Avstriyanın federal prezidenti müvəqqəti hökumətin istefasını qəbul edib

  • By admin
  • 01 Oktyabr 2019 19:45

Sentyabrın 29-da Avstriyada keçirilən növbədənkənar parlament seçkilərinin ardından federal prezident Aleksander Van der Bellen müvəqqəti hökumətin istefasını qəbul edib. Bununla da ekspertlərdən ibarət müvəqqəti Nazirlər Kabineti rəsmi olaraq buraxılıb.

Gununsesi.org xəbər verir ki, protokola uyğun olaraq, dövlət başçısı müvəqqəti hökumətə rəhbərlik edən Briqitte Birlayndan yeni hökumət formalaşanadək öz kabineti ilə işini davam etdirməyi xahiş edib. Prezident çıxışında yeni hökumətin qurulması üçün aparılacaq danışıqlarla bağlı öz mövqeyini bildirib, mümkün koalisiya tərəfdaşlığında qlobal iqlim böhranının da nəzərə alınmasına çağırış edib.

Qeyd edək ki, mərkəz-sağçı Avstriya Xalq Partiyası parlament seçkilərində qalib gəldikdən sonra Avstriyanın Federal Prezidenti bu partiyanın sədri Sebastian Kurtsa formal olaraq yeni hökumətin qurulması üçün mandat verəcək. Eyni zamanda, dövlət başçısı parlamentdə təmsil olunmaq hüququ qazanmış beş partiyanın sədrləri ilə görüşlər keçirəcək.

Siyasi ekspertlərin rəyinə görə, yeni hökumətin formalaşması üçün danışıqlar bu ilin sonunadək davam edəcək.

 

 

Gununsesi.org