Azərbaycan-Əlcəzair münasibətləri və iki xalqın üzləşdiyi FRANSA BƏLASI

  • By admin
  • 01 Noyabr 2022 20:07

Prezident İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Sammitinə ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidentinin dəvəti ilə Zirvə toplantısında Fəxri qonaq statusunda iştirak etmək üçün bu ölkəyə səfərə gəlib.

Prezidentin Əlcəzairə səfərinə bir neçə kontekstdən baxmaq olar:

– Azərbaycanın ərəb dünyası ilə münasibətləri;
– Azərbaycan-Əlcəzair münasibətləri;
– Azərbaycan və Əlcəzair xalqlarının üzləşdiyi Fransa bəlası;

İlham Əliyevin ərəb dünyasında nüfuzu

Əlcəzair 4-cü dəfə Ərəb Dövlətləri Liqasının Sammitinə ev sahibliyi edir. Sonuncu dəfə 2005-ci ilin 22-23 mart tarixlərində liqanın sammiti bu ölkədə keçirilib. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri statusunda Sammitə fəxri qonaq qismində dəvət olunub. Azərbaycan tarixən ərəb dünyası ilə sıx münasibətləri olub və əlaqələrə böyük dəyər verib. Bizi ərəb dünyası ilə dini və mədəni dəyərlər bağlayır. Ölkəmiz müsəlman dünyasında həmrəyliyə böyük töhfələr verib.

Ərəb Dövlətləri Liqasına üzv olan 22 dövlətdən kənar yalnız Azərbaycan Prezidentinin və Seneqal prezidentinin, eləcə də BMT-nin Baş katibi və İƏT Baş katibinin fəxri qonaq qismində zirvə görüşünə dəvət olunması İlham Əliyevin beynəlxalq arenada bir daha yüksək nüfuzunu sübut edir.

Azərbaycan-Əlcəzair münasibətləri

İki ölkə arasında diplomatik münasibətlər 22 aprel 1994-cü ildə qurulub. 2016-cı ildə Əlcəzairdə Səfirliyimiz təsis olunub. Azərbaycanın Əlcəzairdəki səfiri Tural Rzayevdir. 2015-ci ildə Əlcəzairin Azərbaycanda diplomatik ofisi fəaliyyətə başlayıb. 2019-cu ildə ölkəmizdə Əlcəzairin Səfirliyi təsis edilib. Hazırda səfir Abdelouahab Osmandır.

Əlcəzair Prezidenti Abdelkader Bensalah 25-26 oktyabr 2019-cu il tarixində Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycana səfər edib.

İki ölkənin parlamentləri arasında da geniş əlaqələr var.

Azərbaycanda xidmət, ticarət və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən 5 Əlcəzair şirkəti qeydiyyatdan keçib. 1995-2022-ci illər ərzində Əlcəzairdən Azərbaycana 504,9 min ABŞ dolları investisiya qoyuluşu həyata keçirilib. 2021-ci ildə Azərbaycanın Əlcəzair ilə ticarət dövriyyəsinin həcmi 1.373,2 min ABŞ dolları, o cümlədən idxalın həcmi 1.363,7 min, ixracın həcmi 9,5 min təşkil edib, xarici ticarət saldosu isə mənfi 1.354,2 min ABŞ dolları olub. 2022-ci ilin yanvar-sentyabr aylarında isə ticarət dövriyyəsinin həcmi 865,75 min ABŞ dolları, o cümlədən idxalın həcmi 845,94 min, ixracın həcmi 19,81 min ABŞ dolları təşkil edib, xarici ticarət saldosu isə mənfi 826,13 min ABŞ dolları olub. İki ölkə arasında 5 sənəd imzalanıb, 7 sənəd isə baxılma mərhələsindədir.

İki xalqın üzləşdiyi Fransa bəlası

Prezident İlham Əliyevin Əlcəzairə səfəri Fransa amilini yada salır. Hazırda rəsmi Paris heç bir əsas olmasa da, Azərbaycanı Ermənistana qarşı “müharibə cinayəti”ndə ittiham edir. Hərçənd, Fransanın tarixi “müharibə cinayətləri” ilə zəngindir və bu cinayətlərin əsas hədəfində olan ölkə də Əlcəzair olub.

Əlcəzair 300 ildən çox Osmanlı nəzarətində qaldıqdan sonra 1830-cu ildə Fransa tərəfindən işğal edilib. 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq insan fransızlar tərəfindən öldürüldüyündən Əlcəzair “1,5 milyon şəhid ölkəsi” adlandırılır. Ümumilikdə 10 milyona yaxın əlcəzairlinin fransız müstəmləkə dövrünün qurbanı olduğu bildirilir. Fransızlar tərəfindən 132 il ərzində 1,5 milyon əlcəzairli qətlə yetirilib.

1954-cü il noyabrın 1-də ölkədə başlayan inqilab müstəqilliyin əldə edilməsi ilə başa çatıb. Milli Azadlıq Hərəkatı məhz 1 noyabrda başladığı üçün Ərəb Dövlətləri Liqasının Sammiti 1 noyabr tarixinə salınıb. Bu il ölkədə dövlət müstəqilliyinin 60-cı il dönümü qeyd edilir.

Fransızların Əlcəzairə münasibəti işğal etdikləri digər ərazilərdən fərqli olub: əgər başqa ərazilərin müstəmləkə olduğu qəbul edilirdisə, Əlcəzair Fransanın bir parçası, onun dənizarxası ərazisi sayılırdı;

Qarabağda yaşayan 15-20 min erməniyə müstəqillik tələb edən Fransa, ərazisinə görə Afrikanın və ərəb dünyasının ən böyük ölkəsinin 11 milyondan artıq əhalisinə muxtariyyət belə verməkdən imtina edib.

Azadlıq mübarizəsi zamanı Əlcəzairin şimal-şərqindəki Ores və Atlas dağ silsilələrinin nəhəng yeraltı tunel şəbəkələrində “mağara müharibəsi” gedirdi. Əlcəzairlilərin bu cür uğurlu taktikaları qarşısında aciz duruma düşən fransızlar Cenevrə Konvensiyası ilə qadağan olunmuş kimyavi silahlardan – zəhərli qazlardan istifadə etmişdilər. Məqsəd mübarizə aparan insanları mağaralardan qovmaq və əlcəzairliləri əsir tutaraq, kəşfiyyat məlumatları toplamaq idi.

Fransanın Əlcəzairdə törətdiyi qətliamlar, habelə müharibə və insanlıq əleyhinə cinayətlər çoxsaylı faktlar, sübutlarla təsdiq olunsa da, hələ də Fransa tərəfindən rəsmi tanınmayıb və hətta üzr istənilməyib:

– 1832-ci ildə El-Uffia qəbiləsi gecə yatdığı yerdə qılıncdan keçirilib. Qadınlar və uşaqlar da daxil olmaqla 12 min adam öldürülüb;

– 1945-ci ildə Setif şəhərində 45 min əlcəzairli öldürülüb, həmçinin 5000-ə yaxın adam həbs olunub, habelə 99 nəfər edam, 64 nəfər ömürlük katorqa cəzalarına məhkum edilib;

El-Uffia və Setif şəhərindəki soyqırımları Xocalı soyqırımı ilə eyniləşdirmək olar: fransızlar əlcəzairliləri, bacı adlandırdıqları ermənilər isə azərbaycanlıları qətlə yetiriblər;

Əlcəzairin tarixi Fransanın qanlı əməlləri ilə yoğrulub desək yanılmarıq.

– İkinci Dünya müharibəsi zamanı 173 min əlcəzairli Fransa ordusuna cəlb edilib, onlardan 26 mini döyüş meydanlarında həlak olub. Daha 120 mini isə müdafiə istehkamlarının qurulması işlərinə səfərbər edilib.

– 1961-ci il oktyabrın 17-də on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxıb. Fransa polisinin açdığı atəş və etirazşıları Sena çayına atması nəticəsində 1500-ə qədər əlcəzairli qətlə yetirilib, mindən çox şəxs həbs olunub. Bu hadisə tarixə ‘Sena qətliamı” kimi daxil olub.

– Qanunsuz məskunllaşma siyasəti nəticəsində XX əsrin ortalarında 9 milyonluq əhalinin 1 milyonunu avropalılar (kolonlar və ya pye-nuarlar deyilirdi) təşkil edirdi.

– İrqçi, diskriminativ qanunlar tətbiq edilərək, əlcəzairlər “Fransanın ərəb Müsəlmanları” adlandırılmış, əhalinin torpaq və mülklərini əllərindən alınmışdı.

– Beynəlxalq Əmək təşkilatının 1930-cu ildə qoyduğu qadağaya baxmayaraq, əlcəzairlilər məcburi əməyə (biyar) cəlb edilməkdə davam edirdilər.

– Ölkənin milli kimliyinin xüsusiyyətlərinin məhv edilməsi məqsədilə məscid və quran məktəblərinə qarşı şiddətli mübarizə aparılmış, 1836-cı ildən başlayaraq xristianlığı təşviq etmək üçün ilk missioner məktəbləri açılmışdır.

– 1960-1966-cı illərdə Əlcəzairin Reggan və İn Ecker ərazisində Fransa tərəfindən 17 nüvə sınağı gerçəkləşdirilib ki, bunlardan 11 yeraltı sınaq 1962-ci ildə “Əlcəzair müharibəsi”nə son qoyan “Evian razılaşmalarından” sonra həyata keçirilib.

– Minlərlə əlcəzairli fransızların basdırdığı mina partlaması nəticəsində həlak olub və ya ciddi yaralanıb.

Azərbaycanlıları ermənilərə qarşı müharibə cinayətləri törətməkdə ittiham edən fransızlar işğal dövründə əlcəzair xalqına qarşı çoxsaylı müharibə cinayətləri törədib, habelə qadağan olunmuş silahlardan istifadə edib, beynəlxalq humanitar hüquqa dair 1949-cu il Cenevrə konvensiyalarını kobud surətdə pozub.

Əlcəzair də Azərbaycan kimi minalardan əziyyət çəkir. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında 1 milyondan artıq mina basdırıb. 10 noyabr üçtərəfli bəyanatından sonra 270-ə yaxın Azərbaycan vətəndaşı minaya düşüb. Ermənistanın müttəfiqi olan Fransa da eyni cinayəti Əlcəzairdə həyata keçirib. Əlcəzair xalqı hələ də mina və partlamamış hərbi sursat problemindən əziyyət çəkir.

Əlcəzairdə əhali tərəfindən fransızların törətdiyi cinayətlər soyqrım kimi qəbul edilsə də, indiyə kimi bu, rəsmi tanınmayıb. Bununla belə, Fransadan aşağıdakı məsələlərin həlli tələb edilir:

– Fransada saxlanılan bütün arxiv sənədlərinin Əlcəzairə qaytarılması;

Törətdikləri vəhşiliklərin üzə çıxacağından qorxuya düşən Fransa hökuməti Əlcəzairdən oğurladıqları arxiv sənədlərini geri qaytarmaqdan imtina edir. Azərbaycan Xalq Cumhuriyyətinin arxivini də girov kimi özündə saxlayan Fransa hökuməti, hətta həmin arxivə daxil olmağa belə Azərbaycan tərəfinə imkan vermir.

– Fransanın Əlcəzair ərazisində keçirdiyi nüvə sınaqlarına dair qovluğun açılması, aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələrin təqdim edilməsi, sınaqların və tullantıların yerli əhaliyə göstərdiyi təsirlərin qiymətləndirilməsi və təzminat ödənilməsi;

Azərbaycan tərəfini Ermənistanın mülki obyektlərini atəşə tutmaqda ittiham edən Fransa, Əlcəzair ərazisində həyata keçirtdiyi nüvə silahı sınaqları nəticəsində ərazinin ekoloji vəziyyətinə və əhalinin sağlamlığına ciddi ziyan dəyib. Ən dəhşətlisi odur ki, yeraltı sınaqların hamısı Əlcəzair müstəqil olduqdan sonra gizli şəkildə həyata keçirilib.

– Parisdə saxlanılan Əlcəzair müqavimət döyüşçülərinin baş sümüklərinin – kəllələrinin qaytarılması (21 min kəllədən 500-ü əlcəzairlilərə məxsusdur);

Bakıdakı Qənimətlər parkının açılmasını kəskin tənqid edən Fransa, müstəmləkəsi olan xalqların 21 min nümayəndəsinin kəllə sümüyünü Parisdə muzeydə nümayiş etdirməklə həmin xalqların hisslərini aşağılayır, təhqir edir.

– Fransa tərəfindən insanlığa qarşı cinayətlərin tanınması, üzrxahlıq edilməsi;

– Fransa Əlcəzairdə törətdiyi cinayətlərə görə üzr istəməkdən imtina edir. E.Makronun Əlcəzairin Fransanın müstəmləkəsi olmasından əvvəl bir millət olaraq mövcud olub-olmamasını şübhə altına alması və Əlcəzairdə hakimiyyətin hərbi-siyasi sistem tərəfindən idarə etməsinə dair səsləndirdiyi fikirlər ölkədə qəzəblə qarşılanıb.

Makronun cari ilin 25 avqust tarixində Əlcəzairə səfəri zamanı 12 fransız və əlcəzairli tarixçidən ibarət qarşılıqlı komissiyanın yaradılması elan edilib. İlkin mərhələdə müstəmləkə və müharibə dövrünü əhatə edən hər iki ölkənin arxivlərinə daha geniş çıxışın təmin edilməsi nəzərdə tutulur. Lakin Fransanın bununla vaxt uzatmaq, məsələni tarixçilər səviyyəsinə endirməklə ona qarşı səsləndirlən ittihamları “tarixçilər tərəfindən iş aparılır” arqumenti ilə gündəlikdən çıxartmaq məqsədi daşıdığı görsənir. Tarixçilərdən ibarət komissiyanın bu məsələni araşdırmalı olduğunu tələb edən Fransa, nədənsə “erməni soyqırımı” məsələsinə gəldikdə türk və erməni tarixçilərdən ibarət komissiyanın məsələni araşdırmasına ehtiyac görmür, birbaşa Türkiyə tərəfini soyqırım törətməkdə ittiham edir.

Göründüyü kimi, Azərbaycan və Əlcəzairin tarixində, eləcə də bu gün üzləşdiyi vəziyyətdə bənzərliklər çoxdur.

Gununsesi.info