Avropa Şurasının 9 milyon avroluq Fəaliyyət Planı məhkəmə sistemində irəliləyişə gətirməyəcək - ELÇİN SADIQOV

  • By admin
  • 26 Aprel 2022 10:19

Xəbər verdiyimiz kimi, Azərbaycanla Avropa Şurası (AŞ) arasında bu yaxınlarda imzalanan təxminən 9 milyon avroluq Fəaliyyət Planı ölkədə insan haqlarını, qanunun aliliyi və demokratiya ilə bağlı vəziyyəti Avropa standartlarına uyğunlaşdırmağı hədəfləyib.
Amma ictimai fəallar planın müsbət nəticəsini indidən şübhə altına alıblar. Buna səbəb kimi indiyədək bu cür layihələrin heç bir effekt verməməməsidir.

Azərbaycanda həbs edilən jurnalistləri, ictimai-siyasi fəalların müdafiəçisi kimi tanınan vəkil Elçin Sadıqov da bu mövzuda pessimistdir.

Gununsesi.info-ya müsahibəsində tanınmış vəkil deyir ki, 9 milyon avronun xərclənməsi məhkəmələrin fəaliyyətinə hansısa tövhə verməyəcək:

“Çünki, birinci məhkəmələrin müstəqilliyi təmin olunmalıdır. Əgər bu olmayacaqsa, hansısa layihələr, təlimlər heç bir nəticə verəsi deyil. Praktikada hakimlərin Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna istinadı olub. Amma təəssüf ki, bunlar məhdudlaşdırıcı xarakter daşıyıb. Müstəqillik verilmirsə, hakim heç zaman müstəqil qərar verə bilmir. Hesab edirəm ki, bu vəsaitlər də əbəs yerə xərclənəcək”.

Penitensiar Xidmətdəki real duruma da toxunan vəkil deyir ki, bu sahədə də acınacaqlı vəziyyət hökm sürür. Bu günə qədər Avropa Şurasının Penitensiar sistemdəki vəziyyəti dəyişməsi üçün xeyli pullar xərclədiyini vurğulayan Elçin Sadıqov məhbusların hələ də işgəncələr altında yaşadığını deyib:

“Məhbuslara davranışları götürək. Heç bir dəyişiklik yoxdur. Məhkumlar cəzaçəkmə müəssisələrinə yerləşdiriləndə birinci döyülür. Bu Azərbaycanda ənənə halını alıb. Bu barədə şikayətlər çoxluq təşkil edir. Cərimə kameraları dəhşətli vəziyyətdədir. Bakı İstintaq Təcridxanası istisna olmaqla, Gəncədəki 2 Saylı, Şüvəlandakı 3 saylı Təcridxanalar dəhşətli durumdadır. Bundan başqa Qaradağdakı Cəzaçəkmə Müəssisələri heç bir Avropa Penitensiar qaydalarına cavab vermir. Vəkil və ailə ilə görüş otaqları heç bir tələblərə cavab vermir”.

Günay
Gununsesi.info