Avstraliya Ordu Qərargahının Gələcək Quru Qoşunları Müharibəsi bölməsinin baş direktoru, briqada generalı İan Langford Avstraliya Müdafiə Jurnalının təşkil etdiyi konqresdə çıxışı zamanı Azərbaycan Ordusunun peşəkar hazırlığına xüsusi diqqət çəkib.
Gununsesi.info xəbər verir ki, briqada generalı Avstraliya Ordusunun yüksək təhlükə şəraitində döyüş əməliyyatlarının aparılması ilə bağlı quru qüvvələri haqqında geniş təqdimatında digər ölkələrin təcrübəsini misal gətirib.
İan Langford Azərbaycan Ordusunun 2020-ci ildə yaxşı təchiz edilmiş və özündən heç də az hərbi gücə malik olmayan düşmən üzərində qələbəsini ordumuzun quruda mürəkkəb döyüşlərə hazırlığı, qətiyyəti və gücü ilə əlaqələndirib.
Avstraliyalı hərbi mütəxəssis Azərbaycan-Ermənistan münaqişəsində pilotsuz uçuş aparatlarının Azərbaycanın uğurlarına töhfə verdiyini desə də, bu silahların torpaq üzərində manevrlərə ehtiyacı aradan qaldırmadığını bildirib.
Bu təhlildən belə nəticə çıxarmaq olur ki, birləşmiş silahlı qüvvələrin zəif tərəflərini üzə çıxarmaq və onlara öz gücünü tətbiq etmək imkanı vermək üçün qısa mənzilli mobil hava hücumundan müdafiə sistemlərini birləşdirmək lazım gəlir.
Gununsesi.info