Azərbaycan Beynəlxalq Qastronomiya festivalında təmsil olunub - FOTOLAR

  • By admin
  • 27 Sentyabr 2017 09:48

IMG_2757

Azərbaycanın Dostları Assosiasiyası və Azərbaycan Evinin  təşkilatçılığı ilə Parisdə “Beynəlxalq Qastronomiya şəhərciyi”ndə Azərbaycan da təmsil olunub. Fransa paytaxtında keçirilən bu genişmiqyaslı tədbirdə 40-dan çox ölkə iştirak edib.

Gununsesi.info-nun xəbərinə görə, şəhərciyin məqsədi Fransada, xüsusilə Parisdə – müxtəlif millətlərin coxluq təşkil etdiyi bir şəhərdə tolerantlıq və multikulturalizmin daha da möhkəmlənməsi, xalqlar arasında mədəni irs mübadiləsinin genişlənməsinə  xidmət etməkdir.

Şəhərciyin açılışında Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel, Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva, Paris meriyasının nümayəndələri, müxtəlif kulinariya assosiasiyaları, məşhur aşpazlar, eləcə də iştirakçı ölkələrin səfirləri və rəsmi nümayəndələri iştirak edib.

Sena çayının sahilində 3 gün davam edən tədbir zamanı Azərbaycana məxsus olan pavilyon şəhərciyin ən çox ziyarət olunan məkanlarından biri olub. Milli üslubda bəzədilmiş pavilyonda milli mətbəximizdən nümunələr, dadlı-ləzzətli xörəklər, şirniyyat və içkilərin dequstasiyası və satışı həyata keçirilib. Zəngin mədəni irsimizdən nümunələr, geyim və bəzək əşyaları, milli sənətkarlıq nümunələri nümayiş olunub. Pavilyonda milli yeməklərimizin hazırlanmasının birbaşa təqdimatı ziyarətçilərin diqqətini çəkib.

«Beynəlxalq Qastronomiya şəhərciyi» təşkil olunmuş musiqi proqramında iştirakçı ölkələr milli musiqi və rəqslərini təqdim ediblər. Parisdə Azərbaycan məktəbinin şagirdləri «Uzundərə», «Naz eləmə» və digər Azərbaycan rəqslərini ifa ediblər.

Qeyd edək ki, Azərbaycan iki ildir “Beynəlxalq Qastronomiya şəhərciyi”ndə təmsil olunur.

IMG_2755

IMG_2738

gastrovillage azerbaidjan-107

gastrovillage azerbaidjan-98

Gülnaz Qənbərli

Gununsesi.info