“Avropa və NATO Türkiyəsiz Rusiyanın qarşısında tab gətirə bilməz” - EKSPERT

  • By admin
  • 27 May 2017 11:57

nato-turkiye

“Avropa Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ciddi təzyiqlər etməkdən və NATO-dan kənarlaşdırmaqdan qorxur. Qərb bunun onlara baha başa gələcəyini yaxşı anlayır”.

Gununsesi.info xəbər verir ki, bu fikri almaniyalı ekspert Yaşar Aydın Focus-a açıqlamasında deyib.

Onun sözlərinə görə, son aylarda Avropa ölkələri tərəfindən Türkiyəyə qarşı iqtisadi və digər sahələrdə təzyiqlər edilir və bu təzyiqlər getdikcə daha da artırılır: ”Ancaq Türkiyəyə qarşı bu təzyiqlər mənasızdır və nəticəsi olmayacaq. Bunun Avropaya heç bir xeyri dəyməyəcək. Çünki kiminsə Rusiya ilə problemi varsa, o, ölkə Türkiyəsiz ötüşə bilməyəcək”.

Ekspert bildirib ki, bu gün Ərdoğan daxili və xarici təzyiqlərlə üz-üzədir: “Ancaq Ərdoğana o da bəllidir ki, Rusiya bu gün xarici siyasi kursunu ekspansiyaya, daha doğrusu ilhaq üzərində qurduğundan Şimali Atlantik Alyansı ciddi təzyiq altında olmaqla, ciddi təhlükə ilə üz-üzədir. Bu Ukrayna böhranında özünü daha qabarıq formada göstərdi. Ukrayna böhranı zamanı Avropaya qarşı daha aqressiv mövqe sərgiləyərək geri çəkilmək niyyətində olmadığını nümayiş etdirdi. Belə bir məqamda isə Avropanın özündə yaşanan parçalanma meyilləri, “brexsit” və miqrasiya probleminin olması Ərdoğanın gözündən qaçmamış deyil və yaranmış vəziyyəti o, yaxşı bilir. Və Ərdoğanın yaranmış vəziyyətdən öz yararları üçün istifadə edəcəyini də Avropa yaxşı anlayır”.

Ekspert qeyd edib ki, bu məqsədlə də NATO-nun sammitində Ərdoğan bu kartdan yararlanaraq Türkiyəyə qarşı mənasız təzyiqləri və ittihamları dayandırmağı və Avropanın xarici siyasətində Ankaranın rolunu ciddiyə almağı diqqətə çatdıracaq: “Avropa və NATO Türkiyənin Qərb iqtisadiyyatından asılılıq problemini bilməsinə rəğmən, Ankaraya qarşı istifadə etmək üçün bir dənə də olsun yetərli kartı yoxdur. NATO və Avropadan fərqli olaraq Ankara tamamilə fərqli vəziyyətdədir. Əlində güclü kart var və bundan yararlana bilər. Çünki Avropa və NATO Türkiyəsiz Rusiyanın qarşısında tab gətirə bilməz. Qərb yaxşı anlayır ki, Türkiyəni NATO-dan çıxaracağı təqdirdə Ankara Rusiyanın simasında yeni hərbi müttəfiq qazanacaq. Bu baxımdan da Ərdoğanın əlində, NATO və Avropa ölkələrinə qarşı istifadə etmək üçün yetərincə güclü kart var”.

Angela Merkelin insan haqları məsələsində Ərdoğana təzyiq etməsi məsələsinə gəldikdə isə ekspert bildirib ki, Bundestaqa seçkilər ərəfəsində Türkiyəyə qarşı təzyiqlər ilk növbədə Merkelin ziyanına işləyə bilər: “Ona görə də Bundestaqa seçkilər ərəfəsində Merkel bacardıqca Ankara ilə hər hansı konfliktən qaçmağa  çalışacaq”.

Mürtəza

Gununsesi.info