Avropanın dörd dövləti Fələstinin tanınmasını tələb edir

İspaniya, Belçika, İrlandiya və Maltanın baş nazirləri iki dövlət – İsrail və Fələstin arasında münaqişəni həll etmək üçün tezliklə “tərəflərin iştirakı ilə” beynəlxalq sülh konfransının çağırılması tələb ilə Avropa İttifaqı Şurasının sədri Şarl Mişelə müraciət ediblər.
Gununsesi.info RTE-yə istinadla xəbər verirk ki, onlar bu barədə dekabrın 14-15-də keçiriləcək Avropa İttifaqı Şurasının iclası ərəfəsində Mişelə məktub yazıblar.
Dörd hökumət başçısının sözlərinə görə, elə bir vəziyyət yaranıb ki, Aİ üç məsələdə irəliləməlidir. Bunar davamlı humanitar atəşkəs, günahsız mülki əhalinin müdafiəsi üçün tədbirlər və iki dövlət arasında münaqişənin həlli üçün təcili siyasi prosesə ehtiyac olmasıdır.
“Bizim təklif Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının birgə sammitində təsdiqlənib”, – məktubda deyilir.
Baş nazirlər qeyd ediblər ki, İsrail dövləti ilə yanaşı Fələstin dövlətinin də tanınmasının ciddi və etibarlı perspektivi regionda qarşılıqlı tanınma, sülh və təhlükəsizliyə doğru irəliləmək üçün zəruridir.
Xatırladaq ki, Pentaqonun rəhbəri Lloyd Ostin İsrailin mülki insanları qorumaq üçün daha çox səy göstərmədiyi təqdirdə Qəzzada “strateji məğlubiyyət”lə üzləşəcəyini bildirib.
Bu arada ABŞ-ın vitse-prezidenti Kəmalə Harris bildirib ki, İsrail və HƏMAS arasında münaqişə bitdikdən sonra Qəzza və İordan çayının qərb sahilinin fələstinli əhalisini vahid hökumət altında birləşdirmək lazımdır.
Avropa diplomatiyasının rəhbəri Josep Borrell isə bildirib ki, Avropa İttifaqı Qəzzadakı müharibə ilə bağlı İsrailyönlü siyasət və ikili standartlarda bağlı ittihamlar səbəbindən müsəlman dünyasında və onun hüdudlarından kənarda artan düşmənçiliklə üzləşir.
Gununsesi.info