
“Bu qətnamənin qəbul olunması üçün Mehman Hüseynov məsələsi bəhanədir. Azərbaycana qarşı hər zaman fürsətdə olan qüvvələr indi bu məsələni ortaya atıb, ölkəmiz əleyhinə belə bir sənəd qəbul ediblər. Bu sənədin müəlliflərini Azərbaycanda hər kəs tanıyır. Biz bilirik ki, bu adamlar uzun illərdir ki, Azərbaycan əleyhinə iş aparır”.
Bu sözləri Gununsesi.org-a Avropa Parlamentinin bu gün Azərbaycanla bağlı qəbul etdiyi qətnaməsinə münasibətində hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov söyləyib.
YAP-çı deputatın sözlərinə görə, Azərbaycan dövləti bu sənəddən narahat deyil: “Birincisi, o qətnamənin hansısa hüquqi öhdəliyi yoxdur. Azərbaycana təzyiq üçün bu cür qətnamələr zaman-zaman qəbul edilib. Bu da onlardan növbətisidir. Bu gün Mehman Hüseynova yeni ittihamla bağlı hökm verilməyib. O ittihamın sübuta yetirilməsi istintaq və məhkəmənin səlahiyyətindədir. Bəribaşdan bu məsələ ətrafında Azərbaycan əleyhinə kampaniya yaradılır”.
Bununla belə Siyavuş Novruzov deyib ki, Azərbaycanla Avropa İttifaqı arasında sənədin imzalanmasına az qalmış bir məqamda belə bir sənədin ortaya çıxması təxribat xarakterlidir: “Azərbaycanla Avropa İttifaqı arasında ən yüksək səviyyədə danışıqlar gedir. Gözlənilir ki, mart ayında ikitərəfli sənəd imzalansın. Ancaq Avropa Parlamentində olan bəzi qruplar Avropa İttifaqı ilə yaxınlaşmağımızda pozuculuq yolunu tutub”.
Gununsesi.org












