
Məlum olduğu kimi, «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il Fərmanı ilə məcburi köçkün ailələrinə verilən güzəştlər ləğv edildi. Həmin ödənişlər əvəzinə isə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində aylıq müavinət təyin ediləcək.
Bir sıra dövlət rəsmiləri Azərbaycandakı məcburi köçkün və qaçqınların digər ölkələrlə müqayisədə rifah halında yaşadığını bildirir. Halbuki, bu gün 100 minlərlər məcburi köçkün təhsil, səhiyyə ocaqlarında, uçuq binalarda, şəraitsiz mənzillərdə yaşayır, onların reabilitasiyası tam başa çatmayıb, işsizlik səviyyəsi yüksək olaraq qalır. Hökumət 23-ildən çoxdur ki, onların sosial problemini tam həll etməkdə aciz qalıb.
AŞ PA-nın son sessiyasında Azərbaycanı təmsil edən Səməd Seyidov və Rəfael Hüseynov Avropada miqrant problemlərindən danışıb. Hər iki deputat Avropa ölkələrində miqrantlara qarşı ayrı-seçkilik edildiyini deyib.
Bəs görəsən, Avropada qaçqınlara pis yanaşılırsa niyə, bir sıra ölkələrin, xüsusilə də Şərq və Afrika dövlətlərinin vətəndaşları Avropa qaçqını olmağa bu qədər can atır? Orada qaçqınlar üçün hansı imtiyazlar var?
Gununsesi.info Avropa ölkələrində mühacir olan azərbaycanlı jurnalistlərə bu sualla müraciət edib.
Hollandiyada yaşayan azərbaycanlı jurnalist Fikrət Hüseynli deyir ki, burada Almaniyayla müqayisədə qaçqınlara sosial yardım az verilir: “Bir nəfər sığınacaq üçün baş vurubsa və təkdirsə, ona aylıq yemək pulu olaraq 224 avro pul verilir ki, bu da təxminən 500 Azərbaycan manatı edir. Eyni zamanda həmin şəxs tibbi sığortadan istifadə edə bilir, işiylə bağlı görüşlərə gedərkən yol bileti ilə təmin edilir, heç bir kommunal və kirayə haqqı ödəmir”.
Hollandiyada 3 nəfərlik ailəyə yemək xərcini ödəmək üçün aylıq 580 avro ödənilir.
Fikrət Hüseynli bildirir ki, sığınacaq istəyi qəbul ediləndən sonra Hollandiyanın işsiz vətəndaşı dövlət hesabına nə qədər sosial yardım alırsa, oturum izni alan şəxs də bir o qədər yardım alır: “Bu yardım bir nəfər üçün 1260 avro, 3 nəfərlik ailə üçün isə 1500 evrodur. Bu pulun 65-70 faizi ev puluna, sığorta, kommunal xərclərə ödənilir. İşləməyən tək şəxsə aylıq, təxminən 400 avro, 3 nəfərlik ailəyə isə aylıq 600-650 avro yemək pulu qalır. Ailəyə eyni zamanda hər 3 aydan bir 200 avro da uşaq pulu verildiyini nəzərə alsaq, bu məbləğ, ümumilikdə, 700 avro edir”.
Fransada yaşayan azərbaycanlı jurnalist Natiq Ədilov isə deyir ki, qaçqınlarla məşğul olan Qaçqınlar və İnteqrasiya İdarəsi adlı bir dövlət qurumu var: “Fransa Avropa Birliyinə üzv olduğuna görə, bu istiqamətdə eyni qanunla işləyirlər.
Fransada 4 səbəbdən qaçqın qəbul edirlər. Birinci, siyası səbəblərlə, daha dəqiq desək, hər cür azadlıqlar uğrunda mübarizə apararkən təqib, təzyiqə məruz qalanları. İkinci, öz ölkəsində müalicəsi olmayan xəstəliklə əlaqədar müraciət edənləri, üçüncüsü, ölüm hökmü ilə üzləşən və nəhayət dini baxışlarına görə hər hansı bir problemlə üzləşmiş şəxsləri.
Birinci qrupda olanlara, adətən, 5-10 illik oturum verirlər. Xəstəlik olanlara isə 1 il verirlər, lazım gəlirsə, növbəti ildə də uzadırlar”.
N.Ədilova görə, Fransada oturum almaq üçün təşkilata müraciət edənlərin şəxsi məlumatları, əl izi götürülür: “Əgər ailəsi və uşağı varsa, dərhal müəyyən yerlərə, hotellərə yerləşdirilir. Fransada sığınacaq kampları yoxdur. İndi qaçqınların sayı çoxaldığına görə yerləşdirmə ilə bağlı problemlər var. Adamlar var ki, aylarla yaşamaq üçün yer tapa bilmir, hər gün 115 deyilən nömrəyə zəng edib sutkalıq qalmaq üçün yer axtarır. Amma gələn qaçqının tibbi müayinəsi aparılır, yaşadığı ərazidə icitimai nəqliyyatdan istifadə etməsi üçün kart verilir. Kart üçün çox simvolik bir ödəniş aparıb, ondan 1 ay boyunca şəhərdaxili bütün ictimai nəqliyyatlardan sərbəst istifadə edə bilir. Məsələn, mənim yaşadığım şəhərdə bu kartlar 1.60 avrodur.
Oturumu olmadığı halda belə 100 faizlik tibbi sığortası ilə əhatə olunur. Hətta 30-40 min avroluq əməliyyatı olarsa, onun sığortasını Fransa dövləti qarşılayır. Bu müddət ərzində adambaşına günlük 11 avro yemək pulu verilir. Eyni zamanda, bəzi humanitar təşkilatlar həftədə 1 və ya 2 dəfə yemək və paltar paylayırlar. Bütün bunlar hələ oturum izni almayan, bəlkə də Fransanın düşməni olan şəxslərə edilən yardımlardır. Bununla paralel mədəni tədbirlərə, dil kurslarına pulsuz qatılmaq mümkündür”.
Müsahibimizin sözlərinə görə, oturum izni alandan sonra, müavinətlər artaraq böyüklər üçün adambaşına 430 avro, uşaqlar üçün 190 avro civarında olur: “Dövlət evlə təmin edilir. Bundan sonra kommunal xidmətlərin ödənişləri qaçqınların öz üzərində olur. Buradakı qanuna görə, bir insan üçün 11 kv-m-dən az olmayan yaşayış evi verilir. Əgər ailə üzvləri 4-5 nəfərdirsə, onlar 44-55 kv.m-dən böyük mənzillə təmin edilir. Bundan sonra Fransa dövləti oturumu olan şəxsin inteqrasiyası üçün tədbirlər həyata keçirir, şəxsini təhsil, peşə və dil bilgilərini artırması üçün şərait yaradır”.
“Burada əsas məsələ insana münasibətdir. Yeməyə az pulun qala bilər, acından kim ölür ki? Əsas odur ki, burada heç kim qaçqının üstünə qışqırmır, insanı münasibət var. Azərbaycanda nəinki qaçqınlar, digər vətəndaşlar da məmurlar tərəfindən alçaldılır. Amma Fransada belə halların olması mümkün deyil. Qaçqınların halına ürək ağrısı, qayğıkeşliklə yanaşırlar. Ən önəmlisi qanunun aliliyi qorunur”,- deyə N.Ədilov vurğulayır.
Norveçdə yaşayan azərbaycanlı jurnalist İdrak Abbasov isə bu ölkənin qaçqınlar üçün yaratdığı şəraitdən danışdı: “Norveçdə oturum izni olan qaçqınların minimal tələbatları ödənilir, dil öyrənmələrinə yardım edilir. Qaçqının uşağı varsa, təhsil almaları üçün şərait yaradılır. Norveçdə hər bir uşağın pulsuz təhsil almaq hüququ var”.
İ.Abbasov əlavə etdi ki, bundan əlavə qaçqınlar “İnteqrasiya Proqramı” adlı bir proqrama cəlb olunurlar: “Bir il ərzində dil, peşə öyrədirlər və bu, hər bir qaçqın üçün əsas tələblərdən biridir. Həmin qaçqınlara Azərbaycan milli valyutası ilə təqribən 3 min manat pul verilir. Amma bu pul elə də böyük məbləğ deyil. Oturum izni alandan sonra kommunal xidmət haqlarını, kirayə haqlarını qaçqınların özləri ödəyir. O zaman güzəşt ola bilər ki, qaçqın gənc və ya azyaşlı olsun. Bu zaman bütün Norveç gənclərinə tətbiq edilən güzəştlər onlara da şamil edilir. Qaçqınların oturum izni varsa, onları Norveç vətəndaşlarından yalnız seçkidə iştirak etmə hüququ ayırır. 3 ildən sonra isə qaçqınlar bələdiyyə seçkilərində iştirak etmək hüququ əldə edir. Norveç qanunlarına görə, heç kim bekar qalmamalı, hamı işləməli və vergi ödəməlidir.
Əgər qaçqın sosial yardımla kifayətlənirsə, o zaman onun komfortlu həyatı olduğunu deyə bilmərik. Çünki hər bir qəpiyinin hesabatını verməlidir. Həmin pul minimal xərcləri ödəmək üçündür. Məsələn, siqaret baha olduğuna görə həmin pulla siqaret ala, avtomobil sahibi ola, istirahətə gedə bilməz. Əks halda, sosial yardımdam məhrum ola bilərlər. Ona görə də, qaçqınlar çalışır ki, İnteqrasiya Prorqamını tez mənimsəyib dil öyrənsinlər, iş tapsınlar”.
Vüsalə Rüstəmova
Gununsesi.info