AXCP və Müsavat 5 min üzvü sənədləşdirə biləcəkmi? - AÇIQLAMA

  • By admin
  • 12 Yanvar 2023 11:01

Prezident İlham Əliyevin dünən imzaladığı fərmanla “Siyasi partiyalar haqqında” yeni qanun qüvvəyə minib.

Yeni qanuna görə, siyasi partiyaların fəaliyyəti üçün 5 min üzv tələb olunur.

Qanunda, həmçinin üzvlərin reyestrinin aparılması da nəzərdə tutulur.

Bəs görəsən, yeni qanun ölkənin radikal müxalifət partiyalarını sıradan çıxaracaqmı?

Gununsesi.info-ya açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib ki, əslində bu qanunun qəbulu buna hesablanıb:

“Əslində qəbul olunan qanun məhz siyasi fəalların tam siyahısının dəqiqləşdirilməsi və onlara ən azı mənəvi təzyiqlərin edilməsi üçün nəzərdə tutulub. Azərbaycan reallığında övladları dövlət strukturunda işləyən valideynlərə bu gün təzyiqlər göstərilirsə, qanunun qəbulundan sonra bunun daha geniş vüsət alacağı gözləniləndir”.

Bununla belə gülağa Aslanlı 5 min nəfərin reyestrə salınmasının Müsavat üçün hər hansı problem yaratmayacağını deyib: “Bizim üzvlərimizin sayı 5 mindən çoxdur”.

AXCP sədrinin müavini Seymur Həzi də Gununsesi.info-ya açıqlamasında yeni qanunu tənqid edib.

Onun sözlərinə görə, hökumət yerli və beynəlxalq ictimai rəyi nəzərə almadan bu qanunu qəbul edib: “Azərbaycanın üzv olduğu təşkilatlar qarşısında demokratik təsisatlara dair öhdəlikləri var. Amma görünən odur ki, buna əməl olunmur. Bu qanunu qəbul etməklə real siyasi qüvvələri sıradan çıxarmaq məqsədi güdülür”.

“AXCP üçün 5 min üzvü sənədləşdirmək çətin deyil ki” sualına Seymur Həzi belə cavab verib: “AXCP-nin on minlərlə üzvü var. Söhbət bundan getmir. Məsələ ölkənin real siyasi partiyalarını sıradan  çıxarmaqdan gedir. Hökumət bu qanunu qəbul etdirməklə, bu məqsədi güdür. Qanunda çoxsaylı antidemokratik müəddəalar var”.

 

Elmar Elnuroğlu

Gununsesi.info