Avropada evsizlərin sayı artır

  • By admin
  • 10 Oktyabr 2023 14:44

Bir çox Avropa ölkələrində “sərfəli mənzil çatışmazlığı” və “sosial mənzillərin olmaması” səbəbindən evsizlərin sayı artır.

Gununsesi.info xəbər verir ki,  oktyabrın 10-da Ümumdünya Evsizlər Günündə qlobal evsizlik problemi ilə bağlı məlumatlılığın artırılması və ehtiyacı olanlara yardımın göstərilməsi üçün səylər göstərilir.

“Anadolu” agentliyi böyük Avropa paytaxtlarında evsizlərin vəziyyəti ilə bağlı yazı hazırlayıb.

Qeyd olunur ki, Fransada evsizlər daha çox paytaxt Paris, şimalda Lill və Strasburq kimi böyük şəhərlərdə küçələrdə yaşayır.

Parisin demək olar ki, hər yerində küçələrdə yaşayan insanlara rast gəlmək olar. Bəzi evsiz insanlar ev heyvanları ilə küçələrdə qalırlar.

Ölkədə kirayə qiymətlərinin artması və böyük şəhərlərdə kirayə evlərin kifayət qədər olmaması mənzil probleminin ən mühüm səbəblərindəndir.

Fransada hər dörd evsiz yetkindən biri uşaqlığını dövlət tərəfindən qorunan sığınacaqlarda keçirib.

“Abbe Pierre” Fondunun fevral ayında dərc etdiyi hesabata görə, ölkədə 4,1 milyon insan pis mənzil şəraitində yaşayır.

Fransada 330 min evsiz insan var və təxminən 14,8 milyon insan mənzil problemindən əziyyət çəkir.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) məlumatına görə, Fransada 1990 uşaq küçələrdə yaşayır.

Dünyanın ən bahalı şəhərlərindən biri olan Londonun küçələri də çoxlu evsizlərə ev sahibliyi edir.

Britaniya paytaxtının dəbdəbəli alış-veriş küçələri gecələr çoxlu evsizlərin evinə çevrilir.

Sığınacaq xeyriyyə təşkilatının yanvarın 11-də açıqladığı məlumatlara görə, ölkədə ən azı 271,000 nəfər evsizdir, o cümlədən 123,000 uşaq. Onlardan 2400-ü küçələrdə, 15 mini yataqxanalarda və təxminən 250 mini müvəqqəti yaşayış mərkəzlərində yaşayır.

Belçikanın siyahıyaalınması göstərir ki, son 14 ildə evsizlərin sayı artıb. Brüssel bu problemin getdikcə kəskinləşdiyi şəhərlərdən biridir.

“Bruss’Help” təşkilatının məlumatına görə, 2022-ci ildə Brüsseldə 6317 evsiz insan qeydə alınıb.

Paytaxt Brüsseldə 4380 böyük və 933 uşaq, Gentdə 1472 böyük və 401 uşaq, Limburqda 932 böyük və 285 uşaq və Liegedə 422 böyük evsiz qalıb.

Almaniya Federal Statistika İdarəsinin 31 yanvar 2023-cü il tarixinə olan son məlumatlarına görə, yerli hakimiyyət orqanları tərəfindən müxtəlif sığınacaqlara yerləşdirilən evsizlərin sayı 372 060 nəfər olub. Onlardan 130 mini müharibədən sonra Ukraynadan qaçan ukraynalılardır.

Şimali Reyn-Vestfaliyada ən çox sığınacaqda yaşayan evsizlər var – 84 690 nəfər, Baden-Vürtemberq (76 510 nəfər) və Berlin (39 375 nəfər).

Səid Əhmədli
Gununsesi.info