Azərbaycan bundan sonra da böyük uğurlar qazanacaq

  • By admin
  • 10 Aprel 2022 13:24

“2018-ci ildə cənab İlham Əliyev yenidən xalqın etimadını qazanaraq prezident seçildi. Möhtərəm Prezidentin ölkənin inkişafı ilə bağlı siyasəti tam aydındır. Seçkidən sonra Prezident xalqın qarşısında çıxış edərkən ölkəmizin inkişafı ilə bağlı islahatların davam etdiriləcəyini, gənclərə dövlət idarəçiliyində daha çox yer veriləcəyini, iqtisadi islahatların aparılacağını, eyni zamanda 30 il müddətində işğalda qalan torpaqlarımızın azad ediləcəyini vurğuladı”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Mahir Abbaszadə səsləndirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev hakimiyyəti dövründə böyük uğurlara imza atıb:

“Cənab Prezidentin sərəncamı ilə mərkəzi icra hakimiyyəti orqanlarına gənclər gətirildi və bundan əlavə ölkədə korrupsiya və rüşvətxorluqla mübarizə, büdcə vəsaitlərindən səmərəli istifadə prioritet məsələ oldu. Azərbaycan Respublikasında qeyri-neft iqtisadiyyatı inkişaf edir. Bununla da dövlət büdcəsi hər il artır. Digər tərəfdən ölkəmizin başçısının apardığı xarici siyasət nəticəsində Azərbaycanın imici möhkəmlənməyə başlayıb. Xarici siyasətdə aparılan balanslaşdırma, mehriban qonşuluq siyasəti, demokratiya və insan hüquqlarının müdafiəsi üzrə həyata keçirilən islahatlar, bu islahatların beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsi Azərbaycanın beynəlxalq arenada nüfuzunun göstəricisidir.

Bundan əlavə, Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhkəmlənməsi, orduda xidmət edən əsgər və zabitlərin həyat şəraitinin yüksəldilməsi, orduya müasir silahların alınması istiqamətində kifayət qədər işlər görüldü. Bunun nəticəsində cənab Prezidentin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad etdik”.

Deputat işğaldan azad edilən ərazilərdə böyük quruculuq işlərinin aparılmasından söz açaraq deyib:

“Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq İranla bütün sərhədlər bərpa edildi. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə işğaldan azad olunmuş torpaqlarda quruculuq işlərinə başlanıldı. Biz miqyası sözlə ifadə edilə bilməyəcək dərəcədə bərpa prosesini davam etdiririk. Ümid edirik ki, cənab Prezidentin apardığı siyasət nəticəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunlarının bərpasını tezliklə həyata keçirə biləcəyik. Bu ərazilərdə 30 il məcburi köçkün olan vətəndaşlar qayıdıb, öz ata-baba yurdlarında xoşbəxt yaşayacaqlar.

Cənab Prezidentin apardığı islahatlar nəticəsində siyasi sahədə də inkişaf var. Bildiyiniz kimi, Prezident Administrasiyasında müvafiq şöbələr yaradılıb. Eyni zamanda, ölkəmizdə yenidən parlament seçkiləri keçirildi. Hakim Yeni Azərbaycan Partiyası islahatlara getdi və Nizamnaməsində dəyişiklik edildi, rayon təşkilatları formalaşmağa başladı. Bütün bunlar ölkəmizdə aparılan islahatların tərkib hissəsidir.

Hesab edirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda siyasi, iqtisadi, mədəni və digər sahələrdə islahatlar davam etdiriləcək və Azərbaycan daha böyük uğurlara imza atacaq”.

Gununsesi.info