“Avropa Şurasına üzv qəbul edilməklə Azərbaycan üzərinə bir sıra öhdəliklər götürüb ki…” - OMBDUDSMAN- FOTOLAR

  • By admin
  • 16 Mart 2017 16:12

elmira-2

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Avropa Şurasına (AŞ) üzv qəbul edildikdən sonra üzərinə götürdüyü öhdəliklərin icrası vəziyyətini öyrənmək məqsədilə ölkəmizdə səfərdə olan AŞ Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qesselin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Ombudsmanın mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə,  Görüşdə Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəsi Emin Eyyubov və AŞ-nın Bakı ofisinin rəhbər müavini Jöel Mermet də iştirak edib.

Müvəkkil qeyd edib ki, 2001-ci ildə Avropa Şurasına üzv qəbul edilməklə Azərbaycan üzərinə bir sıra öhdəliklər götürüb, bu öhdəliklərin icrası yalnız AŞ ilə əməkdaşlıq naminə deyil, eyni zamanda dövlətimizin maraqları, onun demokratikləşdirilməsi, insan hüquqlarının daha etibarlı təmin edilməsi, ölkədə Avropa dəyərlərinin tam şəkildə bərqərar edilməsi üçün həyata keçirilir.

E.Süleymanova sözügedən qurum qarşısında götürülən öhdəliklərdən biri kimi ölkədə ilk Ombudsman təsisatının yaradılması, çoxşaxəli fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri haqqında geniş məlumat verib.

Bununla yanaşı, öhdəlik götürülmüş «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının və onun protokollarının, Avropa Sosial Xartiyasının, İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında haqqında Avropa Konvensiyasının imzalanması və ratifikasiya edilməsi, seçki qanunvericiliyinin təkmilləşdirilməsi və yeni Seçki Məcəlləsinin qəbulu, Korrupsiyaya qarşı mübarizə haqqında qanun və Dövlət Proqramının qəbul edilməsi, Konstitusiya Məhkəməsinə sorğu vermək hüququnun təmini, söz azadlığının təmin edilməsi və bu sahələrdə vəziyyətin daha da təkmilləşdirilməsi istiqamətində ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar diqqətə çatdırılıb.

Habelə bildirilib ki, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolunun icrasının təmin edilməsi ilə bağlı ölkə Prezidentinin müvafiq Sərəncamı ilə Ombudsman Milli Preventiv Mexanizm (MPM) funksiyalarını yerinə yetirən təsisat qismində müəyyən  edilmiş, fəaliyyətin daha sistemli və səmərəli təşkili məqsədilə Milli Preventiv Qrup (MPQ) yaradılmış və bu qrup tərəfindən ölkədə şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi 240 müəssisəyə, o cümlədən müvəqqəti saxlama yerləri, penitensiar müəssisələr, ahıllar və uşaq evlərinə, psixiatriya müəssisələrinə müntəzəm baxışlar keçirilir.

Müvəkkilin MPM qismindəBMT və onun müqavilə qurumları, Avropa Şurası, Avropa ittifaqı, ATƏT, BMT-nin İşgəncələrin qarşısını alınması üzrə Alt Komitəsi (SPT), İşgəncələrə qarşı Avropa Komitəsinə (CPT), İşgəncələrin Qarşısının alınması üzrə Assosiasiyaya (APT) və digər təşkilatlarla əməkdaşlıq etdiyi vurğulanıb.

Azərbaycan Ombudsmanının dövlət orqanları və parlamentlə səmərəli əməkdaşlığı, Konstitusiya Məhkəməsinə göndərilən sorğular, habelə insan hüquqlarının daha etibarlı müdafiəsi istiqamətində Müvəkkil tərəfindən irəli sürülən 500-dən çox təklifin verilməsi və icrası barədə ətraflı məlumat verilib.

Həmin təkliflər nəzərə alınmaqla, qanunvericilik təkmilləşdirildiyi, Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunun qəbul edildiyi, ona uyğun daxili intizam qaydalarının təsdiqləndiyi vurğulanıb.

Prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixdə imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Sərəncamın insan hüquqlarının effektiv təmini istiqamətində həyata keçirilən islahatların davamlılığı baxımından yeni mərhələ olduğunu bildirib.

Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə proritetlərin artıq müəyyən edildiyi və onların icrası istiqamətində işlərin aparıldığı, həmçinin Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasının bir sıra beynəlxalq qurumlar tərəfindən müsbət qiymətləndirildiyi və sözügedən Şuranın görüşlərində Ombudsman təsisatının da fəal iştirak etdiyi diqqətə çatdırılıb.

elmira-1

Aleksandr Qessel Müvəkkilə verdiyi dolğun məlumat üçün təşəkkürünü bildirmiş, Ombudsmanın fəaliyyətini yüksək qiymətləndirib, ölkədə son illər ərzində baş verən inkişaf proseslərində bu təsisatının rolunun böyük olduğunu bildirib.

Qonaq qeyd edib ki, Ombudsmanın bu illər ərzində vətəndaş cəmiyyəti institutları ilə qurduğu səmərəli əməkdaşlıq əlaqələri, QHT-lərin fəaliyyətinə verdiyi dəstək, onların problemləri ilə daim maraqlanması, həmçinin əhalinin bütün kateqoriyalarının hüquqlarının müdafiəsinə göstərdiyi diqqət onu təbii bir quruma çevirib.

Görüşdə ölkədə insan hüquqlarının ümumi vəziyyəti, vətəndaş cəmiyyərinin inkişafı və digər maraq doğuran məsələlər də müzakirə edilib.

Müvəkkil qonaqlara Azərbaycan və Ermənistanın Avropa Şurasına üzv qəbul olunarkən Parlament Assambleyasının 221 saylı Rəyi əsasında Dağlıq Qarabağ münaqişəsinin yalnız dinc yollarla nizamlamaq üçün səyləri davam etdirmək, beynəlxalq və yerli mübahisələri, qonşulara qarşı hər hansı güc tətbiqinə və hədələməyə yol vermədən, dinc vasitələrlə və beynəlxalq hüququn prinsipləri əsasında həll etmək öhdəliyini götürdüklərini diqqətə çatdırıb.

Ombudsman artıq bu münaqişənin 25 ildən çox davam etdiyini vurğulayaraq, yaxın gələcəkdə Avropa Şurası tərəfindən ölkəmizin ərazi bütövlüyü bərpa olunmaqla,  yüz minlərlə məcburi köçkün soydaşlarımızın doğma yurdlarına qayıtmaları şərtilə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində konkret tədbirlərin görüləcəyinə ümidvar olduğunu bildirib.

Səmərəli fikir mübadiləsi şəraitində keçən görüşün sonunda qonaq Aleksandr Qessel Müvəkkilə səmimi qəbul və ətraflı məlumat verdiyi üçün bir daha təşəkkür edib, Avropa Şurasının bu cür uğurlu fəaliyyət göstərən təsisatla əməkdaşlıqda maraqlı olduğunu bildirib. 

Gülnaz Qənbərli

Gununsesi.info