
Küçədəqalmış, boşanmış, ərsiz…
Küçədəqalmış ola bilər adam. Evin-eşiyin olmaz, olarsan küçədə qalmış. Bu ifadəni əxlaqa calamaq olmaz. Ərsiz də ola bilər adam. Əri ölər bilər, məsələn. Boşanmışda dayanın, sizə sözüm var, Cümşüd əfəndi…
Nəslinizdə, kökünüzdə, ailənizdə heç boşanmış biri yoxdurmu? Ona da “ərsiz”, “küçədəqalmış” deyib, başına qaxınc vurursunuzmu? Onu da boşanması əxlaqının göstəricisidirmi? Ya da uğursuz bir kişinin böyründə ömrünü çürütməklə ərli olmaq sizcə, uğurlu bir seçimdirmi? Və ümumiyyətlə, bir batalyon qadın yığışıb gedib pis-yaxşı bir mücadilə aparanda, siz harada və nəylə məşğul idiniz?
Buradaa bir haşiyə…
Bir neçə gün öncə tükürpədən bir olay baş verdi Bakıda. Ana-bala yaşadıqların evin balkonundan özlərini atıb öldürdülər. Evin itkin düşmüş digər qızını polis tapandan sonra, onu da sığınacaqda izləyib qardaşı qətlə yetirdi. Bir evin üç qadınının ölüm xəbəri ildırım kimi vurdu adamı. Dəhşətə gəlmişdim. O çağacan ki, Cümşüd müəllimin ittihamını eşitdim. Düzü düşündüm ki, intiligent pərdəsi altında gizlənməyə sonacan gücü çatmır bəzən ictimai fəal olan kişilərin bir çoxunun. Situasiya yaranan kimi gerçək simalarını göstərirlər. İndi düşünürəm, bir batalyon qadının əxlaqına kölgə salan “ziyalı” ilə baş kəsən gədə arasında elə də bir fərq yoxdur. İkisi də kişidir, ikisi də azərbaycanlıdır, ikisi də Bakıda yaşayır. Sadəcə mühitləri fərqlidir. Yəni yerlər dəyişsəydi, mütləq Aytənin başını kəsənin adı Cümşüd ola bilərdi.
Gəldik çıxdıq məsələnin vacib məqamına. Bizim cəmiyyətdə ən ideal modellərin tətbqinə nail olunsa da, nəticə ürəkaçan olmayacaq. Çünki insanlarımızın beyni, xarakteri və tipi o modelə uyğun gəlmir. Məsələn, Cümşüd müəllim və bacısının öldürən o gədə kimi yanaşırıq hər şeyə. Dar çərçivədən, öz maraqları baxımından, hikkəli və anormal. Beyinlər, yanaşmalar və dünya görüşü dəyişməsə, heç nə alınmayacaq.
Bir məqam daha. Qədim peşənin sahibi olan qadınlar var dünyada, millətlərinin, dövlətlərinin adını çıxarıblar bu işdə. Dövlətlərinin başbilən kişiləri də nataraz siyasi planlar cızır və dünyanı oynadır bu peşə, həmin siyasət üzərindən. Demirəm ki, bizim də siyasətimizin qayəsində bu peşə dursun. Demək istədiyim odur ki, hər şeyi yaxşıya da, iyrənc bir nəsnəyə də dönüşdürmək də insanın öz əlindədir. İndi neçəsi şəhid olan, neçəsi aldığı yaralardan ana olmaq haqqını itirən, neçəsi bəlkə də artıq nənə, ailə başçısı olan bu xanımları belə ələ salıb, təhqir eləyib, sonra da çıxıb üzr istəməyin adı nədir ki, Cümşüd müəllim? Bir söz də deyim, dəqiqi yadınızda qalsın. Önündə AXC olan hər şeyə çamur atmaq, murdarlamaq hətta oralarda belə yaxşı qəbul olunmur. Yəni, təkcə xanımları təhqir eləmədiniz, həm də özünüzü “ yandırdınız”.
Jalə Mütəllimova