Avropa Rusiya neftini necə alır? - TƏHLİL

  • By admin
  • 16 Mart 2024 11:43

Avropa İttifaqı ölkələri Ukrayna müharibəsinə görə Rusiyaya qarşı sanksiyalar tətbiq etsələr və bu ölkədən birbaşa neft almasalar da, enerji əməkdaşlığı başqa formada davam edir.

Gununsesi.info xəbər verir ki,  bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlil məqaləsində qeyd edilir.

Məqalə müəlliflərinə görə, Rusiya öz neftinin əsas hissəsini Çin və Hindistana satır. Avropa ölkələri Rusiyanın neft məhsullarının bir hissəsini Hindistan üzərindən alırdılar. Ancaq ABŞ sanksiyaları və Qırmızı dənizdə gərgin vəziyyət Avropa ölkələrinin Hindistanla enerji əməkdaşlığına mənfi təsir edib. Hindistan Rusiyadan aldığı neftin həcmini azaldıb.

Qeyd olunur ki, Avropa İttifaqı 2023-cü ildə Hindistan üzərindən Rusiya neftinin idxalını 115 faiz artırmışdı. Rusiya Hindistana gündəlik 1.75 milyon barel xam neft satırdı. Hollandiya, Fransa, Rumıniya, İtaliya və İspaniya həmin nefti Hindistandan alırdılar. Bu, Hindistana əlavə gəlir gətirirdi. Hindistan Rusiya neftini ucuz alır və müəyyənləşdirdiyi qiymətə Avropaya satırdı. Bunun hesabına Hindistan Səudiyyə Ərəbistanından sonra Avropanın ikinci neft ixraçatcısına çevrilmişdi.

“Bloomberg” agentliyinin məlumatına görə bu vəziyyət dəyişməkdədir: “ABŞ sanksiyalarına görə, Hindistanın neft emalı zavodları Rusiyadan neft alışını azaldıb. Hindistan hökuməti neft emalı zavodlarının hansı ölkədən neft alması qərarına qarışmırlar. Misal üçün Hindistanın nəhəng “İndian Oil” neftayırma zavodu Rusiya ilə uzunmüddətli sazişlərdən imtina edib. “Bharat Petroleum” və “Hindustan Petroleum” şirkətləri eyni qərarı veriblər. Hindistanın neftayırma zavodları Səudiyyə Ərəbistanı ilə əməkdaşlığa üstünlük verməyə başlayıblar.

Hindistan Azərbaycan neftinin də əsas alıcılarındandır. Bundan başqa, Hindistanın neftayırma zavodları neft alışında Yaxın Şərq və Qərbi Afrika ölkələrinə üstünlük verirlər. Hindistan iqtisadiyyatı sürətlə inkişaf etdiyindən bu ölkənin özünün də neft və neft məhsullarına ehtiyacı artıb. Bundan sonra Avropa ölkələri Hindistandan ucuz qiymətə neft məhsulları ala bilməyəcəklər.

2024-cü ildən Qırmız dənizdə davam edən gərginlik də Hindistanla Avropa ölkələri arasında enerji əməkdaşlığına mane olur. Hindistan Qırmız dəniz üzərindən Avropaya neft məhsullarının ixracını xeyli azaldıb. Bu vəziyyət Avropa ölkələrində yanacaq qiymətlərinin artımına səbəb ola bilər”.

 

Gununsesi.info