Azərbaycan “Bir kəmər, bir yol”un əsas halqasına çevrilir – Siyasi və iqtisadi DİVİDENDLƏR

  • By admin
  • 21 May 2021 17:57

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri zamanı toxunduğu məsələlərdən biri də “Bir kəmər, bir yol” layihəsi idi.

Dövlət başçısı Asiyanı Avropa ilə birləşdirmək üçün logistik dəstəkdən və Çinin “Bir kəmər, bir yol” təşəbbüsündən danışarkən bildirib ki, bunlar da beynəlxalq gündəliyin mühüm hissəsidir: “Azərbaycan öz ərazisində bütün zəruri nəqliyyat layihələrini tamamlayıb və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində bizim Asiya və Avropadakı tərəfdaşlarla mühüm bağlantımız var. Bu önəmli layihənin bir hissəsi olmaq üçün biz öz infrastrukturumuzu, o cümlədən dəniz limanını, Xəzər hövzəsində ən böyük gəmi parkını və dəmir yolu imkanlarını təmin edirik. Beləliklə, biz bu layihəyə maliyyə və siyasi cəhətdən investisiya yatırmışıq. Ümid edirəm ki, bu iki mühüm sahə – enerji təhlükəsizliyi və nəqliyyat təhlükəsizliyi nəinki təkcə Azərbaycanın gələcək iqtisadi inkişafı üçün önəmli rol oynayacaq, – çünki bu, əlavə gəlirlərin yaranmasına səbəb olacaq, – həm də regional sabitliyə ciddi şəkildə töhfə verəcək. Çünki ölkələr bir-birindən asılı olur, ölkələr bir gəmidə olduğu üçün bir komandanın üzvü olur və əlbəttə ki, qarşılıqlı dəstəyin səviyyəsi artacaq”.

Dünyanın nəqliyyat xəritəsini dəyişdirəcək nəhəng əməkdaşlıq platforması olan “Bir kəmər, bir yol” layihəsi həm də geosiyasi balansa təsir etmək gücünə sahibdir və Azərbaycanın bu qlobal layihədə açar dəhlizlərdən biri olması ölkəmizin iqtisadi və siyasi gələcəyi baxımından əhəmiyyətlidir.

Çinin əsas təşəbbüskarı olduğu layihə qədim İpək Yolunun canlandırılması və Uzaq Şərqlə Avropanı birləşdirmək məqsədi daşıyır. Beynəlxalq ekspertlər Avrasiyada 3 milyard əhalini əhatə edən bu layihənin dünyanın gələcək 50 illik iqtisadiyyatını müəyyənləşdirəcəyini hesab edirlər. Layihədə Azərbaycan da daxil olmaqla 65-dən çox ölkə iştirak edir.

Bir kəmər: Çindən başlayaraq Avropaya qədər uzanan və magistral yollar, dəmiryolları, neft və qaz kəmərlərini özündə birləşdirən quru yol. Layihə müxtəlif istiqamətlər üzrə dəhlizlərdən ibarətdir:

– Çin-Monqolustan-Rusiya, Çin-Mərkəzi və Qərbi Asiya, Çin – Hind-Çin yarımadası, Çin-Pakistan, Çin-Banqladeş-Hindistan-Myanmar.

Azərbaycan Çin-Mərkəzi və Qərbi Asiya dəhlizində yer alır, xüsusilə Bakı-Tbilisi-Qars dəmiryolu bu marşrutda əsas açarlardan biridir.

Bir yol: burada dəniz limanları nəzərdə tutulur və layihə çərçivəsində Cənub-Cənub-Şərqi Asiyadan Qərbi Afrika və Aralıq dənizinə qədər uzanan dəniz bölgəsindəki limanlar və sahil xətlərindən istifadə ediləcək. Bu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının aktiv işləməsinə səbəb olacaq.

“Bir kəmər, bir yol”da Azərbaycanın əhəmiyyəti

Azərbaycan “Orta Dəhliz” hesab olunan Çin-Mərkəzi və Qərbi Asiya marşrutu üzərində yerləşir. Bu, qədim İpək Yolunun keçdiyi yoldur. Əslində Azərbaycan liderinin Bakı-Tbilisi-Qars dəmiryolu xətti təşəbbüsünü irəli sürməsi və bu layihənin uğurla başa çatdırılması qədim İpək Yolunun bərpası ilə bağlı inamı artırdı. Bundan sonra “Bir kəmər, bir yol” layihəsində “Orta Dəhliz” marşrutunun əhəmiyyəti də yüksəldi. Azərbaycanın 30 il sonra Ermənustan işğalında olan torpaqlatını azad etməsi də “Orta Dəhliz”in perspektivini daha da artırır.

Bu baxımdan, dünyanın gələcək 50 illik iqtisadiyyatını formalaşdıracağı hesab olunan bu qlobal layihədə Azərbaycan liderinin təşəbbüsləri xüsusi seçilir.

Prezident İlham Əliyev bu haqda danışarkən bildirib: “İpək Yolu məsələsinə gəldikdə, biz Azərbaycanda ev tapşırığımızı yerinə yetirirdik. Türkiyə və Gürcüstandakı tərəfdaşlarımızla birlikdə dəmir yolu şəbəkələrimizi birləşdirdik və əlaqələrimizi gücləndirmək üçün Xəzər dənizində müasir liman inşa etdik. Yükaşırma qabiliyyəti artırıldıqda bu liman 25 milyon ton yük qəbul edə bilər. Ölkəmiz “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” şirkətinə sərmayə yatırıb və bu gün Xəzər dənizində ən böyük donanmaya malikdir. Bununla yanaşı, ümid edirik ki, hazırlıq işləri yekunlaşacaq və dəniz limanı ilə qonşuluqda Beynəlxalq Azad Ticarət Zonasının təməli qoyulacaq. Ümid edirik ki, Çin və digər dost ölkələrdən olan şirkətlər oraya sərmayə qoyuluşu imkanını nəzərdən keçirəcək”.

Layihənin “Orta Dəhliz” hissəsində Azərbaycanın əsas iştirakçısı olduğu “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi də xüsusi paya malikdir. Azərbaycan, Rusiya və İranın birgə həyata keçirdiyi bu layihə Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə bu dəhliz Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.

Trans-Xəzər tranzit dəhlizi. Uzun illər mövcud olan bu ideyanın gerçəkləşməsində Xəzərin hüquqi statusunun müəyyən edilməməsi maneə yaradırdı. Lakin illər sonra bu problem həllini tapdı və məsələnin həllində Azərbaycanın irəli sürdüyü konvensiyanın konstruktiv sənəd kimi qəbulu rol oynadı.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol və 4 nəhəng boru kəmərini özündə birləşdirən Cənub Qaz Dəhlizi “Bir kəmər, bir yol” layihəsində əhəmiyyətli paya sahib olacaq. Azərbaycanın mühüm nəqliyyat və enerji xətlərinə sahib olması ilə yanaşı, təhlükəsiz və xarici investorlar üçün cəlbedici olması, xüsusi iqtisadi inkişafı və islahatçı imici, coğrafi mövqeyindən bəhrələnərək Asiya və Avropa arasında körpülərin qurulmasına investisiya yatırması da layihədəki rolunu gücləndirir.

“Bir kəmər, bir yol” Azərbaycana nə verəcək?

İqtisadi dividend: Proqnozlara görə, layihə çərçivəsində “Orta Dəhliz”ə 8 trilyon dollara qədər invesitisiya yatırılacaq. Təkcə yük daşımalarının 40 milyard dollar dəyərə malik olacağı gözənilir. Bu daşımaların ən azı 5, ən çox 10 faizinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu üzrə həyata keçirilməsi Azərbaycanın milyardlarla dollar gəlir əldə etməsi deməkdir. Bu ilkin proqnozlaşdırılan rəqəmlərdir. Gələcəkdə Mərkəzi Asiyanın enerji resurslarının Avropaya daşınmasında da Azərbaycan əsas tranzit xətt rolunu oynayacaq.

Bu layihədə əsas açar ölkələrdən biri olması Azərbaycanla dünya iqtisadiyyatının nəhənglərindən olan Çin arasında ticarət əlaqələrini da genişləndirəcək. Həmçinin, Çin ölkəmizə böyük investisiya yatırımları qoya bilər. Çinlə əlaqələr Azərbaycana bu ölkənin texnologiya, istehsalat, eləcə də hərbi sənayedəki təcrübəsini mənimsəməyə və bundan yararlanmağa imkan verir.

Siyasi dividend: Çindən başlayaraq Qərbi Avropaya qədər uzanan layihədə Azərbaycanın əsas halqalardan biri olması ölkəmizin qlobal əhəmiyyətini artırır. Bu gün Azərbaycan bir tərəfdə Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır, digər tərəfdən, Çinin Avropaya çıxışında əsas tranzit xətti hesab olunur. Bu, faktiki olaraq, Azərbaycanın Avrasiyadakı siyasi və iqtisadi yerini müəyyənləşdirir.

Gununsesi.info