İyunun 1-də Avropa İttifaqı (Aİ) Şurası Avropa Parlamenti ilə üzv dövlətlərdə qanunsuz yaşayan üçüncü ölkə vətəndaşlarının geri qaytarılması qaydalarını müəyyən edən yeni reqlament üzrə ilkin razılıq əldə olunduğunu açıqlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
“Yeni reqlament geri qaytarılma prosesini sürətləndirəcək və Aİ-də qalmaq üçün qanuni əsası olmayan şəxslərin sayının artırılmasına kömək edəcək. Miqrasiya Kiprin sədrliyinin əsas prioritetlərindən biridir və bu gün əldə olunan mühüm razılaşma Aİ-nin miqrasiya siyasətinə inamı gücləndirir, eyni zamanda Miqrasiya və Sığınacaq Paktını tamamlayır. Bütün bunlar insan hüquqlarına hörmət çərçivəsində həyata keçiriləcək”, – deyə hazırda Aİ Şurasına sədrlik edən Kiprin miqrasiya və beynəlxalq müdafiə məsələləri üzrə nazir müavini Nikolas İoannides bildirib.
Yeni qanunun Aİ üzvü olan ölkələrdə qanunsuz yaşayan şəxslərin geri qaytarılması üzrə ümumavropa prosedurlarını daha sürətli və effektiv edəcəyi gözlənilir.
Aİ Şurasının açıqlamasında qeyd olunur ki, milli qanunvericiliyin imkan verdiyi hallarda üzv dövlətlər cinayət məsuliyyəti tədbirləri, o cümlədən həbs cəzası tətbiq edə biləcəklər.
Sənədin qüvvəyə minməsi üçün ilkin razılaşmanı həm Aİ Şurası, həm də Avropa Parlamenti təsdiqləməlidir. Bundan sonra reqlamenti hər iki institut rəsmi şəkildə qəbul edəcək.












