin müəyyən edib ki, respondentlərin 42,4%-i iş yerində hər hansı təzyiqin şahidi olub.

Parlamentdə məsələ qaldıranlar ən çox heç bir tədbir görülmədiyini, iddialarının ciddiyə alınmadığını və ya rəhbər tərəfindən cəzalandırıldıqlarını bildiriblər.

Bir çoxları sonradan başqa işə keçirildiklərini, bəziləri isə parlamenti tamamilə tərk etməyə təşviq edildiyini deyib.

Bundan əvvəl Lüksemburqdan olan avropalı deputatın tabeliyində olan işçiləri təhqir etdiyinə görə cəzalandırıldığı, ölkənin baş nazirinin onu qınadığı bildirilmişdi.

Belçika hakimiyyəti Avropa Komissiyasının əməkdaşının cinsi qısnama şikayətindən sonra Avropa Parlamentindən Yunanıstanlı deputat Aleksis Qeorqulisin toxunulmazlığının ləğvini istəyib.

 

Gununsesi.info