Avstriyanın Zalsburq şəhərində Azərbaycan Evi açılıb 

  • By admin
  • 22 Sentyabr 2021 16:02

Sentyabrın 21-də Avstriyanın Zalsburq şəhərində Azərbaycan Evinin rəsmi açılış mərasimi keçirilib.

Gununsesi.info xəbər verir ki, açılışda Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Avstriyadakı səfirliyi, Azərbaycanın Zalsburqdakı fəxri konsulluğu, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi və əməkdaşları, Avstriyada yaşayan soydaşlarımız və yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli açıb. O çıxışında Avstriyada Azərbaycan icmasının vəziyyəti, diaspor fəaliyyətinin təşkili və görülən işlər barədə danışıb və qeyd edib ki, diaspor fəaliyyətinin əsas istiqamətlərindən biri də yerli ictimaiyyətə Azərbaycan mədəniyyətini təbliğ etməkdir. Səfir Azərbaycan-Avstriya ikitərəfli əlaqələrinin müsbət inkişafından danışaraq, mədəni əlaqələrin inkişafı istiqamətində Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətini təqdir edib. O, Zalsburqda Azərbaycan Evinin ölkələr arasında əlaqələrin inkişafına təkan verəcəyinə ümidvar olduğunu vurğulayıb.

Azərbaycanın Zalsburq, Tirol və Forarlberq federal əyalətləri üzrə fəxri konsulu Mixael Haynritsi çıxışında Avstriyanın qeyri-rəsmi paytaxtı statusunu daşıyan Zalsburq şəhərində Azərbaycan Evinin açılmasından məmnunluq ifadə edib. O bildirib ki, bu məkanda diaspor üzvlərinin sıx toplaşması ilə yanaşı, müxtəlif mədəni tədbirlərin təşkili və həftəsonu məktəbinin fəaliyyət göstərməsi mümkün olacaqdır.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışında xarici ölkələrdə yaradılmış Azərbaycan evləri və onların fəaliyyəti haqqında məlumat verib.

Qeyd edilib ki, koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlər yaranmasına baxmayaraq, Azərbaycan evlərinin uğurlu fəaliyyətini təşkil etmək mümkün olub və onların sıraları genişlənib. Bu gün Zalsburq şəhərində açılan Azərbaycan Evinin sayca 15-ci belə bir mərkəz olduğunu diqqətə çatdıran F.Muradov 2024-cü ilədək onlarının sayının 26-ya çatdırılmasının nəzərdə tutulduğunu bildirib.
Komitə sədri deyib ki, Azərbaycan Evi, ilk növbədə, Azərbaycan icması üzvlərinin bir araya gəldiyi məkandır və onlar həmin məkanda öz diaspor fəaliyyətlərini daha səmərəli təşkil edə biləcəklər. F.Muradov, eyni zamanda, pandemiya dövrü, Tovuz hadisələri və 44 günlük Vətən müharibəsi dövründə xaricdəki koordinasiya şuralarının və Azərbaycan evlərinin işini təqdir edərək bildirib ki, artıq soydaşlarımızın diaspor fəaliyyətində yeni bir mərhələ başlayıb və qarşıda böyük hədəflər durur. Azərbaycan dövləti tərəfindən həyata keçirilən islahatlar sayəsində diasporumuz da yeni uğurlara imza atır. Bu istiqamətdə Avstriyadakı Azərbaycan icmasının üzərinə böyük işlər düşür və yaradılan Azərbaycan evləri icma üzvlərinin bir araya gəlməsi, öz fəaliyyətlərini səmərəli şəkildə vahid mərkəzdən təşkili üçün məkan rolu oynayacaqdır.
Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti və diaspor nümayəndələrinin Şuşa səfərinə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.
Avstriya Azərbaycanları Cəmiyyətinin sədri Fərid Əzizov hesabat xarakterli çıxış edib, təşkilatın yarandığı gündən indiyədək göstərdiyi fəaliyyəti əks etdirən videoçarx nümayiş olunub.
Açılış mərasiminin bədii hissəsində Əməkdar artistlər – tarzən Sahib Paşazadə və nağara ifaçısı Kamran Kərimov solo konsert proqramı ilə çıxış ediblər. Proqramda xalq mahnıları, rəqslər və muğam kompozisiyası təqdim olunub.

Gununsesi.info