“Azərbaycan bayrağını dalğalandırmaqdan qürur duyuruq” - TAHİR GÖZƏL

  • By admin
  • 25 Avqust 2017 15:54

10
“Dağlıq Qarabağ daxil işğal olunmuş ərazilərin adının Avropada çəkilməsi, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyünün gündəmə gətirilməsi bizim üçün ən vacib məsələdir”.

Gununsesi.info xəbər verir ki,”Qarabağ” futbol klubunun vitse-prezidenti Tahir Gözəl “Anadolu” agentliyinə müsahibəsində belə deyib.

Belə ki, T.Gözəl “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq ilk Azərbaycan komandası olduğuna görə, çox sevindiyinin bildirib: “Klubun yaranma tarixi 1950-ci illərin əvvəllərinə təsadüf edir. 1987-ci ildə isə Qarabağ adını alıb. 2001-ci ildən etibarən klub rəhbərliyində təmsil olunuram”.

T.Gözəl 2001-ci ildən etibarən beynəlxalq səviyyədə futbol klubu yaratmaq istiqamətində işə başladığını söyləyib: “16 illik zəhmətin nəticəsində UEFA Çempionlar Liqasında Azərbaycan bayrağını dağalandırmaq bizim üçün böyük qürurdur. Biz məqsədimizə çatdıq. “Qarabağ” olaraq bizim hədəfimiz gələcəyin klubunu yaratmaq idi. O zaman istəyimizə uyğun məşqçi tapmamışdıq. Qarabağın qalibiyyəti isə Qurban Qurbanovla başladı. Məhz Qurban Qurbanovla bizim məqsədimiz üst-üstə düşdü. Artıq məqsədimizi reallaşdıra biləcəyimizi hiss etdik. Qurban Qurbanov sonda yaxşı bir komanda formaşdırdı. Bu gün isə biz onun gözəl bəhrəsini görürük. Ümid edirəm ki, uzun illər biz bu yolda uğurlarımızı davam edəcəyik”.

T.Gözəl xatırladıb ki, “Qarabağ” futbol klubu, hazırda Ermənistan Silahlı Qüvvələrinin tərəfindən işğal olunan Ağdam şəhərini təmsil edir: “İşğal olunmuş ərazilərin adının Avropada çəkilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün gündəmə gətirilməsi bizim üçün ən vacib məsələ idi”.

Türkiyədən xeyli sayda təbrik mesajları aldığını deyən T.Gözəl türklərin Qarabağı çox sevdiyini bildirib: “Bizim qələbə sevincli xəbərlərə ehtiyacımız var. Bu gün Türkiyənin “Beşiktaş” komandası ilə birlikdə Avropada mübarizə aparacağıq. Bu, türk dünyası üçün böyük müvəffəqiyyətdir. Türkiyə və Azərbaycan sevənlər üçün böyük hədiyyədir”.

Anar

Gununsesi.info