Azərbaycan – 2021-ci ilin büdcəsi: Kəsirlər, devalvasiya gözləntisi, xərclər və qayğılar…

  • By admin
  • 23 Dekabr 2020 18:33

Bu gün Milli Məclisin komitə iclasında 2021-ci il üçün nəzərdə tutulmuş büdcə layihəsi müzakirə olunub.

Milli Məclisdə bu gün büdcə layihəsinin birinci oxunuşu oldu. Aparılmış iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin müzakirələrdən sonra 2021-ci ilin dövlət və icmal büdcələrinin layihələri parlamentin plenar iclasına tövsiyə edilib.

Bəzi təhlilçilər büdcə layihəsinin tam mətnini görməsələr də, ictimaiyyətə təqdim olunmuş hissədəki rəqəmlərin müəyyən ehtimallara varmağa imkan verdiyini bildirirlər.

İqtisadi təhlilçi Rövşən Ağayev BBC News Azərbaycancaya müsahibəsində deyir ki, büdcə layihəsi hökumətin ilboyu gəlir mənbəyi axtarışında olmasından, gəlirlərdə dövlət şirkətlərindən çox yüksək məbləğdə divident gözlədiyindən, indiyə qədər görünməmiş yüksək büdcə kəsrindən və büdcə təşkilatlarında çalışanlar üçün əməkhaqqı artımı vəd etməmə ehtimalından xəbər verir.

Rəsmilər müzakirələrdə orta əmək haqqında maaş artımını və sosial xərclərdə artımı istisna etməyiblər. Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib ki, gələn ilin dövlət büdcəsinin istiqaməti maliyyə təminatının yaradılmasıdır. Nazir həmçinin büdcədə mənfəət vergisi üzrə daxilolmaların artmasının gözlənildiyini açıqlayıb.

Bu il Azərbaycanda büdcə qanununun qəbulu ilk dəfə olaraq gecikdirilib. Dövlət Büdcəsi layihəsi hər il oktyabrın 25-dən gec olmamaqla Azərbaycan Milli Məclisinə təqdim edilməlidir. Bu il həmin tarix İkinci Qarabağ Müharibəsi ilə eyni zamana təsadüf edib.

2021-ci il üçün dövlət və icmal büdcəsinin layihələri bazar ertəsi günü Prezident İlham Əliyev tərəfindən Milli Məclisinə təqdim olunub, məlumatı Maliyyə Nazirliyi yayıb.

Bu ilin dövlət büdcəsi layihəsində neftin bir barelinin qiyməti 40 dollardan hesablanıb.

“Dövlət şirkətlərindən 40-45 dəfə çox divident gözlənilir”

İqtisadi təhlilçi Rövşən Ağayevə görə, 2021-ci ilin büdcə layihəsindən görünən odur ki, hökumət biznes sektorundan “vergi yığmaq potensialı görmədiyindən” başqa gəlir mənbələri axtarıb.

Bu mənbələrdən biri, onun sözlərinə görə, bəzi müstəqil ekspertlərin uzun illərdir təklif etdiyi – dövlət şirkətlərindən dividentlərin alınması olub. O qeyd edir ki, gələn ilin büdcə gəlirlərində 168 milyon manat divident gözlənilir ki, bu da ötən illərlə müqayisədə 40-45 dəfə çoxdur.

“İndiyədək hər il dövlət büdcəsinə dövlət şirkətləri ən yaxşı halda 4-5 milyon manat divident ödəyib. Yəni, bu qədər dövlət şirkətləri [üçün] bu qədər qazancın içində əslində bu, çox kiçik məbləğ idi”, o izah edir.

Digər bir gəlir mənbəyi olaraq, Rövşən Ağayev Borcların təminat Fondundan büdcəyə cəlb ediləcəyinin planlaşdırılmasını göstərir. Onun sözlərinə görə, bu il hökumət ilk dəfə olaraq məqsədli büdcə fondu olan Borcların Təminat Fondundan büdcəyə çox böyük vəsait – 880 milyon manat cəlb edəcək.

İqtisadi təhlilçinin diqqət çatdırdığı digər məsələ “gələn ilin büdcəsində hökumətin ilk dəfə çox böyük həcmdə Maliyyə Nazirliyi vasitəsilə daxili borclanmaya getmək istəyidir”.

“Hökumət Maliyyə Nazirliyinin istiqrazları vasitəsilə artıq 2 milyard manat daxili borclanmaya getmək istəyir. Yəni, bu, kifayət qədər böyük məbləğdir”, – cənab Ağayev əlavə edir.

Borclanma ilə bağlı maliyyə naziri Samir Şərifov deyib ki, hökumət əlavə borclanmaya gedərək gedərək iqtisadi aktivliyə əlavə təkan verməyə çalışır.

“Biz çalışacağıq ki, əlavə borclanma daha çox daxili borclanma, istiqrazlar hesabına baş versin. Bununla yanaşı, bizim izahda müəyyən risklər göstərilib. Borclanmanın riskləri ilə bağlı məsələlərə Maliyyə Nazirliyi mühafizəkar yanaşıb. Bizim sonsuz borclanmaya getmək niyyətimiz yoxdur.”

Daxili borclanmanın mənfi tərəflərinin “çox” olacağını deyən millət vəkili Fazil Mustafa hesab edir ki, sonradan bunu ödəmək “çox çətin” ola bilər, lakin indi əsas hədəf pandemiyadan çıxa bilmək və digər məsələlərin avtomatik həllidir.

“Həm də müharibənin sıxıntılarını ortadan qaldırmaq lazımdır. Şəhid ailələri, qazilərə sosial paket təqdim olunur, onların evlə təmin edilməsi və başqa məsələlər öz həllini tapır. Ona görə də vəziyyət olduqca mürəkkəb məqamlarla doludur və hökumətin də başqa çarəsi yoxdur. Borclanmanı sonradan kompensasiya etmək mümkün olacaq”.

Dövlət şirkətlərindən dividentlərin cəlbinə toxunan millət vəkili Fazil Mustafa vurğulayır ki, hökumət pandemiya və müharibənin yaratdığı sıxıntıları gizlətmir:

“Həqiqətən də şirkətlərin, ayrı-ayrı iş adamlarının imkanları azaldığı üçün bu məsuliyyət dövlət şirkətlərinin üzərinə qoyulur. Dövlətin də dəstək verməsində problemlər var. Çünki bu dəstəklə bütün sahələri əhatə etmək mümkün deyil. Müharibənin də xərcləri bura gələndə çox böyük sıxıntıların olduğu göz qabağındadır. Ona görə də hökumət ən azı bu prosesi normal tənzimləmək üçün bu cür variantlara əl atır və hesab edirəm ki, vəziyyətdən çıxış yolu üçün optimal variantdır”.

Büdcədə “görünməmiş kəsir”

Büdcə kəsirinə nəzər yetirən Rövşən Ağayev deyir ki, bu, indiyə qədər mövcud ən yüksək həddir.

“2015-ci il indikator ili idi. İqtisadiyyatın sərt böhranla, şokla üzləşdiyi bir il oldu. Ancaq hətta həmin ildə Azərbaycanın icmal büdcəsinini kəsiri 2 milyard manatdan çox olmamışdı. Ancaq gələn il hökumət 7 milyard manat kəsir gözləyir. Onun da 4 milyarddan bir qədər artığı Neft Fondunda olacaq. 3 milyard manat ətrafında məbləğ isə dövlət büdcəsində gözlənilir. Yəni, 7 milyard manatdan artıq bir fisqal defisit var və bu kifayət qədər böyük bir məbləğdir”.

Çərşənbə günü büdcə layihəsinin müzakirələri zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycanın dövlət büdcəsinin kəsirinin hər il artdığını, gələn il də artım olacağını deyib.

“Bəzən büdcə kəsirinin maliyyələşdirilməsi ilə bağlı dayanıqlılığın itirilməsi problemi ilə qarşılaşırıq. Bütövlükdə, qeyri-müəyyənliklər, görəcəyimiz bərpa işləri ortamüddətli dövrdə proqnozlaşdırılır və bizim ortamüddətli proqramımıza ciddi təsir göstərəcək. İndiki reallıqlar, xüsusilə neft reallıqları tələb edir ki, daha yığcam rejimə keçək, yenidən büdcə qaydasına qayıdaq, makroiqtisadi dayanıqlılığı təmin edək”.

Ölkənin baş bankiri vurğulayıb ki, Azərbaycan manatının məzənnəsi sabitdir və monetar sabitlik “tam” təmin edilib: “2018-2020-ci illərdə manatla pul bazası 54 faizə qədər artacaq. Bu il manatla verilən kreditin faizi 5,3 faiz bəndi azalıb. Son nəticədə o cümlədən biznes kreditlərində artım var”, – o qeyd edib.

İnvestisiya və müdafiə xərcləri

2021-ci ilin büdcə layihəsində tikinti və şəhərsalma büdcəsi işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpasına ayrılmış vəsait hesabına ötən illə nisbətdə bir qədər artıb. Lakin Rövşən Ağayevə görə bu, çox artım deyil:

“Məsələ ondadır ki, hökumət digər ərazilərə qoyulacaq investisiya xərclərini daha çox azaldıb. Yəni, 2020-də 4,9 milyard manat bütün ölkəboyu investisiya kimi nəzərdə tutulmuşdu. Amma 2021-ci ildə cəmi 2,2 milyard manat işğaldan azad olunmuş ərazilər üçün nəzərdə tutulub”.

Cənab Ağayev işğaldan azad olunmuş ərazilərin bərpası ilə əlaqədar olaraq bəzi müstəqil ekspertlərin bu büdcədə ən azı 5-6 milyard manat artım olacağını güman etdiklərini qeyd edir.

“Ancaq xərclərlə bağlı diqqət çəkən məqam o oldu ki, ötən ilə nisbətdə gələn ilin büdcəsində ölkənin digər hissələrinə investisiya xərcləri çox artmayıb,” iqtisadçı vurğulayır.

Eyni zamanda, müdafiə xərclərində 15 faizə qədər artım var, Rövşən Ağayev qeyd edir.

Bununla bağlı deputat Fazil Mustafa deyir ki, indiki vəziyyətdə hüquq-mühafizə və təhlükəsizlik orqanlarının saxlanması, müdafiə üçün xərclərin artırılması və digər sahələrdə azalmalar “qəbulolunan olmalıdır”.

İqtisadi təhlilçilərin bölgələrə ayrılacaq investisiya proqnozlarının büdcə layihəsindəki rəqəmlərlə özünü doğrultmamasına gəlincə, Fazil Mustafa deyir ki, işğaldan azad olunmuş ərazilərə əsasən xarici investisiya cəlb olunacaq.

O vurğulayır ki, ərazi böyükdür, dağıntılar var və bərpa üçün xarici investisiyanın ağırlıqlı olması vacibdir.

Cənab Mustafa deyir ki, bu işdə əsasən Türkiyə və İtaliya şirkətlərinin investisiyası cəlb olunacaq, lakin digər xarici ölkələrin də investisiyasının cəlbi nəzərdə tutulur.

“İşğaldan azad olunmuş ərazilərdə kommunikasiya xətlərinin qurulması, müəyyən tikinti-quraşdırma işlərinin aparılması, yolların çəkilməsi nəzərdə tutulur. Ona görə də başqa sahələrdən bura yönəldilmələr var. Digər sahələrdə elə sahələr var ki, onlar gözləyə bilər. Amma ərazilərin bərpasında gözləmək mümkün deyil, çünki məcburi köçkünlərin köçürülməsi üçün buraya ciddi investisiya qoyuluşuna ehtiyac var. Burada müəyyən sənaye müəssisələrinin tikilməsindən tutmuş, kənd təsərrüfatı və emal müəssisələrinin yaradılmasına qədər bir çox addımların atılması düşünülür,” o əlavə edir.

Büdcə təşkilatlarında çalışanların maaşlarında artım olacaqmı?

Təhlilçi Rövşən Ağayev ehtimal edir ki, gələn il büdcə təşkilatlarında çalışanların maaşlarında, eləcə də qazi və şəhid ailələrini çıxmaqla yerdə qalan əhalinin sosial xərclərində artım olmaya bilər.

“[Sosial xərclərdə] bir qədər çox artım var, təxminən 500 milyon manatdan bir qədər çox, o da yəqin ki, Qarabağ müharibəsi (İkinci Qarabağ Müharibəsi – red.) iştirakçılarının, şəhid ailələrinin vəziyyətinin yaxşılaşdırılması üçündür. Bu məbləğləri çıxsaq, yerdə qalan artım çox kiçikdir, bu da onu göstərir ki, ölkədə yerdə qalan əhalinin sosial müavinət və müdafiəsi ilə bağlı xərclərdə elə də artım gözlənilmir”, o deyib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov gələn il orta əməkhaqqında artımı istisna etməyib.

“Azərbaycanın əmək bazarında şəffaflaşma proseslərinin davam edəcəyini nəzərə alaraq, 2021-ci ildə orta aylıq əmək haqqı 727 manat məbləğində proqnozlaşdırılır. 2020-ci ildə isə orta maaşın 702 manat olması gözlənilir”, – o deyib.

Lakin cənab Cabbarov COVID-lə yanaşı, hərbi vəziyyətin də ölkə iqtisadiyyatına təsir etdiyini açıqlayıb: “Özəl sektorda investisiyalar 8 faiz artıb. Yanvar- noyabr aylarında əhalinin gəlirləri 4 faiz aşağı düşüb”.

Maliyyə naziri Samir Şərifov deyib ki, sosial xərclərdə 14 faiz artım gözlənildiyini deyib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə bildirib ki, “Növbəti ildə yaşa görə pensiyanın məbləği 370 manat olacaq. Əlilliyə görə pensiyanın məbləği isə 337 manata çatdırılacaq”.

Büdcə layihəsində sosial müdafiə və sosial təminat xərcləri 3,6 milyard manat məbləğində müəyyən edilib.

Səhiyyə xərcləri azaldılıb?

Rövşən Ağayev 2021-ci ilin büdcəsinin ilkin detallarının paylaşıldığı birinci layihədə səhiyyə üçün 2 milyard manat vəsait nəzərdə tutulduğunu, lakin indi təqdim olunmuş layihədə bu rəqəmin 1,4 milyard manata endirildiyini deyir.

“Biz bilmirik ki, hökumət o məbləğlə nə etmək istəyirdi və indi nələri çıxartdı ki, yerində 1,4 milyard manat qaldı.

Onun sözlərinə görə, indiki pandemiya dövründə səhiyyə xərclərində əksinə, artım olmalı idi.

Deputat Fazil Mustafa izah edir ki, modul tipli xəstəxanaların davam edən tikintisi investisiya tələb edirdi, amma indi o xəstəxanaların tikintisi başa çatdığı üçün tikinti istiqamətinə ayrılmış vəsait azaldılıb.

“Qalan sağlamlıqla bağlı vəsait öz qüvvəsindədir,” – o əlavə edib.

Büdcə layihəsində səhiyyə xərcləri 1,4 milyard manat məbləğində müəyyən edilib.

Devalvasiya gözləniləndirmi?

Büdcə layihəsinin təqdimatından sonra bəzi müstəqil təhlilçilər devalvasiyanın gözlənilən olması ilə bağlı sosial mediada fikirlər səsləndirdilər.

Oxşar ehtimalı istisna etməyən Rövşən Ağayev deyir ki, indiki “ağır şərtlərdə” hökumət devalvasiyaya gedərsə “ən çox sosial-iqtisadi şərait pisləşəcək”.

“Devalvasiya olarsa, bu, milli valyuta ilə pul qazanan və xarici öhdəlikləri olan şirkətlərin, təsərrüfat subyektlərinin vəziyyətini həddən artıq ağırlaşdıracaq. Devalvasiya indiki halda hökumətin mənafeyi baxımından faydalı ola bilər. Hökumət ölkənin valyuta ehtiyatlarının qorunmasına nail ola bilər. Daha az valyuta xərcləyib, daha çox manat kütləsini büdcəyə cəlb etməklə müəyyən makroiqtisadi sabitliyi qoruya bilər. Ola bilər ki, bu yolla həm də məzənnə sabitliyini qoruya bilsin. Ancaq bunun doğuracağı çox ağır iqtisadi nəticələr var, xüsusən biznes sektoru buna hazır deyil”.

Onun sözlərinə görə, biznes subyektləri və əhali 2015-ci ilin iqtisadi təsirlərini hələ də hiss edirlər.

Devalvasiya ehtimalı məsələsinə də toxunan millət vəkili Fazil Mustafa hesab edir ki, pandemiyanın və müharibənin yaratdığı sıxıntılar şəraitində devalvasiyaya gedilməsi “çox böyük sosial gərginlik yarada bilər”.

“Hələ ki, hökumət manatın kursunun sabit qalmasında maraqlıdır. [Devalvasiya] olması da yaxın vaxtlarda nəzərdə tutulmaya bilər. [Lakin] gedişat elədir ki, sürprizlər də ola bilər”.

Çərşənbə günü büdcə layihəsinin müzakirələri zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycanda devalvasiyanın olacağı barədə səslənən fikirlərin “heç bir əsasının olmadığını” deyib:

“Nə indi, nə də 2021-ci ildə bunu gözləmirik. Bu gün təqdim olunan büdcəmiz məhz stabil məzənnə, çox aşağı inflyasiya üzərində qurulub”.

Elman Rüstəmov hazırda ölkənin maliyyə buferinin dəstəklənməsi üçün Azərbaycan hökumətinin “çox ciddi və düşünülmüş” iqtisadi manevrlər etdiyini də vurğulayıb.

“Mövcud ehtiyatlardan istifadə edilir, makroiqtisadi sabitlik təmin olunur. İqtisadi subyektlərə, əhaliyə genişmasştablı yardım göstərilir. Bu siyasətdən çıxış strategiyası da olmalıdır. Amma ilk olaraq bunun üçün şərtlər yetişməlidir. Əgər pandemiya ilə bağlı vəziyyət aradan qaldırılsa, biz 2022-ci ilin büdcəsində vəziyyətdən çıxış strategiyası hazırlayacağıq”.

Ölkənin baş bankiri büdcə layihəsinin müzakirəsi zamanı iqtisadiyyatın artımı və inkişafı üçün ölkədə yetərli manevr imkanlarının olduğunu da vurğulayıb.

Büdcə layihəsində nələr var?

2021-ci il üçün dövlət büdcəsi layihəsinin əsas xüsusiyyətlərindən birinin İkinci Qarabağ Müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılmasıdı, Maliyyə Nazirliyi bildirib.

Bundan başqa, öz yurdlarına qayıdacaq vətəndaşların yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi kimi vəzifələrin icrası üçün maliyyə təminatının yaradılmasının” da büdcənin əsas xüsusiyyətlərdən olduğu bildirilir.

Gəlirlər, xərclər, kəsir

Maliyyə Nazirliyinin məlumatına görə, Azərbaycanda 2021-ci il dövlət büdcəsinin gəlirləri 25 milyard 427 milyon manat (ÜDM-in 33,6 faizi həcmində) nəzərdə tutulur, xərcləri isə 28 milyard 543 milyon manat (ÜDM-də xüsusi çəkisi 37,7 faiz) proqnozlaşdırılıb.

Bununla da, büdcənin gəlirlər 2020-ci ilin proqnozu ilə müqayisədə 1 milyard 303 milyon manat və yaxud 5,4 faiz çoxdur, xərcləri isə 2020-ci ilə nisbətən 1 milyard 50,8 milyon manat və ya 3,8 faiz çoxdur.

2021-ci ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 4,1 faiz təşkil edəcək ki, bu da 2020-ci illə müqayisədə 0,6 faiz-bənd azdır.

2021-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 116 milyon manat məbləğində nəzərdə tutulur.

Büdcə layihəsində deyilir ki, 2021-ci ilin dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 63,1 faizi həcmində, əsaslı xərclərə 29,2 faizi həcmində, dövlət borcuna xidmətlə bağlı xərclərə 7,7 faizi həcmində vəsaitin yönəldiləcək.

Sosialyönlü xərclərə 11 milyard 111,9 milyon manat məbləğində proqnozlaşdırılıb. Bu, əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınmasına olan xərclərdir və 2020-ci illə müqayisədə 563,8 milyon manat və ya 5,3 faiz çoxdur.

Büdcə layihəsində kəsirin maliyyələşdirilməsinin özəlləşdirmədən daxilolmalar, daxili və xarici borclanma 2021-ci il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcəyi bildirilir.

Dövlət Büdcəsi haqqında Qanun yanvarın 1-dən qüvvəyə minəcək.

Gununsesi.org