“Bayram ərəfəsində insanların əfv olunması cəmiyyət tərəfindən birmənalı olaraq rəğbətlə qarşılanan bir addımdır”
Bunu Gununsesi.org-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşhədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli ölkə başçısının bayram ərəfəsində imzaladığı əfv sərəncamına münasibət bildirərkən deyib. İlahiyyatçı bu işdə vasitəçi olan şəxslərin də Allah yanında savab qazandığını bildirib:
“Ümumiyyətlə, bayram ərəfəsində insanların azadlığa qovuşması çox sevindirici bir haldır. Eyni zamanda müxtəlif və o cümlədən inanclı insanların əfv edilməsi cəmiyyətdə barış mühitinin formalaşmasına, müəyyən radikal təzahürlərin artmasına mane olur. Ona görə də istər dini, istərsə də ictimai cəhətdən məsələyə yanaşsaq, ancaq müsbət fikirlər demək olar. Bayram ərəfəsində insanların əfv olunması cəmiyyət tərəfindən də birmənalı olaraq rəğbətlə qarşılanan bir addımdır. Təbii ki, bu işdə vasitəçi olanların və xidmət göstərənlərin Allah yanında böyük savabı var, çünki insanı əziyyətdən xilas etmək, ayrılıqda olan insanları qovuşdurmaq dinimizdə bəyənilən əməl sayılır. Novruz Bayramında küslüləri barışdırmaq da qovuşdurmağa xidmət etməyin başqa bir formasıdır. Məhbus həyatı yaşayan insanların əfv olunması onların ailələrinə və yaxınlarına qovuşması deməkdir. Bu da Allah yanında ən dəyərli əməllərdən biri sayılır”.