Azərbaycan Avropa İttifaqında Belarusa qarşı sənədi dəstəkləmədi

  • By admin
  • 16 Dekabr 2021 13:22

Dekabrın 15-də Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammitinin yekunu olaraq Avropa İttifaqı ölkələri və Şərq Tərəfdaşlığı Proqramı dövlətlərinin liderləri birgə bəyannamə qəbul ediblər.

Sənəddə Belarusla bağlı ayrıca bənd olub. Azərbaycan bəyannamənin Belarusdakı vəziyyətlə bağlı, yəni daxili məsələlərinə aid olan 11-ci bəndi ilə razılaşmayıb və həmin bəndə qoşulmayıb.

HTML tutorial

Sammit zamanı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bunu rəsmən bəyan edib.

Bəyanatda qeyd olunur ki, Azərbaycan Respublikası özünü Şərq Tərəfdaşlığı Sammitinin 15 dekabr 2021-ci il tarixli Birgə Bəyannaməsinin 11-ci bəndindən ayırır və Birgə Bəyannamənin Qoşmasının 8-ci bəndində istinad edilmiş “münaqişənin təsirinə məruz qalmış regionlarda” Azərbaycan Respublikasının müvafiq müraciəti və razılığı olmadan həyata keçirilən hər hansı əməliyyata münasibətdə qeyd-şərti var. Bununla da, Azərbaycan başqa ölkələrin daxili məsələlərinə müdaxilə edilməməsi prinsipinə önəm verdiyini bir daha xatırladıb.

Qeyd edək ki, bəyannamənin 11-ci bəndində Aİ-nın Belarusun Şərq Tərəfdaşlığı proqramında iştirakını dayandırmasından təəssüf etdiyi vurğulanır.

“Daha əvvəlki bəyanatları təkrar edərək, Aİ Belarus rəhbərliyi tərəfindən miqrant və qaçqınların alətləşdirilməsini, ümumilikdə siyasi məqsədlər üçün miqrantların alətə çevrilməsi ilə bağlı bütün insidentləri pisləyir”, – deyə bəyannamənin 11-ci bəndində qeyd olunub.

Xatırladaq ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı 2009-cu ildə təsis edilib, Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Belarus daxildir.

Belarus bu ilin iyunun 28-də üzvlüyünü saxlamaqla bu proqramda iştirakını dayandırıb.

Gununsesi.info