“Azəravtoyol”: Pirallahı körpüsünün yanaşma yollarının yenidən qurulması işləri yekunlaşır - FOTO

  • By admin
  • 17 Aprel 2017 14:56

qala-yol

Qala-Pirallahı avtomobil yolunun Pirallahı körpüsünün girişinə qədər 1 kilometr uzunluğunda olan yanaşma yolunun yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Hazırda körpünün girişinə qədər olan yanaşma yolunda asfalt örtüyünün alt qatının salınması işləri aparılır.

Bu barədə Gununsesi.info-ya “Azəravtoyol” ASC–nin mətbuat xidmətindən məlumat verilib.

Yaxın günlərdə isə yol geyiminin sonuncu asfalt qatının döşənməsinə başlanılacaq. Ümumilikdə isə 19 min kvadratmetr əraziyə 2 qat olmaqla 12 santimetr qalınlığında asfalt-beton örtüyünün salınması nəzərdə tutulub.

Məlumata görə, asfalt-beton örtüyünün salınması işlərinə başlanmamışdan öncə, aparılan yenidənqurma işləri çərçivəsində yolun mövcud eni 7 metrdən 21-22-i metrə qədər və dənizə doğru genişləndirilib, 25 metr enində yeni yol yatağı inşa olunub.

Layihəyə əsasən sözügedən hissədə yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir. Yolun hərəkət hissəsinin eni 16 metr təşkil edir. Buna paralel olaraq yol boyu 1,5 metr enində piyada səkiləri, 2-3 metr enində ayrıcı zolaq inşa olunub. Ümumilikdə 3300 kvadratmetr piyada səkisi tikilib, səkilərin və yol ayrıcının kənarlarına isə 6350 poqonmetr yeni səki daşı düzülüb. Daha sonra yol müasir işıqlandırma sistemi ilə təmin olunub, yolayrıcına 20 ədəd işıq dirəkləri də quraşdırılıb.

Layihəyə əsasən kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün lazımi işlər görülüb, yol boyu 480 metr uzunluğunda yeni istinad divarı inşa edilib.

Tikinti işlərinə uyğun olaraq, ikinci qat asfalt örtüyü də salınandan sonra yolda zəruri olan yerlərdə yol nişanları və məlumatverici nişanlar quraşdırılacaq, xətlənmə işləri aparılacaq.

Pirallahı körpüsünün digər hissəsinin yanaşma yolunda da işlər sürətlə davam edir. Hazırda burada torpaq işləri aparılır, yeni yol yatağı inşa olunur. Buna paralel olaraq dəmir-beton konstruksiyaların sahil boyunca bərkitmə işləri görülür.

Yol yatağının və yol əsasının tikintisi işləri bitdikdən sonra yola 2 qat olmaqla 12 santimetr qalınlığında asfalt-beton örtük döşənəcək. Ümumilikdə 5 min kvadratmetr yolun asfaltlanması nəzərdə tutulur.

Həmçinin 850 metr uzunluğunda olan yanaşma yolu 2 texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Layihə çərçivəsində yol yatağı 12 metrə qədər genişləndirilib, 2 hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə 1,5 təşkil edir.

Asfaltlanma işləri yekunlaşdıqdan sonra layihəyə uyğun olaraq yola 20 ədəd yol nişanı quraşdırılacaq, üfiqi nişanlama xətləri çəkiləcək, 20 ədəd dəmir boru, həmçinin səth sularının kənarlaşdırılması üçün yağış barmaqlıqları yerləşdirirləcək.

Qeyd olunub ki, Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrliyində yerləşən və uzunluğu 422 metr, eni 14 metr, hərəkət hissəsinin eni isə 12 metr olan, Pirallahı adasını sahillə birləşdirən körpü Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq tikilib.

Gununsesi.info