
Prezident İlham Əliyev Lətif Seyfəddin oğlu Qəndilovun Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Gununsesi.info-nun məlumatına görə, dövlət başçısının digər sərəncamları ilə Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında, Dursun Ayvaz oğlu Həsənov isə Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, Belarusa səfir göndərilən Lətif Qəndilov tanınmış ziyalı, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının keçmiş rektoru mərhum Seyfəddin Qəndilovun oğlu və eks millət vəkili Bəhruz Qəndilovun qardaşıdır. O, bu vaxta kimi bir neçə ölkədə Azərbaycanın səfiri vəzifəsində çalışıb.
Eyni zamanda, Gürcüstana səfir təyin edilən Dursun Həsənov əslən gürcüstanlı olmaqla yanaşı, hazırda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri-ixtisasca diplomat olan Ramiz Ayvaz oğlu Həsənovun qardaşıdır.
Xatırlatmaq yerinə düşər ki, R. Həsənov özü də Dövlət Komitəsinin sədri təyin olunana kimi, yəni, 2004-2005-ci illərdə Azərbaycanın Gürcüstandakı səfiri vəzifəsində çalışıb.
Digər sərəncamla Braziliyaya səfir göndərilən Elxan Polux oğlu Poluxov isə bundan öncə Azərbaycanın CAR-dakı səfiri, ondan əvvəl də Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətinin rəhbəri olub. Onun adı hətta, bir müddət ölkə mediasında “Mahmudov çetesi” ilə bağlılıqda hallandırılıb.
Bu yerdə həmçinin qeyd etməyə dəyər ki, E. Poluxovla da R. Həsənovu qohumluq telləri bağlayır. Belə ki, əslən gürcüstanlı olan səfir R. Həsənovun qaynı, yəni, onun həyat yoldaşı Raziyə Polux qızı Həsənovanın qardaşıdır.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info
Gununsesi.info