Avropada qaz yenə bahalaşır

  • By admin
  • 11 Yanvar 2021 18:09

Avropa təbii qaz bazarında qiymətlər son 23 ayın ən yüksək həddindədir.

 

Gununsesi.org xəbər verir ki, Niderlandın TTF onlayn qaz satışı mərkəzində qazın bugünkü fyüçersi 258 USD/1000 kubmetrdən satılıb ki, bu da 2019-cu ilin 25 yanvar tarixindən bu yana ən yüksək qiymətdir.

Qeyd edək ki, bu qışın Avropada soyuq keçməsi yeraltı qaz anbarlarından da qaz sərfiyatının artmasını şərtləndirib. Belə ki, yanvarın 7-də yeraltı qaz anbarlarından 990 milyon kubmetr qaz sərf olunub ki, bu da Avropa qaz sənayesi tarixində beşinci ən böyük sərfiyatdır.

Yanvarın 7-də yeraltı qaz anbarlarının dolma səviyyəsi 69,3 faiz olub. Bu, ötən beş mövsümün orta səviyyəsindən 0,98 faiz çoxdur, halbuki cari mövsümün əvvəlində həmin fərq 6,75 faiz, dekabr ayının əvvəlində isə 4,59 faiz olub.

Digər tərəfdən Avropa qaz şəbəkəsinə LNG terminalları vasitəsilə vurulan qaz həcmi 2020-ci ilin yanvar ayına nisbətən 46 faiz azdır.

Gununsesi.org