Xəbər verildiyi kimi, Bakı-Gəncə-Bakı aviareysləri yanvarın 9-dan ləğv edilib.
AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski uçuşların kommersiya baxımından səmərəli olmadığı üçün ləğv edildiyini bildirib.
Gununsesi.info-nun xəbərinə görə, paytaxtdan ölkənin ikinci şəhərinə uçuşların ləğvi Gəncənin sabiq deputatı Aydın Abbasovun narazılığna səbəb olub.
Deputat özünün sosial şəbəkədəki səhifəsində bununla bağlı düşüncələrini bölüşüb.
Həmin qeydləri təqdim edirik:
“Kommersiya adıyla məsələyə hər hansı bahanə gətirmək düzgün deyil. Gəncə ölkəmizin ikinci şəhəridir. Təəssüflər olsun ki, hələ də bu qərarı verənlər bunu anlamırlar. Gərək, ölkənin rəhbəri hər zaman sizə öz iradlarını bildirsin ki, sizdə funksional öhdəliklərinizi anlayasınız? Bu, prestij məsələsidir. Mütləq şəkildə bu aviareys bərpa olunmalıdır. Turizmin inkişafı naminə. Bundan başqa, ölkəmizin qərb bölgəsinin Bakı şəhəri ilə hava nəqliyyatını kəsmək olmaz”.
Sabiq millət vəkili Gəncə rəhbərliyini də hərəkətə keçməyə çağırıb:
“Gəncə şəhərinin etimad göstərilmiş və rəhbər şəxsləri bu məsələ ilə çox ciddi məşğul olmalıdır. Bu barədə sakinlərə də məlumat verməlidirlər. Bir dəfə də belə hadisə baş vermişdi. Gəncənin o vaxtkı deputatları bu məsələni çox ciddi şəkildə qaldırmışdılar. Həmin deputatlar məsələnin həllinə nail olmuşdular”.
Gununsesi.info