Avropaya mühacirət etmək istəyənlərə məsləhət -NORVEÇDƏ YAŞAYAN İDRAK ABBASOVDAN

  • By admin
  • 22 Oktyabr 2016 20:18

muhacir

Norveçdə yaşayan jurnalist İdrak Abbasov ona mühacirətlə bağlı suallar ünvanlandıran vətəndaşlara ümumi cavab verib. İdrak Abbasov Norveçdə satıcısız ticarət məntəqəsi ilə bağlı çəkdiyi sonuncu video rolikdən sonra çoxlu sayda mühacir kimi Norveçə köçmək istəyən vətəndaşların ona müraciət etdiyi ilə bağlı məlumat vermişdi. Buna görə də o, mühacirət etmək istəyənlərə öz Facebook səhifəsində ümumi məsləhətlərini çatdırıb:

“Əlqərəz söz verdiyim kimi, mühacirətlə baglı mənə gəlməkdə davam edən mesajlara ümumi bir cavab yazıram. Bilməyənlər üçün təkrar yazım ki, mən ICORN təşkilatının yazıçı və jurnalistlər üçün “Azad şəhər” layihəsi ilə qonaq qismində Norveçdə yaşayıram. Azul qaçqın düşərgəsi və ümumiyyətlə mühacirət yollarını keçməmişəm deyə bu barədə detallı təcrübəm yoxdur. Amma ümumi şəkildə bildiyim bir sıra məsələlər var və bu barədə məlumat verməyə çalışıram. Qeyd edim ki, Norveç əhalisi cəmi 5 milyon olan azad bir ölkədir. Bu ölkə hazırda BMT-nin xətti ilə az sayda suriyalıları, Eritreya ve digər bu qəbildən olan ölkələrdən humanitar qaçqınları (müharibə ve aclıq) qəbul edir. Bu da kvota ilədir. Azərbaycan kimi ölkələr varlı, kimsənin acından ölmədiyi, terror ve daxili müharibənin olmadığı, amma korrupsiyaya bulaşmış, insan haqlarının qorunmadığı avtoritar idarətməsi olan ölkələr sırasında görülür. Azərbaycan kimi ölkələrdən siyasi mühacir kimi yalnız həyat və azadlığına gerçək təhlükə ola bilən adamları Norveç qəbul edə bilər. Amma əgər kimsə Norveçdə mühacir kimi oturum almaq istəyirsə, mütləq bu ölkənin vizası ilə bura gəlməlidir. Norveç Avropa Birliyinin üzvü deyil (Şengen zonası olsa da). Avropada yeganə ölkə Norveçdir ki, sərhədlərində post var. Məsələn, Fransa harda bitir, Belçika və ya Almaniya harada başlanırsa, bunu yalnız reklam lövhələri və yol hərəkatı işarələri, məntəqələrin adlarından müəyyən etmək olur. Viza məsələsi ona görə vacibdir ki, Dublin protokolu var. Mühacir kimi müraciət edənləri viza verilən ölkəyə deport edirlər. Pasportları gizlətmək və ya cırıb atmaq təcrübəsi artıq işə yaramır.

Çünki siz istənilən səfirlikdə viza alanda əl barmaq izləriniz alınır ve hətta Azərbaycan da indi biometrik pasport verir deyə sizin kimliyinizi, hansı ölkədən Şengen zonasına daxil olmağınızı bir saniyəyə müəyyən edə, hansı ölkənin vizası ilə gəldiyinizi də öyrənə bilərlər. Yalandan özündən qəhrəman, dissident obrazını yaratmağa da cəhd etməyin. Əgər əvvəllər bir mitinqdə çəkilən şəkillə və ya bir siyasi liderin yanında durub çəkilən portretlə siyasi sığınacaq almaq mümkün idisə, indi bu mümkün deyil. Çünki Avropada mühacir bumu yaşanır. Hətta əfqanları ötən il Norveç deport edib. İnandırıcı yalan danışıb oturum alsanız da, hər zaman yalanınızın üstünün açılacağı və hətta vətandaşlıq alıbsınızsa, bu belə ləğv edilə və siz deport edilə bilərsiniz. Məsələn, keçən il burada özünü fələstinli kimi təqdim edib oturum, sonra hətta vətəndaşlıq alan adamlar 20 ildən sonra müəyyən edilib vətəndaşlıqlarını ləğv edib deport ediblər. Reket qəzetlərdən, saxta müxalifət partiyalarından aldığınız vəsiqə və arayışlara da inanmayın. Mənə konkret adamlar yazıb və şəklini də yollayıblar ki, hansısa saxta saytdan bir ətək pulla vəsiqə və arayış alıblar ki, guya jurnalist kimi sığınacaq alacaqlar.

Bunu qısa müddətdə aydınlaşdırıb sizi deport edəcəklər. Mühacir biznesi ilə məşğul olanların toruna da düşməyin. Sizə saxta viza və ya rüşvətlə həqiqi viza əldə edilə bilər (Avropanın 2 və 3-cü dərəcəli ölkələrinə).  Məsələn, Polşa, Çexiya, Litva, Macarıstan və s. Guya gələn kimi sizə deyəcəklər keçin yuxarı başa, işləyəcəksiniz və ya oranın oturumu ile daha inkişaf etmiş Avropa ölkələrində gedib işləyəcəksiniz. Bunlar nağıldır! Avropanın demək olar kı, heç bir ölkəsində bizim diplomlar və ya sürücülük vəsiqəmizi tanımırlar. İnkişaf etmiş Avropa ölkələrinə də düşdükdən sonra yağ-bal içində üzəcəyinizi zənn etməyin. Hər şey sıfırlanacaq, hər şeyi yenidən anadan olmuş uşaq kimi başlamalı olacaqsınız. Yəni canınıza əziyyət verib dil öyrənməli, hansısa bir sənət öyrənməli və işləməli olacaqsınız. Artıq özünü şikəst yerinə qoymaq və ya dəli kimi göstərmək işə yaramır. Guya gəlib bir ətək uşaq pulu alacaqsınız, sosial yardımı süpürgə ilə süpürəcəksiniz və sair də nağıldır. Norveçdə hər uşağa görə cəmi 100 avro müavinət verilir, amma bir uşağın baxça pulu 400 avrodur. Bir ədəd çörək isə 5-6 avroya. Məsəl üçün yazdım. Sosial yardıma oturana yalnız minimum istehlak zənbilinə uyğun ərzaq pulu verilir və həmin adam hətta özünə paltarı da bu pulla ala bilməz, ona nimdaş paltar gətirib verəcəklər ki, geyin. Məsələn maşın alıb sürə bilməz, əlindən alarlar, heç sürücülük vəsiqəsi də ala biməz, çünki buna görə də pul ödəməlisən. Ola bilər sosial yardım və digər şeylərdən “köhnə qurdlar” bu gün də bəhrələnir və hətta Bakıda da özlərinə ev filan da alıblar. Amma Norveçdə hər qəpiyə nəzarət var deyə belə işləri burda görmək mümkün deyil. Bir məsələni də unutmayın ki, hazırda həqiqi ictimai siyasi fəaliyyətinə görə təzyiqə məruz qalan çoxsaylı adamlar Fransa, Almaniya, Belçika, Isveç və bir neçəsi də Norveçdə var ki, onlara YOX cavabı verilib və ya iki-üç ilə yaxındır ki, talelərinin necə olacağını gözləyirlər. Məsələn, bu yayda Lillihamer şəhərində olanda Şimal Filkelerinin birinin meri ile söhbət zamanı məlum oldu ki, bir azərbaycanlı ailəni 6 il düşərgədə saxlayandan sonra ona oturum veriblər. Yəni bu yol oturub baxdığınız qədər də asan yol deyil.

Bəziləri isə o qədər sadelövhdürlər ki, mənə yazırlar kı, necə Norveç vətəndaşlığını ala bilərik? Demək, qardaş və bacılar elə bilirlər ki, vətəndaşlıq da elə məlum videomdaki sahibsiz kartof kimi yol qıragına tökülüb. Norveçdə vətəndaşlıq almaq üçün oturum izni ilə azı 7 il yaşamalı, dili bilməli, daimi işi olmalı, vergi verməli, heç bir cinayət və cərimən olmamalı, Azərbaycan vətəndaşlığından imtina etməli və ya çıxarılmalısan və s. Norveçdə hazırda iş tapmaq da çox çətindir, xeyli ixtisarlar var, olan işi də ilk öncə yerli əhaliyə verirler. Kimsəyə gəlməyin də demirəm! Sonda isə deyim ki, hər kəsin adam kimi yaşamaq hüququ, balasının gələcəyini təmin etmək haqqı var. Əgər vətənini sənə cəhənnəmə çeviriblərsə və sən də bu cəhənnəmin cənnətə çevrilməsi üçün heç nə edə bilmirsənsə, bu o demək deyil ki, zillət içində “vətənşüvənlik” edib yaşamağa borclusan. Eger hansısa Avropa ölkəsine yol tapa bilsəniz və sözsüz ki, haqlı iddia ilə və canınıza əziyyət versəniz 2-3 ildən sonra adam kimi yaşamağa başlaya bilərsiniz. Çünki buranın ən pis ölkəsində qayda-qanun var, ədalet var və belə cəmiyyətlərdə yaşamaq, hətta qoca yaşında karyera etmək gec olmur.”

idrak

Idrak Abbasov