Avstriya Parlamentinin yeni sədrinin adı açıqlandı

  • By admin
  • 09 Noyabr 2017 18:55

Gununsesi.info xəbər verir ki, noyabrın 9-da 26-cı çağırış Avstriya Milli Şurasının (Parlament) ilk iclasında yeni sədrin adı açıqlanıb. Parlament seçkilərində qalib gələn Avstriya Xalq Partiyasının namizədi Elizabet Köstinqer səsvermə nəticəsində Parlamentin sədri seçilib.

38 yaşlı E. Köstinqer Avstriya tarixində bu vəzifəyə seçilən üçüncü qadın olsa da, səsvermənin nəticələri onun partiyası üçün ürəkaçan olmayıb. Səsvermədə iştirak edən parlamentarilərin 67 faizi (175 nəfərdən 17 nəfər) onun sədrliyini dəstəkləyib. Bundan əvvəlki sədr Doris Buresin isə bu vəzifəyə 78 faiz səslə seçilməsi açıq şəkildə yeni sədrin müxalifət partiyalarının rəğbətini qazanmadığını nümayiş etdirib. Müxalifət partiyaları da öz növbələrində səsvermə öncəsi E.Köstinqerin namizədliyini dəstəkləməyəcəklərini elan ediblər. Buna səbəb kimi E. Köstinqerin parlament təcrübəsinin olmaması və yaxın gələcəkdə nazirliklərdən birinə rəhbər gətiriləcəyinə dair ehtimallar olub.

Uzun müddət Avstriya parlamentində sədr müavini vəzifəsində çalışmış və həmçinin Avstriya Xalq Partiyasının üzvü olan Karlhaynts Kopf parlament seçkilərindən öncə sədrliyə ən real namizəd olsa da, partiyası tərəfindən onun namizədliyi irəli sürülməyib. 56 deputat K. Kopfun namizədliyini dəstəkləsə də, səsvermə E. Köstinqerin xeyrinə yekunlaşıb.

Avstriya parlamentinin ən gənc sədri kimi tarixə düşən E. Köstinqer indiyədək Avropa parlamentinin deputatı kimi ölkəsini təmsil edib və Avstriya Xalq Partiyasının sədri Sebastian Kurtsun ən yaxın silahdaşlarından biri kimi tanınır.

Gununsesi.info