
2016-ci il Azərbaycan iqtisadiyyatında fundamental iqtisadi islahatların aparıldığı il kimi tarixə düşəcək.
Bu fikri Gununsesi.info-ya açıqlamasında millət vəkili Aydın Hüseynov deyib. Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin iyulun 10-da Nazirlər Kabinetinin iclasında ifadə etdiyi kimi, həqiqətən də, 2016-cı il ölkədə dərin iqtisadi islahatlar ili olacaq. “Çünki Azərbaycan iqtisadiyyatının neftdən olan asılılığını aradan qaldırmaq, qeyri-neft sektorunun inkişafı islahatlardan asılıdır və bu islahatlar həyata keçirilməkdədir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi, dərin iqtisadi islahatları həyata keçirərək, iqtisadi dayanıqlılığı təmin etmək üçün ölkə başçısının siyasi iradəsi ortadadır” – deyə, millət vəkili vurğulayıb. Millət vəkili əlavə edib ki, ölkə başçısının çıxışında səsləndirildiyi kimi, qlobal iqtisadi böhranın Azərbaycana təsirlərini məhz həyata keçirilən uğurlu iqtisadi islahatlar nəticəsində minimuma endirmək olub. “Dünyada baş verən iqtisadi böhranın Azərbaycana təsirlərinin qarşısını almaq üçün iqtisadi islahatlar bundan sonra da davam etdiriləcək və dərinləşdiriləcək. Bu islahatlar nəticəsində ölkə iqtisadiyyatı şaxələndiriləcək və bununla bağlı artıq ciddi proqram və layihələr mövcuddur. Onlar həyata keçirilməkdədir. Xüsusən də, qeyri-neft sekronunun inkişaf etdirilməsi, kənd təsərrüfati sahəsi, emal sənayesi və digər sənaye sahələrinin inkişaf etdirilməsi ilə bağlı konkret layihələr həyata keçirilir. Bu məqsədlə ölkənin müxtəlif bölgələrində texno və sənaye parkları yaradılır. Kənd təsərrüfatının inkişaf etdirilməsi və ixracın stimullaşdırılması istiqamətində işlər gedir. Bir zamanlar mövcud olmuş pambıqçılıq, tütünçülük, baramaçılıq və digər sahələrin yenidən dirçəldilməsi sahəsində real addımlar atlmaqdadır. Ölkədə normal biznes mühitinin yaradlması ilə bağlı ciddi addımlar atılıb. İş adamları lüzumsuz yoxlamalardan azad edilib. Xarici kapitalın ölkəyə cəlb edilməsi istiqamətində lamızi addımlar atılıb və bu proses davam etməkdədir. Ümumiyyətlə, ölkədə iqtisadi islahatları davam etdirmək və iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində iqtisadi qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində də mütəmadi olaraq davam etdirilir. Ölkədə biznes mühitinin yaxşılaşdırılması ilə bağlı iqtisadi qanunvericilik sahəsinda lazımi tədbirlər götürüləcək, mövcud qanunlara dəyişikliklər və əlavələr ediləcək. Lazım olarsa yeni qanunlar hazırlanacaq” – deyə, A. Hüseynov vurğulayıb. Millət vəkili deyib ki, son illərdə turizm sektorunun inkişafı ilə bağlı ciddi işlər görülməkdədir. “Son illərdə ölkədə keçirilən beynəlxalq səviyyədə keçirilən idman yarışları və digər toplantılar ölkəyə turizm axınına şərait yaradır və bu sahənin inkişafını stimullaşdıran amillərdəndir. Ölkədə turizm sektorunun inkişafı üçün lazımı infrastrukturların yaradılması ilə bağlı işlər görülməkdədir. Bütün bunlar bizə deməyə əsas verir ki, 2016-cı il Azərbaycanda fundamental iqtisadi islahatların başlanğıcı kimi yadda qalacaq” – deyə, millət vəkili qeyd edib. Millət vəkili sonda onu da əlavə edib ki, bütün bu həyata keçirilən islahatlar nəticəsində Azərbaycan nəinki sadalanan sahələrdə uğurlara imza atacaq, hətta, qısa zaman kəsiyində öz brendləri ilə tanınan ixracatçı bir ölkəyə çevriləcək.
M.Bünyadlı