AXC dövründə iqtisadi inkişaf meylləri

  • By admin
  • 24 May 2018 14:20

 

1918-ci ilin may ayında Şərqin ilk demokratik respublikası – Azərbaycan Xalq Cümhuriyyəti (AXC) quruldu. AXC fəaliyyət göstərdiyi dövr ərzində tarixi addımlar atdı. O dönəm üçün Avropa dövlətlərinə nümunə ola biləcək səviyyədə bir çox islahatlar apardı. Demokratik dəyərlər inkişaf etdirildi, qadınlara seçkidə iştirak hüququ verildi.

Bütün bunlarla yanaşı ölkə iqtisadiyyatının inkişafı ilə bağlı təxirəsalınmaz addımlar atıldı.

Qeyd edək ki, AXC-nin Nazirlər Kabineti müstəqil büdcə quruculuğuna və vergi işinin təşkilinə mühüm yer ayırırdı. 1918-ci ilin sonlarında Azərbaycanda müstəqil dövlətin büdcə quruculuğu təcrübəsinin əsası qoyuldu. Vergi siyasətini həyata keçirmək məqsədilə parlamentin 1919-cu il iyunun 17-də qəbul etdiyi qərarla Maliyyə Nazirliyinin nəzdində Vergi Müfəttişliyi təsis olundu. Yeni quruma vergi müvəkkillərinin və vergi məntəqələrinin fəaliyyətini nəzarətdə saxlamaq və təftiş etmək səlahiyyətləri verildi. Həmin dövrdə vergi polisinin yaradılması nəzərdə tutulsa da, hökumət bu qurumun təsis olunmasını məqsədəuyğun hesab etməmişdi.

Vergi Müfəttişliyinin yaradılması və fəaliyyətə başlaması ilə vergi orqanlarının mərkəzi və yerli şəbəkəsi formalaşdırıldı. Cümhuriyyətin vergi siyasəti ilə bağlı mühüm addımlarından biri həmin dövr üçün xüsusi aktuallıq kəsb edən aksiz vergilərinin toplanmasını təmin etmək idi. Bu məqsədlə aksiz idarələri yaradılmışdı. İdarələr Bakı, Gəncə, Zaqatala quberniyaları daxil olmaqla mərkəzləşdirildi, qəza rəislərinin vergi yığmaq funksiyası ləğv olundu. Vergi Müfəttişliyi ilə bərabər, şəhər özünüidarəetmə orqanları da bəzi vergilərin toplanmasına kömək edirdi.

Vergi siyasətində ən mühüm məqamlardan biri parlamentin 1919-cu il oktyabrın 2-də qəbul etdiyi qanuna əsasən, hərbi verginin ləğv edilməsi oldu. 1915-ci il aprelin 19-dan hərbi mükəlləfiyyətdən azad olunanlara tətbiq edilən verginin ləğvi hərbçilərdə yaranmış sosial narahatlığı aradan qaldırdı.

Daha bir prioritet sahə isə veynəlxalq iqtisadi əlaqələrin qurulması və inkişaf etdirilməsi idi.

Gömrük işi

1918-1920-ci illərdə iqtisadi siyasət kursunun müəyyənləşməsində və xarici dövlətlərlə ticarət əlaqələrinin genişlənməsində Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Məmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Məhəmmədhəsən Hacınski, Həsən bəy Ağayev, Məhəmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Əli ağa Həsənov, Ağa Əminov, İvan Protasov, Xəlil bəy Xasməmmədov, Mirzə Əsədullayev, Əhməd Cövdət Pepinov kimi dövlət xadimlərinin böyük əməyi olub. AXC-nin rəhbərləri milli gömrük sisteminin yaradılması prosesini diqqətlə izləyir, gömrük məsələlərinə aid qanun və qərarların işlənilib-hazırlanması işində birbaşa iştirak edirdilər.

AXC hökuməti tərəfindən müstəqil xarici ticarət və gömrük siyasəti həyata keçirilirdi. Yeni yaradılan gömrük xidmətinin hüquqi-normativ əsasları və gömrük-tarif qaydaları həmin dövrün siyasi-iqtisadi konyukturasına uyğunlaşdırılırdı. Lakin iqtisadi məsələlərinin araşdırıldığı ümumiləşdirici əsərlərdə Azərbaycan Xalq Cümhuriyyəti dövrü tarixinə aid qısa məzmunlu qeydlər verilib.

Həmin dövrdə yenicə müstəqilliyini əldə etmiş Azərbaycanın beynəlxalq ticarət və gömrük sisteminə qoşulması asan proses deyildi və hökumət idarəetmə, qanunvericilik, gömrük tənzimlənməsi, nəqliyyat və s. sahələrdə müxtəlif problemləri həll etməli idi. Bu çətinliklərə baxmayaraq, Cümhuriyyət qısa müddət ərzində dünyanın bir sıra ölkələri, o cümlədən Osmanlı dövləti, İran, İngiltərə, ABŞ, Fransa, İtaliya, Gürcüstan, Dağıstan və Orta Asiya ilə iqtisadi əlaqələr qurmağa nail olub, bir sıra dövlətlərlə ticarət müqavilələrinin bağlanması barədə razılıq əldə edib. Müstəqil gömrük xidmətinin təşkili işinə sadəcə ölkə əhalisinin iqtisadi təhlükəsizliyini, daxili bazarın müdafiəsini və iqtisadiyyatın gücləndirilməsini təmin etməli olan bir qurumun yaradılması kimi deyil, ümumən dövlət quruculuğunun mühüm tərkib hissəsi kimi baxılırdı. 1920-ci ilin əvvəllərində ölkənin daxili siyasi həyatı xeyli sabitləşdi. Qısa müddət ərzində və böyük səylər hesabına yaradılan dövlət idarəetmə aparatı, o cümlədən maliyyə, gömrük, aksiz nəzarəti və mütəşəkkil sərhəd mühafizəsi strukturlarının fəaliyyəti daha da təkmilləşdirildi.

Araşdırmalar bir daha təsdiq edir ki, AXC hökuməti müstəqil gömrük siyasəti yeridib. Yeni yaradılmaqda olan gömrük qanunvericiliyi və gömrük-tarif siyasəti həmin dövrün siyasi-iqtisadi konyukturasına uyğunlaşdırılmışdı. Gömrük xidməti ilə yeni təşkil edilən sərhəd mühafizəsinin əlbir fəaliyyət göstərdiyi mərhələ milli gömrük xidmətinin möhkəmlənməsində keyfiyyətcə yeni bir dövr başlasa da, təəssüf ki, bolşevik süngülərinin təzyiqi ilə Cümhuriyyətin süqut etməsi bu işi başa çatdırmağa imkan vermədi.

Gömrük xidməti demək olar ki, dövlət hakimiyyətinin ayrılmaz tərkib hissəsi və təsir vasitəsi olub.

Xarici kapital

Azərbaycanda xarici kapital və konsessiya məsələsinə dair həm parlamentin, həm də xarici kapital nümayəndələrinin fikirləri uyğun gəlirdi. Fransız kapitalistlərinin fikrincə, xarici kapitalın, o cümlədən fransız kapitalının Azərbaycana gəlməsi gənc müstəqil dövlətin yaşamasını, onun məhsuldar qüvvələrinin inkişaf etməsini təmin edər.

Azərbaycan hökumətinin 18 oktyabr 1919-cu il tarixdə qəbul etdiyi qərarda Böyük-Şor gölünün bir hissəsini “Nobel qardaşları birliyinə” icarəyə verilməsi haqqında vaxtı bitmiş müqavilənin bərpa olunması göstərilir, bu müqavilənin şərtlərinə yeni dəyişikliklərin edilməsi əsaslandırılırdı.

Xarici kapitalın respublikaya hansı şəkildə tətbiqinə gəldikdə isə aşağıdakı formalar təklif olunurdu: 1) İngiltərə, Almaniya, Fransa, Hollandiya və ABŞ-da olduğu kimi müəyyən sənaye sahəsinin sadəcə, maliyyələşdirilməsi yolu ilə; 2) Konsessiya formasında. Fransız kapital sahibləri ikinci yola üstünlük verirlər. Belə hesab edirlər ki, Azərbaycanda konsessiya obyekti nəqliyyat, meşə sərvətinin istehsalı, liman avadanlıqları istehsalı, neft rayonlarının elektrikləşdirilməsi, soyuducu işi və s. ola bilər. Həmçinin respublika sərhədləri daxilində mal mübadiləsini tənzimləmək məqsədilə 1919-cu ilin avqust ayından xaricdən Azərbaycana gətirilən bir sıra zinət şeylərinə xüsusi müvəqqəti gömrük tarifləri tətbiq olunur. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 22 dekabr 1919-cu il tarixli iclasında hökumət rəhbəri Nəsibbəy Yusifbəyov yeni kabinənin bəyannaməsini elan edir. Bəyannamə iqtisadi fikir baxımından diqqəti cəlb edir. Orada Azərbaycanın azad və müstəqil yaşamasının şərti kimi güclü iqtisadiyyatın yaradılması zərurəti göstərilir. Hökumətin xarici ticarət siyasətində köklü dəyişiklik etməsi nəzərdə tutulur. İndiyədək ticarət siyasətində idxalı artırmaq və imkan daxilində ixracı azaltmaq üstünlük təşkil edirdisə və nəticədə pul qiymətdən düşürdüsə, artıq indi ixracı stimullaşdırmaq istiqamətində tədbirlərin həyata keçirilməsi mümkünlüyü və zərurətindən bəhs olunurdu . Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti özünün xarici iqtisadi fəaliyyətində daima Azərbaycan hökumətinin başlıca vəzifələrini reallaşdırmaq məqsədini güdürdü. Bu vəzifələrdən biri öz əhalisini zəruri şeylərlə təmin etməkdən və xəzinənin gəlirlərini artırmaq üçün əlavə mənbələr axtarıb tapmaqdan ibarət idi. Belə əlavə mənbələrdən biri də gömrük gəlirləri idi. Bu və ya digər məhsulun xaricə satışına icazə verilməsi və ya onun qadağa edilməsi zamanı o məhsulun əhali üçün nə dərəcədə zəruri olması, hökumətə nə qədər gəlir gətirməsi halları diqqətlə nəzərə alınırdı. Azərbaycan hökumətinin 20 fevral 1919-cu il tarixli qanun layihəsi ilə xaricə konyak, üzüm və tut spirtlərinin ixracına icazə verilir. Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən qabaq xaricə spirtlərin satışı qadağan olunmuşdu. Bu da bəzi təsərrüfatların və hökumətin maliyyəsinə ciddi mənfi təsir göstərmişdi. Hökumət belə hesab edir ki, xaricə spirt satışında nəinki dövlət xəzinəsi və araq çəkməklə məşğul olan adamlar, həmçinin bütün əhali maraqlıdır. Onlar öz təsərrüfat məhsulları olan üzümü və tutu şərab zavodlarına satmaqla qazanar, indiyədək heç bir qiyməti olmayan tullantılardan (məsələn, çürümüş meyvə qabıqları) istifadə sərfəli bir işə çevrilər. Bu qanun layihəsini işləyib hazırlayarkən hökumət həm də onu nəzərdə tuturdu ki, əhali üçün spirt ancaq texniki və tibbi məqsədlər üçün zəruridir. Xaricə satışına icazə verilən 85 dərəcəli konyak spirti və 40-45 dərəcəyə qədər olan üzüm və tut spirti isə bu məqsəd üçün yaramır. Ona görə də onun xaricə satışından əhaliyə heç bir ziyan dəyə bilməz.

İxrac potensialı

Parlamentin Azərbaycan Respublikasının sərhədlərindən kənara xammal ixracının şərtləri haqqında qəbul etdiyi qanun da respublikanın xarici iqtisadi fəaliyyətini öyrənmək baxımından çox qiymətlidir. Bu qanuna görə pambıq, yun, ipək, frizon (ipək istehsalında tullantı), barama kimi xammalların azad şəkildə ixracına bu şərtlə icazə verilirdi ki, ixrac olunan xammalın dəyərinin 25 faizi əvəzsiz olaraq xəzinənin hesabına keçirilsin. Məsələnin belə qoyuluşu xarici valyuta əldə etmək və ya əmtəə mübadiləsi qaydası ilə dövlətə lazım olan zəruri məhsulları almaq imkanı verirdi. Bu şəkildə xammal ixracının nisbətən səmərəli bir tədbir kimi ortaya çıxması çoxlu mübahisələrin, fikir ayrılıqlarının təsiri nəticəsində aşkar olundu. Ticarət, Sənaye və Ərzaq Nazirliyi ilk vaxtlar valyuta əmtəələrinin xarici bazarlarda özünün xüsusi agentləri vasitəsi ilə satışının təşkil olunmasını irəli sürdü. Lakin bu agentlərin Qərb bazarlarının qayda-qanununu kifayət qədər bilməməsi və bu qaydaların hələ hökumət üçün də qaranlıq olması nazirliyin bu tədbirdən əl çəkməsinə səbəb oldu. Bu zaman xarici valyuta əldə etmək məqsədi ilə belə əmtəələrin azad satışına icazə verilməsi, azad ticarət prinsipinin tətbiqi kimi mülahizələr də mövcud idi. Bu mülahizələr onların tətbiqində ciddi çətinliklərin mövcudluğu ucbatından həyata keçirilmədi. Məsələn, azad ticarət prinsipinə keçid ona görə əlverişli ola bilməzdi ki, bütün qonşu respublikalarda tənzimlənən əmtəə mübadiləsi sistemi üstünlük təşkil edirdi. Belə şəraitdə yalnız Azərbaycanda azad ticarətin tətbiqi respublikadan hər şeyin ixracına səbəb olar, idxal minimum həddə enərdi. Qonşu respublikalar Azərbaycan mallarından özlərində xaricə əmtəə mübadiləsi əməliyyatları üçün istifadə edərdilər. Nəticədə Azərbaycan hökuməti xammal ixracına, xəzinəyə müəyyən rüsum keçirmək şərti ilə icazə vermək qaydasına üstünlük verdi. Xammal ixracına dair bu cür qaydanın işlənib hazırlanmasını Azərbaycan Xalq Cümhuriyyəti dövründə iqtisadi fikrin mühüm nailiyyəti hesab etmək olar.

Mail Ağaxanov

Yazı İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı” mövzusunda müsabiqəyə təqdim edilir.