Gununsesi.info
Müasir Azərbaycan Gəncliyi (MAG) verilişinə qonaq olan Vüsal Rzasoyun ifası sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Gununsesi.info-nun “qafqazinfo”ya istinadən verdiyi məlumata görə, gənc musiqiçi proqramda “Ayə, harayə gedirsən ayə?” mahnısını gitara ilə oxumağa başlayıb.
Eyni zamanda Pantomima Teatrında çalışan Rzasoyun qeyri-adi ifası studiyada əyləşən qonaq və aparıcının təəccübünə səbəb olub.
Qeyd edək ki, AzTV-də yayımlanan Müasir Azərbaycan Gəncliyi (MAG) verilişi sosial şəbəkələrdə müzakirə olunan kadrlarla bağlı açıqlama verib.
MZ productionun rəhbəri Üzlüfət Qasımova “Qafqazinfo”ya açıqlamasında həmin kadrların AzTV-də yayımlanmadığını bildirib: “O kadrlar AzTV-də getməyib. Sözügedən proqram çəkiləndən sonra biz Vüsal Rzasoyun mahnılarını dinlədik, daha sonra qərara aldıq ki, AzTV-yə uyğun deyil. Bu səbəbdən həmin görüntünü efirdə yayımlamadıq, MAG-ın səhifəsində paylaşmaqla kifayətləndik. Sözügedən videonu 20 gün əvvəl səhifədə yaymışıq. Təəssüflər olsun ki, saytlar maraqlanmadan həmin kadrları efirdə getmiş kimi təqdim edib. Maraqlıdır ki, “MAG” 5 ildir efirdə olsa da, bu günə qədər heç belə müzakirəyə səbəb olmamışdı”.
Üzlüfət Qasımova həmçinin qeyd edib ki, Vüsal çox istedadlı gəncdir: “Onun çox peşəkar əcnəbi prodüseri var. Vüsal xarici ölkələrdə ifası ilə pul qazanır. Biz heç bir müğənnimizin belə prodüserini görməmişdik”.